ABŞ-ın məşhur “Vaşinqton Tayms” qəzetinin 7 sentyabr sayında “America and Western allies must push back against Russia’s assault on its neighbors” (“Amerika və Qərb müttəfiqləri Rusiyanın qonşularına qarşı hücumlarına müqavimət göstərməlidir”) adlı məqalə dərc olunub. Müəllif Pol Miller məqalədə Azərbaycan üçün də önəmli olan məqamlara toxunub. araz.az Musavat.com-a istinadən sözügedən yazını təqdim edir: “Rusiyanın Belarus üzərindəki nüfuzunun genişlənməsi Moskvanın ABŞ-a siyasi müdaxilə cəhdlərinin və Amerikanın xaricdəki qüvvələrinə qarşı fəaliyyətlərinin davamıdır. Bu hadisələr son 20 ildə Rusiyanın siyasətini müşahidə edən heç kəsi təəccübləndirmir, çünki Rusiya yaxın qonşuluğunda eyni hibrid üsullardan istifadə edir. Rusiya siyasi təxribat, birbaşa hərbi əməliyyat və enerji (əsasən təbii qaz) təchizatı sahələrində manipulyasiya edərək qonşularını zəiflətməyə və öz əhatə dairəsinə çəkməyə çalışır. Görünür ki, bu həm Moskvanın post-imperiya həsrətindən, həm də keçmiş Sovet respublikalarının Qərbə yaxınlaşması ilə bağlı Rusiyanın açıq-aydın paroniyasından qaynaqlanır. Moskva üçün qonşuların hər hansı bir müstəqillik əlaməti Qərbin mühasirəsinin sübutudur.
Bu yaxınlarda Rusiya qardaş ölkə olan inadkar Belarusu iflas ssenarisinə sürükləməyi bacardı. Kremlin müəyyən etdiyi normadan artıq Qərblə yaxınlaşan Belarusun eksentrik Prezidenti Aleksandr Lukaşenkoya dərs vermək əzmində olan Moskva müxalifəti sakitcə dəstəkləmiş, bununla da gözləndiyi kimi, Lukaşenkonun mübaliğəli və Qərbin eyni dərəcədə güman edilən reaksiyasına səbəb olmuşdu.
Lukaşenkonun Moskvaya tamamilə təslim olması ilə hakimiyyətdə qalmasından və ya müxalifətə növbəti seçkilərdə güzəştə getməsindən asılı olmayaraq, Rusiya Belarus üzərində tam nəzarəti effektiv şəkildə geri qaytarmaqla və SSRİ-2 layihəsini yenidən işə salaraq qalib gəlir. Hadisələrin bu dinamikası digər postsovet dövlətləri üçün xəbərdarlıq təşkil edir.
Moskva bütün üsullardan istifadə edərək dünyanın strateji regionlarından olan, Rusiyanın ən müstəqil qonşusu Azərbaycana təzyiq göstərməyi qərara alıb.
İyul ayında Moskvanın itaətkar müttəfiqi və regiondakı əlaltısı Ermənistan tərəfindən Azərbaycana qarşı sərhəd hücumu Avropa və Asiyanı birləşdirən enerji və nəqliyyat yollarının keçdiyi ərazidə baş verdi. Bu dəhlizlərin Rusiya və İrandan keçməyən yeganə xətlər olması Rusiyanın qonşularına müdaxiləsinə geosiyasi çalar qatır.
Bu hadisələr Xəzər dənizi qazını Avropaya çatdırmaq və əsas regional enerji bazarı olan Türkiyəyə qaz tədarükçüsü kimi Rusiyanı əvəz etmək iqtidarında olan Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan tərəfindən tamamlanması ilə üst-üstə düşdü. Qeyd olunmalıdır ki, bu, həmçinin İranın Türkiyəyə qaz təchizatının kəskin dərəcədə azalmasına təsadüf etdi.
Azərbaycan mediasında iyul ayında hərbi əməliyyatlar zamanı və sonrakı həftələrdə Ermənistana Rusiya silahlarının daşınmasını əks etdirən xəbərlər yayımlandı.
Məlumatlarda hərbi yüklərin uçuş vaxtları, rəqəmlər və xəritələr əks olunaraq, marşrutun Azərbaycan və Gürcüstan hava məkanından yan keçməsi, İran üzərindən həyata keçirildiyi göstərilib. Ermənistana bütün uçuşlar İran üzərindən həyata keçirilərək, mövcud Ermənistan-Rusiya-İran regional ittifaqını möhkəmləndirməkdədir.
Bununla yanaşı, bir daha İran üzərindən olmaqla uçuşların bir çoxu Ermənistandan Suriyaya həyata keçirilib. Bu, Bəşər Əsədin dəstəklənməsi üçün Ermənistanın ruslarla birgə Suriyaya qüvvələr göndərməsi ilə uzlaşır. Ermənistanın Müdafiə naziri David Tonoyanın 23 avqust tarixində Moskvada verdiyi şərhlərdə “Ermənistan və Rusiyanın eyni düşmənləri var” ifadəsi də bu xüsusda təəccüb doğurmur.
Azərbaycan rəsmiləri isə Rusiyadan narazılığı açıq şəkildə ifadə edir.
Avqust ayında Prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin ilə geniş şəkildə ictimailəşdirilmiş telefon danışığı zamanı Ermənistana silah təchizatı ilə bağlı izahat tələb etdi və Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiyanın Müdafiə naziri Sergey Şoyqu tərəfindən məsələ ilə bağlı verilmiş məlumatın qənaətbəxş olmadığını bəyan etdi.
Görünür ki, qeyd edilən birbaşa hərbi təzyiqdən əlavə, Rusiya siyasi müdaxilədən istifadə edir və keçmiş idarəçilərin Qərb təhsilli texnokratlar ilə əvəz olunması istiqamətində cənab Əliyevin səylərinə maneə törətməyə cəhd edir.
Buna cavab olaraq, Kremlin Bakıdakı ən aşkar adamı, hazırda Bakını Rusiyaya münasibətdə ehtiyatlı olmağa səsləyən və hökumətə qarşı meydan oxuyan 83 yaşlı keçmiş kommunist ideoloq və uzun müddət Administrasiya rəhbəri olan Ramiz Mehdiyevi aktivləşdirdiyi görünür. Cənab Əliyevə qarşı cənab Mehdiyevin ən radikal müxalifət qüvvələri ilə uzun müddət əməkdaşlıq etdiyi aşkardır.
Moskvanın bütün vasitələrini Qərb müttəfiqlərinə və mənafelərinə qarşı bu qədər asanlıqla istifadə etməsi şəraitində ABŞ daha fəal, proaktiv və praqmatik olmalı, dostlarını gücləndirməklə düşmənlərinə qarşı tədbirlər görməlidir”.
araz.az
araz.az xəbər portalı.