sahin“134 stansiya heç bir görüşdə, heç bir iclasda heç kəsə verilməyib”

Ümid Partiyasının sədri İqbal Ağazadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan işğal olunmuş ərazilərindəki 134 tezliyin Ermənistana verildiyini iddia edib. Onun sözlərinə görə, 134 tezliyin Ermənistan tərəfinə verilməsi ilə bağlı nazirliyə müraciət etsə də, onun müraciətinə cavab verən olmayıb.

AzNews.az xəbər verir ki, NRYTN-nin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov “Mir Şahinin vaxtı” verilişində iddialarla bağlı bir çox məsələlərə aydınlıq gətirib. O, yayılan məlumatların əsassız olduğunu bildirib:

“Qeyd edildiyi kimi, 134 stansiya heç bir görüşdə, heç bir iclasda heç kəsə verilməyib. Belə bir məlumat tamamilə yanlışdır. Əslində bizim Beynəlxalq Telekommunikasiya İttifaqına göndərdiyimiz müraciətlərdə biz Azərbaycanın stansiyalarının BTİ-da qeydə alınması ilə bağlı müraciət etmişik. Biz bütün region ölkələri ilə bunları razılaşdırmışıq. Sadəcə Ermənistan tərəfindən əsassız olaraq bu stansiyaların qeydiyyata alınmasına etirazlar olub. Bu etirazların nəticəsi olaraq biz BTİ-yə şikayət etmişik və onların əlaqələndirilməsi ilə 2019-cu ildə bizim texniki ekspertlərin 3 görüşü keçirilib. Orada biz Ermənistanın şikayətlərinin əsassız olduğunu sübut etmişik, onların qeyri-konstruktiv mövqelərini diqqətə çatdırmışıq və ermənilər etdikləri etirazları geri götürüblər. 134 FM stansiyalara etirazlar paritet əsasda həm Azərbaycan, həm də Ermənistan tərəfindən geri götürülmüş və onların BTİ-nin registri deyilən sənədində artıq qeydiyyata alınması prosesi başlayıb”.

Ş.İsmayılov “BTİ ilə aparılan müzakirənin nəticəsi olaraq ortada hansısa sənəd varmı?” sualına belə cavab verib:

“Təbii ki, BTİ-nin üçtərəfli formatda keçirilən görüşünün prosedur qaydasına, ittifaqın özünün reqlamentinə uyğun olaraq keçirilən görüşlər protokollaşdırılır. Həmin o protokollarda qeydlər olur ki, tərəflər nəyi müzakirə etdilər, növbəti addımlar nədən ibarətdir və bundan sonra hansı proseslər planlaşdırılır, hansı stansiyaların üzərində müzakirələr aparılıb. Belə protokollar BTİ tərəfindən hazırlanıb və təbii ki onlar həm bizim nümayəndələr, həm də qarşı tərəfdən imzalanıb. Bunlar BTİ-nin reqlamentinə uyğundur. Bu sənədlərin olması bizim üçün də ona görə vacibdir ki, biz bir neçə dəfə BTİ-na müraciət etmişik ki, bizim stansiyaların qeydiyyata alınması ilə bağlı Ermənistanın şikayəti əsassızdır və bizə bu məsələləri həll etmək lazımdır, Ermənistan tərəfi dəfələrlə bu görüşlərdən yayınıb, dediyi fikirləri sonradan təkzib edib. Bunun üçün BTİ təklif etdi ki, yaxşı olar əlimizdə protokollar olsun. Bununla da Ermənistan tərəfi əvvəllər baş verdiyi kimi, heç bir yayınma hallarına yol verməyəcək”.

Ş. İsmayılovun sözlərinə görə, Ermənistan tərəfinin etiraz etdiyi stansiya sayı əslində 134 deyil:

“Etiraz olunan stansiyaların sayı əslində 134 deyil. Azərbaycan ərazisində yerləşən daha çox stansiyalardan – 200-ə yaxın stansiyalara etirazlar var. Biz əvvəlki keçirilən 3 görüşdə yalnız 134 stansiya ilə bağlı Ermənistan tərəfinin etirazının geri götürülməsinə nail ola bilmişik. Aidiyyəti dövlət orqanlarının yaxından dəstəyi və diplomatik kanallar vasitəsilə, BTİ ilə əlaqədə olmaq şərtilə qalan stansiyalara etirazların geri götürülməsi ilə bağlı işlər aparılır. Bu proseslər davam etdirilir, bunun nəticəsi ilə bağlı ictimaiyyətə məlumat verəcəyik”.

Ş.İsmayılov bildirib ki, Ermənistan heç zaman Azərbaycan ərazisində yerləşən stansiyalara iddia etməyib və edə də bilməz. Çünki bu, BTİ-nin qaydalarına ziddir:

“Bu məsələlər heç bir zaman müzakirə mövzusu olmayıb. Ermənilərin iddia etdiyi sadəcə Azərbaycan ərazisində yerləşən stansiyaların guya Ermənistan ərazisində yerləşən stansiyalara maneə təsiri törətməsidir. Burada əsas məsələ coğrafi relyef məsələsidir. Təsəvvür edin, Ermənistan tərəfinin etiraz etdiyi stansiyaların bir çoxu Bakı şəhərində yerləşir, ölkəmizin şimal Quba və cənub Lənkəran bölgəsində yerləşir. Relyef baxımından bizim dalğaların o tərəfə keçməsi, stansiyalarımızın orada maneə təsiri yaratması qeyri-mümkündür. Bunlar onu göstərir ki, bu etirazlar əsassız və qərəzlidir. Söhbət sərhədyanı stansiyalardan getmir. Söhbət Azərbaycanın daxilində yerləşən stansiyalardan gedir.

BTİ BMT-nin institutu olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. Ermənistan tərəfindən işğal edilmiş ərazilərimiz və orada yerləşən stansiyalar hamısı Azərbaycanın adınadır və onlar qeydiyyata alınmayıb. Bu günə qədər protokollar imzalanmış danışıqlarda işğal olunmuş ərazilərdəki, eyni zamanda sərhədyanı stansiyalar müzakirə və danışıqların mövzusu olmayıb və bununla bağlı heç bir sənəd imzalanmayıb”.

Nazirlik rəsmisi Azərbaycan tərəfinin hansı stansiyalardan etiraz verməsi sualını belə cavablayıb:

“Azərbaycan tərəfi Ermənistanın atdığı addımlara adekvat olaraq onların ərazisində yerləşən stansiyaların BTİ-də qeydiyyata alınmasına etiraz edirdi. Bizim BTİ-yə çoxsaylı şikayətlərimiz olmuşdu ki, bizim stansiyalar qeydiyyata düşə bilmir. Səbəb də odur ki, Ermənistan bizim stansiyalara etiraz edir. Bundan sonra BTİ Cenevrədə öz mənzil qərargahında həm Azərbaycanın, həm Ermənistanın yalnız texniki nümayəndələrinin iştirakı ilə iclas keçirdi. Bu iclaslar nəticəsində protokollar imzalandı. Orada bizim texniki nümayəndələrimiz xəritələrlə sübut etdilər ki, Ermənistanın etirazları əsassızdır. Ermənistan etirazını geri götürəndən sonra biz də etirazımızı geri götürdük.

Ş.İsmayılov əks halda Azərbaycan tərəfini gözləyən riskləri belə sadalayıb:

“Bunu etməsəydik, birinci efir təhlükəsizliyinin təmin edilməsində çətinlik yaşayırıq. İkincisi, həmin stansiyaların mühafizəsinin təşkilində çətinlik yaşayırıq. Hər hansı bir müdaxilə aktı ola bilər. Ona etiraz etməyimiz, onu aradan qaldırmaq üçün əlimizdə heç bir əsas olmur. Biz BTİ-yə müraciət edirik, onlar deyir ki, sizin stansiyanız qeydiyyata düşməyib. Sizin stansiyanızı tanımırıq.

Üçüncü məsələ, həmin stansiyalar üzərindən tezliklərin yayımında heç bir yeni texnologiyaların təminatını həyata keçirə bilmirik. Sabah stansiyalar üzərindən yeni yayım prosesinə başlamaq istəsək, bunu edə bilmirik”.

Ş.İsmayılov sonda səsləndirilən iddiaların qərəzli olduğunu bildirib:

“İnsanlar əmin ola bilərlər ki, Azərbaycanın maraqları iclaslarda tam qorunub. Azərbaycanın haqlı mövqeyi əsaslı sübutlarla təsdiq olunub və eyni zamanda bizim stansiyalara oluna biləcək hər hansı müdaxilələrin qarşısının alınması ilə bağlı addımlar atılıb və bundan sonra atılacaq. Bununla bağlı qərəzli mövqelərin heç bir əsası yoxdur”.

araz.az

araz.az xəbər portalı.