“Azərbaycanda indiki idarəetmə sisteminin formalaşmasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin böyük rolu olub. Kimlərinsə bu idarəetmə sistemini demokratik hesab edib- etməməsi ayrı mövzudur. Hər halda bu, qapalı idarəetmə sistemidir və dövlət məmurlarına həddən artıq geniş səlahiyyətlər verən, habelə onların yanlışlıqlarını ört-basdır edən sistem kimi də nəzərdən keçirilməlidir. Dövlət başçısı artıq bir müddətdir ki, idarəetmənin, siyasi sistemin yeniləşməsi, komandaya yeni kadrların cəlbi ilə bağlı siyasət aparır. Bu siyasət son dövrlər uğurla həyata keçirilir. Məhz bu səbəbdən də Ramiz Mehdiyev yaratdığı idarəetmə sistemindən kənarlaşdırılıb. Bu addım da dövlət başçısının həyata keçirdiyi islahatlar fonunda nəzərdən keçirilməlidir”.
Bunu Aydınlar Partiyasının sədri, keçmiş deputat Qulamhüseyn Əlibəyli Ramiz Mehdiyev ətrafında yaranan vəziyyəti Reyting.az-a şərh edərkən deyib.
Q. Əlibəylinin fikrincə, R. Mehdiyev uzun illər dövlət aparatında aparıcı rola malik olan, bir çox məsələləri həll edən, hətta şəxsi mənafelərini yoluna qoyan şəxs kimi indi üzləşdiyi vəziyyətlə barışmaq istəmir: “Ona görə də hakimiyyətə güc göstərmək istəyir. Ancaq bunun bir nəticəsi olmayacaq. Hakimiyyət indiki siyasətini davam etdirmək niyyətindədir və Mehdiyevin güc göstərməsinin əsası yoxdur”.
Əlibəyli hesab edir ki, Mehdiyev və hakimiyyətə yaxın bir qrup şəxsin üz-üzə gəlməsi, bir-birini ittiham və tənqid etməsi halları olsa da, bunu şərh etməyə dəyməz:
“Ramiz Mehdiyev uzun illər bu hakimiyyətin bir hissəsi olub. Elə indiki vəzifəsi də bunu göstərir. Müşahidə olunan söz davası da hakimiyyətdaxili münasibətlərin təzahürüdür”.
Müsahibimiz qeyd edib ki, R. Mehdiyevdə ayrı-ayrı şəxslər haqqında kifayət qədər kompromat ola bilər:
“Mehdiyev uzun illər idarəetmədə aparıcı rola malik olub. Bir çox informasiyalar onda cəmləşib, bir sıra məsələləri o həll edib. İcra hakimiyyəti sistemində aparıcı rola malik olduğu üçün onun əlində ayrı-ayrı adamlar haqqında məlumatların olmasını təbii hesab edirəm. O ayrı məsələdir ki, bu məlumatlar qanunsuz yolla əldə edilib. Onun son açıqlaması da bir növ hakimiyyətə hədə-qorxu gəlmək istəyindən doğur. Onun zamanında yetişdirib ortaya çıxardığı şəxslərin indi ona qarşı çıxması sözsüz ki, Mehdiyevi incidir. Düşünür ki, bu şəxsləri vəzifədə özü irəli çəkib və bunlar ona qulaq asmalıdırlar”.
Sonda Q. Əlibəyli bildirib ki, R. Mehdiyevin əlində kompromatlar olsa da, onu təzyiq vasitəsi kimi istifadə etməsi real görünmür:
“Bir neçə il əvvəl Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin də əlində xeyli informasiya var idi. Həmin materiallarla savaş aparmaq niyyətinə düşsə də, uğur əldə edə bilmədi. Hesab edirəm ki, belə informasiyalı adamlar nələrsə açıqlaya bilərlər, amma bunun, ümumi siyasətin dəyişməsinə təsiri olmayacaq”.
Reyting.az
araz.az xəbər portalı.