2049208aecc158d764da7a47e472c614.jpg


 ABŞ prezidentinin nə qədər irəli gedəcəyini demək çətindir, amma böyük qarşıdurmanın “ayaq səsləri” hiss olunur

İranın müdafiə naziri general Əmir Hatəminin Bakıya səfəri ilə eyni gündə dünya mediasına ABŞ-ın İranla uzunmüddətli münaqişəyə hazırlaşdığı ilə bağlı yazılar yayıldı. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster 2018-ci ilin birinci yarısı İslam respublikasına hücum etmək üçün əsl vaxt olduğunu deyib.

Əlbəttə, ilk baxışda iki xəbər arasında bağlantı  görünməyə bilər. Amma söhbət İran-ABŞ toqquşması ehtimalından gedirsə, bu hərəkətliliyi bir yerdə oxumaq lazımdır. Məsələ ondadır ki, 8 illik Obama hakimiyyəti illərində ABŞ İran, Kuba kimi düşmənlərlə barışdı. İranla uzun sürən danışıqların nəticəsində BMT TŞ-nin 5 daimi üzvü və Almaniyanın qatıldığı “altılıq” qrupu ölkələr arasında nüvə sazişi imzalandı. Bu saziş İranın nüvə silahı əldə etməsinin qarşısını alır və nüvə fəaliyyətini beynəlxalq nəzarət altına alırdı. Bunun qarşılığında İrana nüvə işi ilə bağlı tətbiq olunan sanksiyaların bir qismi götürüldü, İran xarici banklarda dondurulmuş pullarının bir qismini ala bildi. Lakin təbii ki, bu anlaşma Yaxın Şərqdəki münaqişələrə təsir etmədi.

Ancaq Obamadan sonra prezident seçilən Donald Tramp özündən əvvəlki prezidentin tutduğu xəttin əksinə olaraq daha çox sələfi Corc Buşun yolunu tutdu. Tramp vəzifəyə gəldikdən dərhal sonra Obamanın İranla bağlı xəttini tənqid etdi və İranı terrorizmin əsas dəstəkçisi adlandırdı. Təbii ki, bənzər açıqlamalar Tehrandan da gəldi. Oktyabrda isə Tramp bəyan etdi ki, nüvə anlaşmasını təsdiqləməyəcək və yenidən baxılmaq üçün Konqresə göndərəcək. Yaxın Şərqdə baş verən son hadisələr də göstərir ki, İran-ABŞ gərginliyi ən üst səviyyədədir.

Trump İran war ile ilgili görsel sonucu

İndi isə sual yaranır: ABŞ nədən İranla müharibə etmək istəyir? Axı əslində məntiqlə həmin ABŞ dövləti, onun kəşfiyyat, ordu qurumları iki il əvvəl İranla nüvə razılaşması əldə olunanda uyğun müsbət rəy vermişdi. Razılaşma əldə olunanda ABŞ-ın uyğun qurumları bəyan etmişdilər ki, bu anlaşma İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq. Ancaq üstündən iki il keçməmiş ABŞ rəhbərliyi bunun əksinə qərar verir. Bu da onu göstərir ki, məsələ nüvə silahı problemi deyil, ortada başqa səbəblər var.

ABŞ-İranla qarşı-qarşıya gətirən Yaxın Şərqdəki maraqları, o cümlədən İsraildir. İran Yaxın Şərqdə ABŞ-ın özü ilə birbaşa və müttəfiqləri ilə münaqişə vəziyyətindədir. Yəməndə İranın dəstəklədiyi üsyançılar hakimiyyəti ələ keçirib və günü-gündən daha da möhkəmlənirlər. İraqda iqtidarda İrana loyal yanaşan qruplardır. Suriyada İranın təsiri müharibədən əvvəl olsa da, indi qat-qat güclənib. Eyni zamanda ərəb dövlətlərinin Fələstin məsələsində qətiyyətsiz mövqe tutması səbəbindən sülh prosesi yarımçıq qaldı və hazırda Livan və Fələstində İranla müttəfiq olan müqavimət qrupları sürətlə nüfuz qazanır. Yəni Yaxın Şərqin bütün ölkələrində İran və ABŞ maraqları toqquşur. Ən böyük təhlükə isə İsrailə qarşıdır. İsraildə və Qərbdə də anlayırlar ki, uzun illər davam edən müharibələrdən sonra çox ciddi döyüş təcrübəsi qazanmış region ölkələrindəki silahlı qruplar günlərin birində arxalarındakı güclə İsrailə hücum etsələr amansız müharibə olacaq. Daha əvvəl İsrail inkişaf etmiş, böyük döyüş təcrübəsi olan hərbiyyəsi və regiondakı avtoritar ərəb rejimlərinə təsir etməklə böyük müharibənin qarşısını alır. Ancaq indi İran kimi dəstəkçisi olan silahlı birliklər İsrail üçün təhlükə mənbəyidir.

Trump İran war ile ilgili görsel sonucu

Bu səbəbdən də hazırkı ABŞ administrasiyasının İranla birbaşa savaşa girməsi riski günü-gündən yüksəlir. Bunu bir formada Münhen Təhlükəsizlik Konfransında İsrailin baş naziri Benyamin Netanyahu da bəyan etdi.

Hələlik ABŞ-la İran arasında Avropa Birliyi var. Çünki Avropa yeni müharibənin olmasını istəmir. Məsələ ondadır ki, hazırkı Yaxın Şərqin xəritəsini 100 il əvvəl Avropa ölkələri – Britaniya və Fransa çəkib. Və hələ də bu ölkələrin Yaxın Şərqdə ciddi təsirləri var. İkincisi, növbəti müharibə həm böyük qaçqın ordusu, iqtisadi tənəzzül, bazarları itirilməsi və nəhayət, ABŞ-ın rolunun artması anlamına gələcək. Sadalanan bütün faktorlar Avropanın maraqlarına uyğun deyil. Əksinə, AB ölkələri, xüsusən də Fransa, Almaniya kimi dövlətlər İran kimi bazara daxil olmaq, əlverişli müqavilələr əldə etməyə çalışırlar. Artıq “Airbus” şirkəti İrana 100 ədəd təyyarə satışı müqaviləsi imzalayıb. İlk 20 təyyarə isə təhvil verilib. Almaniyanın isə 100-dən artıq şirkəti İranda iş qurmaq üçün bu ölkədə təmsilçilik açmağa hazırlaşır. Müharibə bütün bunlardan imtina edib yeni fəlakətlərə hazırlıq deməkdir. Bu səbəbdən də hazırda AB Trampın İran siyasətinə ciddi müqavimət göstərir. Yeri gəlmişkən, son aylarda İranda baş verən iğtişaşları da ABŞ-la qarşıdurmanın “ayaq səsləri” hesab etmək olar.

Qayıdaq başda qeyd etdiyimiz iranlı generalın Bakı səfərinə. İranla Azərbaycan qonşu ölkədir və həmsərhəd ölkələr arasında İrana ən çox təsiri ola bilən Azərbaycandadır. Çünki bir tərəfdən İranla Azərbaycan həm dənizdən, həm də qurudan böyük sərhədə malikdir. İkinci tərəfdən, etnik qohumluq bağları var, İran ərazisində milyonlarla azərbaycanlı yaşayır. Yəni mümkün müharibədə İranın Azərbaycana çox ciddi ehtiyacı ola bilər. Görünür ki, Bakıya gələn iranlı generalın qovluğunda bu mövzular da olub. İran ən pis halda Azərbaycandan xatircəm olmağa çalışır.

Hələlik Trampın hara qədər İran məsələsində irəli gedəcəyini demək çətindir. Təbii ki, birbaşa hərbi müdaxilə böyük riskdir. Ancaq böyük dövlətlərin həmişə bütün variantlar üçün ehtiyat planları olur. Bu isə onu deməyə əsas verir ki, qarşıdakı dövr region üçün çox ciddi sınaq olacaq. Elə Azərbaycan üçün də.

“Yeni Müsavat”

araz.az xəbər portalı.