Ramil Məmmədli: “Hərbçi də insandır və emosiyalarına qapılıb reaksiya göstərə bilər”
Cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun əmri ilə ordudan qovulması barədə xəbərlər yayılıb. İddialara görə, həmin hərbçilər nizamnaməni pozmaq və orduda qadağan olunmuş smartfonlardan istifadə bəhanələri ilə cəzalandırılıblar.
Bu iddialarla bağlı Müdafiə Nazirliyindən bildirilib ki, həmin hərbçilərin erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır: “Bu deyilənlər uydurmadır. Baş verənlərlə bağlı bunları bəyan edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və video görüntülərini çəkərək yaxın qohumarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”.
Lakin hərbçilərlə bağlı Nazirliyin verdiyi qərar cəmiyyətdə birmənalı qarşılanmayıb və narazılığa səbəb olub. Ölkə vətəndaşları hesab edirlər ki, ən azı mənəvi baxımdan hərbçilər belə bir aqibətlə üzləşməli deyildilər.
Ümumiyyətlə, mövzu düşmənlə qarşıdurmadan gedirsə, daha yüngül töhmətlə məsələyə xitam vermək olmazdımı? Yaxud, belə məqamlarda hərbçilər və hərbi rəhbərlik necə davranmalıdır?
Mövzu ilə bağlı AYNA-ya açıqlama verən hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, məsələyə ikitərəfli yanaşmaq lazımdır: “Birinci yanaşma əlbəttə ki, mənəvi yanaşmadır. Bizim hər birimiz üçün hər bir Ermənistan əsgəri, hərbçisi düşməndir və bu baxımdan da Azərbaycan ərazisinə qanunsuz yolla soxulan istənilən düşmən ən ağır şəkildə cəzanlanmalıdır. Bu, məsələnin birinci tərəfidir”.
Ekspert məsələnin ikinci tərəfinin daha fərqli olduğunu deyib: “İkinci yanaşma isə daxili xidmət nizamnaməsi və qanunvericiliklə bağlıdır. Dünyanın bütün ölkələrinin ordularında, o cümlədən Azərbaycanda smartfon (“ağıllı telefon”) tipli telefonların istifadəsinə qadağa var. Bu qadağanın səbəbləri də hamıya məlumdur. Yəni ki, bu telefonlardan istifadə edərkən düşmən tərəfi müxtəlif texniki vasitələrdən istifadə edərək hərbi qulluqçunun yerini müəyyənləşdirə bilər. Həmin telefonda mövcud olan vacib informasiyaları əldə etmək üçün düşmənin radioelektro mübarizə qurğuları rahat şəkildə bu prosesi həyata keçirə bilir. Lakin həm də unutmaq lazım deyil ki, hərbçi də bir insandır və emosiyalarına qapılıb reaksiya göstərir”.
“Lakin bütün bunlar hər şeydən əlavə hərbi qulluqçunun qaydaları pozmasıdır. Bundan əlavə, hərbi qulluqçunun yaydığı videogörüntüdən sonra Azərbaycan dövləti beynəlxalq təşkilatlar qarşısında çətin vəziyyətlə də üzləşə bilər. Yəni Azərbaycandan əsirə qarşı necə hərəkətlər edilməsi tələb oluna bilər. Əlbəttə ki, erməni bizim düşmənimizdir və hər birimiz bizi öldürməyə gələn düşməni ələ keçirəndə yəqin ki, bu formada, hətta bundan daha sərt davarana bilərik. Amma bunu yaymaq, sosial şəbəkələrdə paylaşmaq bu səbəblərə görə doğru deyil. Çünki nəticədə belə bir problem yaranır. Ona görə də bunu edən hərbi qulluqçulara qarşı indi hər hansı bir cəza tədbiri həyata keçirilməsə, belə hadisələrin sayı daha da çox ola bilər”, – Məmmədli bildirib.
Müsahibimiz əlavə edib ki, paylaşılan videogörüntülərdə digər hərbi qulluqçuların və mövqelərin görüntüsü olduğu üçün məsələyə birmənalı yanaşmaq olmaz: “Yəni, məsələyə mənəvi tərəfdən baxıldığı kimi, qanuni və hüquqi tərəfdən də baxmaq lazımdır. Deyək ki, hüquqi tərəfdən beynəlxalq təşkilatların rəyinə məhəl qoyulmadı. Amma məsələ həm də Azərbaycan qanunlarının, hərbi nizamnamənin pozulmasından gedir. Məhz buna görə bu videonu çəkib paylaşanlar cəzalanmalı idilər”.
araz.az xəbər portalı.