akif-nagi.jpg


 Sərkisyan və Köçəryan beynəlxalq axtarışa verilməlidir.

Araz.az xəbər verir ki, bu sözləri Axar.az-a Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı erməni ictimai xadim Marina Qriqoryanın Ayaz Mütəllibov və Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsi haqqında açıqlamasını şərh edərkən söyləyib.

“Ermənilərin heç bir haqqı yoxdur ki, Şahin Tağıyev və ya Ayaz Mütəllibovu beynəlxalq axtarışa versinlər. Hər bir azərbaycanlı öz torpağı uğrunda mübarizə aparıb və torpağını müdafiə edib. Biz Ermənistanda vuruşmamışıq. Düşmən bizim üstümüzə gəlib və Şahin Tağıyev də hansısa döyüşdə erməniləri məhv edibsə, bunu özünü, torpağını müdafiə üçün edib. Qriqoryanın bu sözləri mənasız bir açıqlamadır. İnanmıram ki, kimsə buna ciddi yanaşsın. Əksinə, məncə, müharibəni törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu sırada Robert Köçəryandan tutmuş Serj Sərkisyana qədər hər kəs dayanmalıdır. Onların hamısı Azərbaycana qarşı cinayət törədiblər. Bu insanlar hərbi canidirlər. Xocalı soyqırımında şəxsən Serj Sərkisyanın və Robert Köçəryanın özü iştirak edib. Bu adamlar ədalət qarşısında cavab verməlidirlər. Qriqoryanın açıqlaması çox mənasızdır”, – Akif Nağı bildirib.

Qeyd edək ki, az öncə Ermənistanın ictimai xadimi Marina Qriqoryan eks-prezident Ayaz Mütəllibov və Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini tələb edib.

Şahin Tağıyev hazırda İsveçdə yaşayır. O, Qarabağ müharibəsi zamanı “Qurtuluş” batalyonunun rəhbəri olub. Müharibədən sonra bir müddət Qarabağ Azadlıq Təşkilatının sədr müavini kimi çalışıb.

araz.az xəbər portalı.