300377İlqar Vəlizadə: “Məlum olmayan bu müharibənin vaxtıdır”

Son vaxtlar erməni təxribatlarının artması, Qarabağ cəbhəsində yenidən irimiqyaslı hərbi əməliyyatların başlaya biləcəyi ilə bağlı ehtimalları aktuallaşdırmaqdadır. Bəs bu ehtimallar nə dərəcədə əsaslıdır?

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə müharibə ehtimalının kifayət qədər real göründüyünü vurğuladı:

“Tarixə nəzər salsaq göğrərik ki, nə vaxt ki, müharibəyə hazırlıq gedirsə, müharibə də olur. Sadəcə, müharibənin başlaması üçün müəyyən təkan lazımdır. Hərbi büdcənin artırılması, cəbhə və ya sərhədyanı zonalarda atılan müəyyən addımlar müharibəyə hazırlığın əsas göstəriciləri sayıla bilər. Irimiqyaslı təlimlərin çoxalması, təmas xəttində toqquşmaların artması da bu hazırlığın bir hissəsidir.

Bildiyiniz kimi, Ermənistan zaman-zaman təxribat xarakterli bəyanatlarla çıxış edir. Ermənistan hərbi-siyasi rəhbərliyi tez-tez Qarabağda peydə olur, hərbi hissələrə baş çəkir, oradakı hərbi infrastrukturu gücləndirməyə çalışırlar. Yəni Ermənistan tərəfinin də müharibəyə hazırlaşdığı göz önündədir. Lakin bu müharibə nə vaxt olacaq, bunu dəqiq demək mümkün deyil. Çox güman ki, düşmənin növvbəti təxribatlarından biri belə bir müharibəni tətikləyə bilər. Tovuz hadisələri göstərdi ki, düşmən hər an hər yerdə – həm sərhəd, həm də cəbhə xəttində təxribata əl ata bilər. Müharibənin başlaması da bu təxribatın miqyasından asılı ola bilər. Bir sözlə, vəziyyət bizdən hər an müharibəyə hazır olmağı tələb edir”.

Seymur ƏLİYEV

araz.az xəbər portalı.