“O, rus səfiri əmin etməyə çalışıb ki, təcrübəli bir dövlət xadimi kimi Rusiya ilə münasibətləri korlayan hökumətlə hər hansı əlaqələr qurmaqda maraqlı ola bilməz…”
“Deyəsən, işğalçı ölkənin üzdəniraq baş nazirinin ayaqları artıq göydə qalıb…”
Xəbər verdiyimiz kimi, dünən – sentyabrın 9-da axşam saatlarında Ermənistanın birinci prezidenti, Ermənistan Milli Konqresi(”EMK”) partiyasının lideri Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkinlə öz malikanəsində görüşüb. Ancaq iki saatlıq görüşün əsas mövzusu barədə açıqlama verilməyib.
Moderator.az xəbər verir ki, Ermənistanın politik.am saytı “EMK”-dakı mənbələrinə istinadla Rusiya səfirinin Ter-Petrosyanla görüşünün gözlənilməz təfərrüatlarını açıqlayıb.
Əvvəla, görüşün Ter-Petrosyanın təşəbbüsü ilə baş tutduğu bildirilir. Ən əsası, işğalçı ölkənin keçmiş liderinin öz adının mövcud hökumətlə əlaqəli olmasından narahat olduğu bilinib. Ermənistanın ilk prezidenti işğalçı ölkənin strateji müttəfiqi olan Rusiyanın rolunu dərk edərək səfirlə görüşü zamanı çoxsaylı “fakt”lara istinadla mövcud hökumətlə heç bir əlaqəsi olmamasında israr edib. Ter-Petrosyan səfiri əmin etməyə çalışıb ki, təcrübəli bir dövlət xadimi kimi Rusiya ilə müttəfiq münasibətlərini korlayan iqtidarla hər hansı əlaqələr qurmaqda maraqlı ola bilməz…
Erməni eks-prezident artıq təqaüddə olduğunu və siyasi maraqlarının olmadığını vurğulayaraq Paşinyana görə onunla pis münasibətlər qurulmamasını xahiş edib.
Erməni nəşri qeyd edir ki, Ter-Petrosyanın Rusiya səfiri ilə görüşü Nikol Paşinyan hökumətinin devrilməsinin qaçılmaz olduğunu göstərir. Həmkarlarını uğursuzluğa “atmaq” Ter-Petrosyanın çoxdankı metodudur…
Xəbərdə o da xatırladılır ki, 2015-ci ildə “Çiçəklənən Ermənistan” partiyasının lideri, hazırda Paşinyana qarşı da müxalifətdə olan Qaqik Tsarukyanla keçmiş hakimiyyətə qarşı mübarizə haqda danışıqlar apararkən Ter-Petrosyan həlledici anda o vaxtkı prezident Serj Sarkisyana açıq bir məktub yazaraq və bundan sonra onunla görüşüb. Nəticədə o, əslində oyundan ayrılıb və tək buraxdı. Görünür, indi də Ter-Petrosyan hadisələrin mümkün inkişafını hiss edərək Nikol Paşinyanın hakimiyyətindən qurtulmağa çalışır.
P.S. Deyəsən, işğalçı ölkənin üzdəniraq baş nazirinin ayaqları göydə qalıb. Artıq “xaç atası” , müəllimi hesab edilən Ter-Petrosyan da onun arxasından çəkilir…
Sultan Laçın
araz.az xəbər portalı.