Gəncə Dövlət Universitetinin (GDU-nun) rektoru Yusif Yusifovun “Fizika və Texniki fənnlər” fakultəsinin dekanı Muğan Quliyev tərəfindən aldadılmasına, sonuncunun yüksək etimada dönük çıxmasına dair ciddi iddialar var.
Belə ki, bu günlərdə “Demokratik.Az“-a daxil olan və sensasiya doğura biləcək məlumatları incələdikdə aydın olur ki, Gəncə Dövlət Universitetinin adıçəkilən fakültəsinin “rəsmxət və təsviri incəsənət” ixtisasının bir neçə tələbəsi dekanın maddi maraqları müqabilində əyani təhsilalma qaydalarından yayındırılaraq dərsə davamiyyəti pozublar.
Əsasən, xanım tələbələrin ilboyu dərsə gəlməmələri bir yana, bir neçəsinin hətta Rusiyada olmaları, ailə qurduqdan sonra semestr boyu təhsil ocağında bir dəfə də olsun görünməmələri, lakin asanlıqla qaibsiz qiymətlər almaları rəzalət yaradıb.
Aldığımız məlumatlarda qeyd olunur ki, fakültədə sonuncu kursda təhsil alan elə tələbələr var ki, polis polkovnikinin, hansısa icra başçısının və ya hansısa varlının övladı olmaqla xüsusi imtiyazlarla tələbəçilik edir. Dekan və ətrafı tərəfindən “yola verilənlər”ə özəl münasibət digər tələbə yoldaşlarında isə haqlı ikrah hissləri oyadıb, əksəriyyətinin təhsilə marağını azalda bilib.
“Qiyabiçi-ərköyün” tələbələrdən biri – Aişə Namazovanın (ad şərtidir) 2018-19 tədris ilindən bu yana ümumiyyətlə Rusiyanın Moskva şəhərində yaşadığı, lakin asanlıqla kursdan-kursa keçirlidiyi iddia edilir.
Ümumiyyətlə həmin fakültədə bir çox tələbənin aylığa buraxıldığına dair iddialar bütün universitetdə danışılır. Qruplar üzrə kurskom və tyutorlar vasitəsilə maxinasiyaları ört-bas edənlər rüşvət mexanizmini bir neçə şəxsin adına olan bank kartları vasitəsilə nizamladıqları da ciddi ittihamlar arasında yer alır.
Xatırladaq ki, hələ ötən il bir neçə saytda oxşar ittihamlar yer almışdı. Qrup və kurslar üzrə hansı tələbələrin maddi maraqlar müqabilində “aylıq”da olması sadalanmışdı. Və təkzib edilməmişdi!
İddialarla bağlı fakültə dekanı Muğan Quliyevlə əlaqə yarada bildik. Dekan isə deyilənləri yalan və əsassız adlandıraraq heç bir tələbənin aylığa buraxılmadığını, bu halın müxtəlif səbəblərdən ümumiyyətlə mümkünsüz olduğunu qeyd etdi. Pandemiya dönəmini əsas götürərək tələbələrin onsuz da universitetə aylardır gəlmədiyini yada saldı. Dekan hər vəchlə əvvəlki illərin söhbətini qapatmağa, faktları yalanlamağa çalışdı.
Məlumatlı mənbəmiz isə faktların doğruluğunda israrlıdır. Adının çəkilməsini istəməyən mötəbər şəxsin dediyinə görə, dekan yalan danışır və öz əməllərini xüsusilə rektordan gizlətməyə çalışır. Ona görə də fakültənin fəaliyyətinin ümumiyyətlə dərindən araşdırılmasına, tələbələrin ötən illərdəki davamiyyətinin hüquq mühafizə orqanlarının da iştirakı ilə incələnməsinə ehtiyac var.
Ölkədə olanları anladıq, axı hansısa tələbənin Rusiyada olmasını gizlətmək zatən mümkün deyil. Yetər ki, Dövlət Miqrasiya Xidmətinə müraciət olunsun, vəssalam!..
Mövzu diqqətimizdədir, əlavə məlumat verəcəyik…
Mənbə Demokratik.Az
araz.az xəbər portalı.