Azərbaycanın tanınmış gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı çıxılmaz vəziyyətdə qalması barədə İnstaqram hesabında müraciət yayıb.
araz.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Deyli Meyl” nəşri məlumat yayıb.
“Onlar valideynlərimi aparırlar, indi uşaqlarımı da məndən qoparacaqlar”, – Zeynəb Cavadlı İnstaqram hesabında paylaşdığı videogörüntüdə ağlayaraq bu sözləri söyləyib.
Bundan əlavə, Z.Cavadlı son 9 ay ərzində fiziki və mənəvi istismara məruz qaldığını, təqib olunduğunu iddia edib:
“Uşaqlarımı yadlara təslim edə bilmirəm. Onlar mənimlə necə belə davrana bilərlər? Burada qanun yoxdur. Şeyxin meneceri də məni təqib edirdi. Heç kim mənə kömək etməyə çalışmadı. Dedilər ki, bu, Şeyxin məsələsidir və biz heç nə edə bilmərik. Yemək yox, su yox, heç bir şey yoxdur. Doqquz aydır təqib olunuruq. Qapımı sındıracaqlar və övladlarımı aparacaqlar”.
O, məruz qaldığı təcavüzə dair dəlil olan mobil telefonunun da əlindən alındığından şikayətlənir.
Ürəkləri parçalayan digər detal isə videoda səsi eşidilən balaca uşağın söylədikləridir. O, “bizi heç bir yerə apara bilməzsiniz” deyə villanın həyətində görünən insanlara səslənir.
Nəşr Z.Cavadlının acınacaqlı vəziyyətini Dubayın milyarder hökmdarı Şeyx Məhəmməd Bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Şahzadə Haya ilə müqayisə edib.
Zeynəb dostlarının onunla əlaqə saxlamağa dəfələrlə cəhd göstərdiklərinə baxmayaraq, İnstaqramdakı paylaşımlarından sonra onlarla heç bir əlaqə yarada bilmədiyi üçün dostlarının “tutulduğundan” qorxur.
Zeynəbin dostlarından biri “Daily Mail”ə danışıb: “Uşaqlarını ondan alıb saraya qaytarmağa çalışdıqları üçün özünü otaqda kilidləməli idi. Hamımız çox narahatıq, çünki Zeynəbdən bir neçə saatdır xəbər ala bilmirik. Son 9 ayda çox əziyyət çəkdi. O, Dubaydan uşaqları ilə ayrılıb daha azad bir həyat yaşamaq istəyir. Ümid edirəm ki, o, sağ-salamatdır, amma ona kömək edə biləcək heç kim yoxdur. Zeynəb yardım üçün Azərbaycan səfirliyi ilə də əlaqə saxladı, ancaq edə biləcəkləri bir şey olmadığını dedilər”.
Başqa bir dostu isə belə əlavə edib: “Onu qorxutmağa və təqib etməyə çalışdılar, amma Zeynəb güclüdür və təslim olmaqdan imtina etdi. Uşaqlarını götürərək Dubayı tərk etmək qərarına gəldi, lakin Şeyx buna imkan vermir və müxtəlif yollara əl atır”.
Dubaydakı digər ölkələrdən olan insanların hüquqlarını müdafiə edən “Detained International”ın insan hüquqları üzrə vəkili David Haigh Zeynəbin işindən bir müddətdir xəbərdar olduqlarını bildirib: “Bu vəziyyətdə olan bəzi qadınlar qaçmağı bacardı, amma çox təəssüf ki, əksəriyyət qaça bilmir. Dubayda, ümumiyyətlə, qadınlara qarşı çox pis davranılır. Onlar insan haqlarından məhrum edilir və istədikləri kimi yaşamalarına icazə verilmirlər. Zeynəb zülmə məruz qalan kral ailəsinin üzvüdür. O, hədə-qorxu və təqiblə üzləşir, qorxuram ki, onun üçün bu, yaxşı bir nəticə verməyəcək”.
Qeyd edək ki, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib. Həyat yoldaşı Zeynəbdən 15 yaş böyük olub və bu, şeyxin 3-cü evliliyi idi.
Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğludur.
[bt_youtube url=”https://www.youtube.com/embed/-EFnkkva9b4″ width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.