modern.az 1549474382122 elxan sahin 941“Çin informasiya siyasətini həm ölkə daxilində, həm də ölkə xaricində getdikcə genişləndirir. Pekin informasiya siyasətini 3 istiqamətdə aparır. Birincisi, Pekin özünə lazım olan informasiya axınını yaradır. İkincisi, Pekin dünyada Çin haqqında tənqidi məlumatları neytrallaşdırmağa çalışır. Üçüncüsü, informasiyanı istədiyi ölkələrə və qitələrə çatdırmaq üçün mənbələr formalaşdırır”.

Bu şərhlə Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu çıxış edib. Onun sözlərinə görə, Çin hazırda Afrika qitəsini hədəf seçib:

“Pekin son illərdə Afrika ölkələrinə on milyardlarla dollar yatırım qoyub. Pekin bu yatırımlarla bərabər Afrika ölkələrində informasiya işini də gücləndirir. Misal üçün, Çinin “Sinhua” dövlət agentliyi 2018-ci il üçün Afrika ölkələrində 28 bürosunu açmışdı və bu proses bu gün də davam edir. Çin Afrika ölkələrindən həm informasiya əldə edir, həm də bu ölkələrə informasiya yayır. Çin Afrika ölkələrinə texniki avadanlıqlar göndərir və afrikalı jurnalistlərinə təlimlər keçir. Çin Afrika ölkələrinin media qurumlarının səhmlərini də alaraq bu ölkələrdə informasiya siyasətinin həyata keçirilməsində rol oynamağa başlayıb.

Məsələn, Çin Cənubi Afrika Respublikasının “İndependent Media” qurumunun önəmli payına sahib olub. Çin bu yolla Afrika mediasında uyğurlarla bağlı yazıları senzuraya məruz qoyur. Pekin Afrikada səhmlərini əldə etdiyi medua qurumlarının Çin haqqında yalnız müsbət xəbərlərin və yazıların yayınlanmasına nail olub. 2019-cu ildə Afrikanın 28 ölkəsinin mediasında yayınlanan minlərlə məqalənin araşdırması göstərir ki, Çin haqqında ancaq müsbət yazılar yayınlanır. Buna baxmayaraq, Çin Afrikada bəzi Qərb medialarıyla rəqabətdə geri qalır”.

Politoloq qeyd edib ki, Böyük Britaniyanın BBC media quruluşu Afrikada populyardır: “BBC-nin xarici ölkələrdəki ən böyük bürosu Keniyada yerləşir. Bu büronun 600 jurnalistdən ibarət ştatı var. Çin Afrikada bu geriliyi aradan qaldırmağa çalışır. Misal üçün, mərkəzi Pekində yerləşən “Star Times Network” qrupu Afrikada 20 milyon istifadəçisi olan rəqəmsal televiziyaya malikdir. Bu televiziyanı Çinin dövlət bankları maliyyələşdirir. Beləliklə, Çin informasiya çalışmalarına milyardlarla dollar ayırmağa hazırdır. Əgər Qərbdə bu investisiyaları Afrika ölkələrində özəl media quruluşları həyata keçirirsə, Çinin investisiyaları dövlət tərəfindən müəyyələşdirilir”.

Alçina Amilqızı

Cebhe.info

araz.az xəbər portalı.