Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor
Azərbaycan dilində hər kəlməni, sözü sevmək, onun mənasını və mənalarını duymaq, hətta mövcud olma tarixinə baş vurmaq kəlmələrə, sözlərə olan sevgidir. Kəlmələrə, sözlərə olan sevgi bütövlükdə doğma ana dilinə – Azərbaycan dilinə olan sevgidir. Dünyada hər bir şeyin tarixi vardır: yaranma, mövcudolma, lap elə məhv olub sıradan çıxma tarixi. Bu mənada kəlmələrin, sözlərin də tarixi vardır. Onlar ata-babalarımız, ana-nənələrimiz tərəfindən istifadə olunub, sevgi dolu hisslərlə qorunub, bugünkü günümüzə gəlib çatıb, millətin gələcək nəsillərə çatdıracaq ən böyük dəyərinə və mirasına çevrilibdir. Odur ki, sözləri, kəlmələri və onların mənsub olduğu dili sevmək vacibdir. Bu sevginin ocağını ulularımız söz yarandığı gündən çatıblar, qalayıblar. Həmin oçağın istisi nəsillərin əlaqəsini, insanların münasibətini tənzimləyib, tükənməyən bir möcüzəyə çevrilibdir.
Dil – Azərbaycan dili tükənməyən bir möcüzədir. Bu möcüzə hər an, hər saat, hər gün bizimlədir. O bizim hər birimizin köməyinə çatır, hər birimizin xidmətindədir. Heç kəs ondan doymur, bezmir, əksinə hər dəfə ondan istifadə etməklə yenilənir, təzələnir, əhval-ruhiyyəsi dəyişir, həyat eşqi artır, inam və ümidi güclənir. Bunların hamısını dil, daha doğrusu, dilin möcüzəsi yaradır. İnsan ömrü boyu danışdığı doğma ana dilindən – Azərbaycan dilindən öyrənməli olur, ancaq hər şeyi öyrənib qurtara bilmir. İnsan ömrü boyu doğma ana dilindən – Azərbaycan dilindən, bu dildəki sözlərdən, kəlmələrdən saysız-hesabsız dərəcədə istifadə edir, ancaq həmin sözlər, kəlmələr onu yormur. İnsan yaşamaqdan doymadığı kimi, doğma ana dilində – Azərbaycan dilində danışmaqdan, yazmaqdan da doymur. Məhz möcüzə budur. Buna doğma ana dilinin – Azərbaycan dilinin möcüzəsi demək olar. Dünyadakı heç bir möcüzə ilə bunu müqayisə etmək olmaz. Digər möcüzələr zamanın, dövrün çərçivəsindən çıxdıqda öz möcüzəliliyini itirir. Ancaq dilin möcüzəsi elə bir möcüzədir ki, o bütün dövrlərə və zamanlara aiddir. O bütün dövrlərin və zamanların möcüzəsidir. Allahın yaratdığı insanın özü möcüzə olsa da, o, dünyanın əşrəfi olsa da, yaşamaq, yaratmaq, əlaqə qurmaq üçün dil adlı möcüzəyə borcludur. Ona görə də insan dil adlı möcüzəni sevməlidir. İnsan keçmişinə hörmət edirsə və gələcəyini istəyirsə, dil adlı möcüzəni sevməlidir. Dilə olan sevgi deyəndə türk ədəbiyyat tarixçisi, böyük düşüncə adamı Nihad Sami Banarlının “Türk dilini seviniz! Çünki türklərin ən azı keçmişləri qədər böyük gələcəyi olacaqdır” fikri yada düşür. Bu fikirdən qaynaqlanaraq biz də bu həqiqəti söyləyirik: Azərbaycan dilini sevin! Ona görə ki, azərbaycanlıların ən azı keçmişləri qədər böyük gələcəyi olacaqdır.
Dilin möcüzəli tərəflərindən biri onun dövlətin atributlarından biri kimi işlənməsidir. Azərbaycan dili öz möcüzəsini ilk növbədə dövlət dili kimi yaşatmasında tapıbdır. Azərbaycan dövləti həm də ona görə qüdrətlidir ki, onun dövlət dili Azərbaycan dilidir. Azərbaycan dilinin tarixinin qədimliyi öz yerində, bu dil vasitəsilə zəngin ədəbiyyat, mədəniyyət formalaşıbdır. Heç zaman ölməyən ədəbiyyat, mədəniyyət öz təqdimatını, təsdiqini Azərbaycan dili vasitəsilə tapıbdır. Ədəbiyyatımız, mədəniyyətimiz isə dünyaya açılan və açılacaq qapıların açarıdır. Bir sözlə, həm də o dövlət güclüdür ki, onun dövlət dilində zəngin ədəbiyyatı, mədəniyyəti vardır. Ən qüvvətli dövlət hansıdır? sualı meydana çıxarsa, burada ən dürüst cavablardan biri belə ola bilər: Ədəbiyyatı, mədəniyyəti güclü olan dövlət güclüdür. Elə buradaca Türkiyənin Tənzimat dövründə Xarici İşlər Naziri Keçecizadə Fuad Paşanın Avropa diplomatlarının toplantısındakı verilən bir suala cavabını xatırlamaq yerinə düşər. Hadisə Rusiya çarı Nikolayın və Türkiyə sultanı Sultan Əzizin dövrünə təsadüf edir. Avropa diplomatlarının toplantısında ortaya belə bir sual atılır: Zamanımızın ən qüvvətli dövləti hansıdır? Bu suala Türkiyənin Xarici İşlər Naziri Keçecizadə Fuad Paşa tərəddüd etmədən belə cavab verir: “Osmanlı İmperatorluğu!..” Bu vaxt ondan soruşurlar: “Necə olur?!..” O cavab verir ki, siz xaricdən, biz daxildən var qüvvəmizlə yıxmağa çalışdığımız halda, o hələ də ayaqda durur. Belə hesab olunur ki, Fuad Paşa çox usta və zərif bir diplomat olduğu üçün “Dövləti biz içəridən yıxırıq!” demişdir. Yəni o, “Dövləti biz içəridən yıxırıq!” cümləsi ilə fikrini açıq şəkildə bəyan etməmişdir. Əslində o, usta və zərif diplomat olaraq belə demək istəmişdir: “Siz həm xaricdən, həm də daxildən yıxırsınız!” Bu məqamı xatırlamaqda məqsədimiz ondan ibarətdir ki, tarixboyu Azərbaycanı xaricdən və daxildən yıxmaq istəyənlər az olmayıbdır. Ancaq onların niyyətləri baş tutmayıbdır. Bu niyyətlərin baş tutmaması səbəblərindən biri də onların zəngin Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə qarşılaşmalarından ibarət olub. Bu qarşılaşma zamanı Azərbaycan ədəbiyyatının, mədəniyyətinin pis niyyətlərə qarşı müqaviməti bizə uğur və müvəffəqiyyət gətiribdir. Bizə bu uğuru və müvəffəqiyyəti qazandıran ədəbiyyatımız, mədəniyyətimiz Azərbaycan dilinin möcuzəsi ilə formalaşmış ədəbiyyatımız və mədəniyyətimizdir.
Torpağa, yurda, millətə sevgi ilk növbədə Azərbaycan dilinin özündədir və bu dilin özündən qaynaqlanır. Bu dil Azərbaycanda yaşayan etnik qrupları da – ləzgiləri, talışları, tatları, kürdləri və digərlərini də vətənə, yurda, millətə sevgi üzərində tərbiyə edir və edəcəkdir.
Azərbaycanda yaşayan etnik qrupların hər biri anlayıbdır ki, onların hər birinin vətəni Azərbaycandır. Onlar anlayıblar ki, bizim bütün uğurlarımız da, uğursuzluqlarımız da hər birimizə aiddir, hər birimizin qazancımızdır. Bax bu anlamın yaranmasında Azərbaycan dili ünsiyyət dili olmaqla çox önəmli rol oynayıb və həmişə də önəmli rolunu oynayacaqdır. Bax budur Azərbaycan dilinin möcüzəsi. Bu dilin möcüzəsi Azərbaycanda yaşayan bütün etnik qrupları bir amal, bir məqsəd, bir məram ətrafında birləşdirir.
Müstəqil Azərbaycan Dövləti yarandıqdan sonra Azərbaycanda yaşayan etnik qrupları qızışdıran, onları azad, müstəqil olmağa çağıran qüvvələr azmı oldu? Onları çaşdırmaq istəyən, onlara xaricdən və daxildən dəstək olmaq istəyən qüvvələr azmı oldu? Ancaq Azərbaycanda yaşayan etnik qruplar anladılar ki, bu vətən həm də onlarındır. Onlar anladılar ki, bu vətən həm də bütün problemləri ilə onlara arxalanır. Anladılar ki, bu vətəndə pis niyyətli xarici və daxili qüvvələrin yaratdıqları problemlər onları da əsir-yesir edəcəkdir. Ona görə də onlar azadlıq, müstəqillik deyəndə bunu Azərbaycan adlı vətəndə axtardılar, Azərbaycan adlı vətəndə tapdılar. Və burada yenə də Azərbaycan dilinin möcüzəsi böyük rol oynadı. Etnik qruplar Azərbaycan dilindən ünsiyyət dili kimi istifadə etdilər, onlar bu dil vasitəsilə birliyə cəlb olundular, bu dil vasitəsilə Azərbaycan adlı vətəndə bu vətənin problemləri ətrafında birləşdilər. Azərbaycan dili öz möcüzəsi ilə ideoloji işini görə bildi. Bu da çox uğurlu bir nəticə verdi. Bu gün Azərbaycan dili Azərbaycanda yaşayan bütün etnik qrupları birləşdirən bir möcüzədir. Biz Azərbaycandakı monolit birliyə görə həm də Azərbaycan dilinə və onun möcüzəsinə borcluyuq. Deməli, Azərbaycan dilinin möcüzəsi pis niyyətli xarici, daxili qüvvələrin ayaq açmasına, ziyanlı iş görməsinə heç zaman imkan verməmiş və verməyəcəkdir.
Dilin ən böyük möcüzələrindən biri onun millətin hər bir fərdi arasında birlik yaratması, fərdləri bir-birinə bağlamasıdır. Dünyada elə bir güc yoxdur ki, o, dil qədər insanları bir-birinə bağlasın. Məhz dil vasitəsilə insanlar bir-birini anlayır, sevir, bir-birinə bağlanır və bir-birinə yardımçı olur. Ən böyük orduları da ordu şəklinə gətirən vasitələrdən biri dildir. Ən böyük zəfərləri də zəfər halına salan vasitələrdən biri dildir. Ona görə də ordunun güclü olması, zəfərlərin sayının çox olması üçün dilin imkanlarından düzgün istifadə etməklə yanaşı, onun imkanlarının genişlənməsinə də bir borc kimi yanaşmaq lazımdır. Dilin imkanlarından düzgün istifadə kütləni inandırmaq, uğurun və zəfərin təməlini qoymaq deməkdir. Odur ki, Oğuz xanın “Bu dənizlər, bu irmaqlar bizə yetməz! Daha dəniz, daha irmaq istəyirik! Yurdumuzu elə böyüdəyin ki, göy qübbəsi ona çadır, günəş də bayraq olsun!” fikrini dilə də şamil etmək olar. Belə ki, dilin mövcud imkanlarına qane olmadan onun yeni-yeni imkanlarını yaratmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün ilk növbədə sözlərə, kəlmələrə can verməyi bacarmalıyıq. Adi daşa usta, mərmərə heykəltəraş can verdiyi kimi, sözlərə və kəlmələrə də ondan istifadə edən hər bir kəs, o cümlədən şairlər, yazıçılar, söz adamları həyat verməyi bacarmalıdırlar. Hər bir kəs sözləri və kəlmələri hamının zövqünü oxşayacaq şəkildə işlətməyi özlərinə müqəddəs bir borc hesab etməlidir.
Sözlər və kəlmələr birdən-birə bu məzmunda, bu formada, bu mənada yaranmamışdır. Onlara uzun zaman ərzində insanlar ruh, can vermişlər. Buna sözləri, kəlmələri işlətməklə nail olmuşlar. Sözlər, kəlmələr işlənə-işlənə cilalanmış, hamarlanmış və bir sənət abidəsinə çevrilərək dövrümüzə gəlib çıxmışdır. Təbii ki, sözlərin, kəlmələrin abidələşməsində ən böyük memar şairlər, yazıçılar olmuşdur. Onlar sözlərin, kəlmələrin heykəlini yaratmışlar desək, yanılmarıq. Həm də onlar sözlərə, kəlmələrə elə düzgün, yerində və məqamında nəfəs, ruh, can vermişlər ki, bununla dilin özünü heç bir şeylə müqayisəyə gəlməyən sənətə çevirmişlər. Bu mənada dil bir möcüzə olmaqla sənətdir, daha doğrusu, sənət əsəridir. Ancaq dilin müqayisəyə gəlməyən və müqayisə olunmayan sənət əsəri olduğunu dildən istifadə edənlərin – yazanların, danışanların hamısı başa düşürmü? Hər bir kəs öz istək və arzusunu dilin imkanları əsasında reallaşdıra bilsə də, dilin imkanlarına söykənmədən nə etmək olar? sualı barədə çox az-az hallarda düşünür.
Ancaq şairlər və yazıçılar sözə ruh, can, qan verməyə daha çox müvəffəq olurlar. Onlar adi bir sözü, kəlməni, ifadəni elə hərəkətə gətirir, yerində və məqamında işlədirlər ki, nəinki həmin sözün, həm də onun ətrafında fikrin, ideyanın birləşməsinə nail olurlar. Nəticədə fikir, ideya, sözlər, ifadələr və kəlmələr əsasında daha tez qarşı tərəfə, oxucuya, dinləyiciyə çatdırılır. Məsələn, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə fars mənşəli nərdivan sözünü hər bir azərbaycanlı oxucuya elə doğmalaşdırıbdır ki, onun “Nərdivan” şeirini oxuyanda nərdivan sözünün də bu sözün ətrafında şairin hissinin, duyğusunun, ürək çırpıntılarının da vurğunu olursan. Hiss edirsən ki, Xalq şairi Nəriman Həsənzadə nərdivan sözünü öz fikrini, hissini, duyğusunu oxucuya çatdırmaq məqsədilə çox dürüst, düzgün, gözəl seçmiş və işlətmişdir. Sözə ruh, dirilik, can və qan vermək budur. Şeirə diqqət yetirək:
Bu dünya nərdivandı,
Qalxanda mehribandı,
Enəndə nə yamandı…
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırırdı nərdivan,
Məni xatirələrə
Endirirdi
Bu zaman.
Birimiz günçıxana,
Birimiz günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi,
Haqlı, haqsız vermişdi,
Öz hökmünü təbiət,
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya…
Sözlər nərdivan pilləkənləri kimidir. Nərdivan pilləkənlərinin sayı nə qədər çox olarsa, bir o qədər yuxarıya, ucalara qalxmaq olar. Bu mənada dildə sözlər nə qədər çox olarsa, bir o qədər fikri hərtərəfli ifadə etmək, qarşı tərəfə çatdırmaq və dilin zənginliyini üzə çıxarmaq olar. Odur ki, söz adlı nərdivanın hər bir pilləkənindən yerində, məqamında istifadə etmək lazımdır. Azərbaycan dilində söz adlı nərdivanın pilləkənləri, yəni sözləri azərbaycanlılaşmışdır. Ərəb, fars, monqol və s. dillərdən keçmiş sözlər söz adlı nərdivanda, onun pilləkənlərində hər birimizin başa düşdüyümüz Azərbaycan sözlərinə çevrilmişdir. O kəslərin nitqi hamının xoşuna gəlir ki, onlar söz adlı nərdivandan, onun pilləkənlərindən düzgün istifadə edirlər. Nərdivan ucalmağa, yüksəlməyə xidmət etdiyi kimi, söz adlı nərdivan da ondan düzgün istifadə edənlərin ucalmasına, yüksəlməsinə xidmət edir. Fars dilindən alınmış nərdivan sözünün ərəb dilində adı “mirac”dır. Nihad Sami Banarlı yazır: “… bu kəlmə məsəlmançılıqdan sonra daha çox “Həzrəti Məhəmmədin Tanrıya yüksəlişi” mənasında işlənilmiş, bu mənada müqəddəsləşmiş, belə məşhur olmuşdur. Mirac və nərdivan yaxınlığının çox gözəl bir nöqtəsi isə (xatirimdə qaldığına görə) Keçecizade Fuad Paşaya istiqamətlənən bir sözdür: Hərçənd bir diplomatlar məclisində qatı bir xristian diplomatı Paşadan sormuş:
– Sizin peyğəmbərinizin Allaha yüksəldiyi doğrudurmu?
– Bəli, yüksəldiyi yerdir.
– Bəs hansı nərdivanla?
– Çox sadə yüksəlmişdir, sizin peyğəmbəriniz Həzrəti İsanın göyə çıxarkən istifadə etdiyi nərdivanla”. Bu mənada söz adlı nərdivanla daha müqəddəs mərtəbələrə ucalmaq, yüksəlmək mümkündür. Modern.az
araz.az xəbər portalı.