Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınmışdı. Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub və zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılmışdı.
Azsiyasət.com saytına daxil olan məlumata görə, “Yüksəliş” müsabiqəsinin iştirakçıları “Super Servis Keyterinqi”nin yeməklərindən zəhərləniblər və hazırda faktla bağlı istintaq aparılır. “Super Servis Keyterinqi” də istintaqa cəlb edilib. Xidmət sektorunda fəaliyyət göstərən “Super Servis Keyterinqi” müsabiqə işirakçılarını, işçi qrupunun üzvlərini qida ilə təmin edirmiş və insanlar da məhz bu şirkətin yeməklərindən zəhərlənib.
Nərimanov rayonu Xan Şuşinksi küçəsi 36-da yerləşən müxtəlif qurumların yeməklə, təmizliklə və s. bağlı sifarişlərini həyata keçirən “Super Servis Keyterinqi” hazırda polsi nəzarəti altındadır, şirkətin ofisinə, bütün giriş-çıxışlara hüquq-mühafiqə orqanlarının əməkdaşları nəzarət edirlər.
Məsələ ilə bağlı Azsiyasət.com-un əməkdaşları “Super Servis Keyterinqi”nin rəhbəri Tamilla Sadıqova ilə əlaqə saxlayıb. O, açıqlamasında zəhərlənmə faktı ilə bağlı hazırda istintaq aparıldığını və araşdırma yekunlaşmadan hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib.
Azsiyasət.com saytına daxil olan digər məlumata görə, “Super Servis Keyterinqi” sahibi Tamilla Sadıqova Azərbaycanın görkəmli aktyoru, SSRİ xalq artisti Hüseynağa Sadıqovun qızıdır.
araz.az xəbər portalı.