Əşi, bu rüşvət nə mənədir axı, nətəhər bir şeydir, şirindir ya acı. Baxdım, bütün ölkələrdə rüşvət yaman şirin bir nemət kimi təsəvvürlər qazanıb. Amma bu zibilin üstü açılanda yaman acı nəticələri olur. Demək, bizdə rüşvəti müxtəlif adlarla çağırırlar. Məsələn, dövlət dili ilə desək, korrupsiya, amma el arası hörmət, şirinlik, hədiyyə və s. deyirlər.
Lüğətimiz isə deyir ki, öz xeyrinə olaraq bir iş gördürmək xatirinə hər hansı bir vəzifəli şəxsə verilən pul və ya şey.
Zahiri şirinlik dediyimiz bu rüşvət müxtəlif ölkələrdə maraqlı kodlu adlarla istifadə olunur. Qonşumuz, abilərimiz türklər rüşvətə “çorbapulu” deyirlər.
İranda çaypulu deyirlər bu zəhrimara. Çində də həkimlər, lap elə hökumət adamları rüşvəti “bir balaca minnətdarlıq” adlandırırlar.
Ruslarda da maraqlı yanaşma var. Məsələn, hansısa dövlət idarəsinə işin düşübsə və sənin problemin həll olursa və sən ona yalnız “çox sağ ol” deməklə işi bitirmiş hesab edirsənsə, səhv edirsən. İşi əncam verən vəzifəlinin cavabı sənə belə olar: “Çox sağ ol” u cibə qoymaq olmur e, qardaş”.
Ən maraqlısı Macarıstandadır. Belə ki “Nokia” firması burda artıq özünə qara ad qazanmağı bacarıb. 2010-cu ildə Budapeşt İctimai Nəqliyyatı Şirkətinin rəhbəri Zsolt Balogh Macarıstan paytaxtının merinə rüşvəti “Nokia mobil” telefonunun qutusunda vermişdi. O vaxtdan “Nokia” qutusu rüşvətin məcazi adıdır, amma həm də məbləği bildirir. Həmin o qutunun içində 15 milyon zlotı (65 min funt sterlinq) var imiş.
Yenə qurban olum özümüzünkülərə. Kreativliyimizlə həmişə seçilmişik. Məsələn, bizdə belə bir deyim var: “Balıq başdan iylənər, amma onu quyruqdan təmizləyərlər”. Yəni rüşvət yuxarılardan gəlir, amma tutmaq lazım gələndə, kimisə aşağıdan tuturlar.
Zənginliklərlə dolu ədəbiyyatımız da bu rüşvət məsələsindən yan keçməyib. “Yalan deyən, rüşvət alan, tərəf tutan, üz görən! Dərdimizə qalmayanlar çıxsın bizim cərgədən!” – deyib Səməd Vurğun
Bundan sonra kişi pristava, yasavula qızılların bahası qədər rüşvət verdikdən sonra malı əlinə gələrdi. – Hüseyn Sarabski
Nə isə mövzunu çox uzatmayaq, keçək mətləbə. Nədir axı bu rüşvət? Bəladır, yoxsa doğurdanmı deyilən kimi şirindir?! Vallah, mən almadığıma görə bilmirəm şirinliyin acılığın, amma axtarışlarım onu göstərdi ki, bu rüşvət doğurdan da çox böyük bəla imiş. Məmləkətləri viran qoyan, insanları səfil həyata sürükləyən, evləri yıxan, ailələri dağıdan, uzunömürlü hakimiyyətləri bir an içində çökdürən dərd imiş sən demə rüşvət.
Özü də bir söz deyim həzarat, bu rüşvətə bulaşmış adamlar mundirdə olanda lap pis olur. Nədən ki, dövlətin əsası sarsılır.
Bu polis rəislərinin, prokurorların bahalı maşınlarına ,evlərinə baxanda görürsən ki, “azadlıq”ın babat qiyməti var qədeş.
Üstəlik təyinatın da qiyməti az deyil. Yəni otur işlə, tər tök, vəzifəyə , halal yerinə təyin olunmaq üçün yenə pul verməlisən.
Şabran camaatı Mozalan.az-a and içir ki, RPŞ-nin rəisi İbrahimov Məhəmməd Abdülkərim oğlu hər şöbəyə bir qiymət qoyub. Nazir Vilayət Eyvazov bilmirik xəbərdardır ya yox, amma Şabranda dövlət adına biabırçılıqdı.
Bu rəis gələndən YPX-nın komandanlığını düz iki dəfə dəyişib. Adama deyərlər bax niyə? Hə..YPX da “çörəkli yer” olduğundan müştəri tapmaq çətin olmayıb. Bu haqda ətraflı yazacağıq. Sizcə polis rəisi bu əməliyyatlardan neçə yüz min qazanıb?
araz.az xəbər portalı.