“Hələ keçən il Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirmişdi ki, Gürcüstanda hakimiyyət və müxalifət təmsilçiləri 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi barədə razılığa gəliblər. İmzalanmış memoranduma əsasən, bu il keçiriləcək parlament seçkilərində 150 deputatdan 120-i proporsional qaydada (partiya siyahısı ilə), 30-u isə majoritar qaydada seçiləcək. Seçkilərdə baryerin 5 faizdən 1 faizə endirilməsi barədə də razılıq əldə olunub. Qeyd edib ki, Gürcüstanın hazırda qüvvədə olan Konstitusiyasına əsasən, 77 deputat proporsional, 73 deputat majoritar üsulla seçiləcək”.
Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyası (MCP) Siyasi Şurasının üzvü Rafiq Daşdəmirli deyib.
R.Daşdəmirli bildirib ki, seçkilərdə iştirak üçün 78 partiya müraciət edib, lakin onlardan 12-nin müraciəti rədd edilib:
“Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib ki, parlament seçkilərində iştirak edəcək partiyaların qeydiyyatı prosesi bu gün başa çatıb. Parlament seçkiləri Seçki Məcəlləsinə edilən düzəlişə əsasən, 120 proporsional, 30 majoritar olmaqla, qarışıq sistemlə keçiriləcək. Seçkilərdən sonra təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40 faizini qazanmalıdır. Bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ətrafında indidən maraqlı proseslər müşahidə edilir. Hətta fikirlər səslənir ki, bu seçkilər Gürcüstanda yenidən hakimiyyət dəyişikliyinə rəvac verə, xüsusən də Gürcüstan eks-prezidenti Mixail Saakaşviliyə bağlı qüvvələrin iqtidara gəlişini təmin edə bilər. Hər iki partiyanın majoritar siyahisi açıqlansa da, proporsional siyahının açıqlanmasında hələ də gecikmələr var. İki aparıcı partiyanın, həm “Gürcü Arzusu”, həm də Vahid Milli Hərəkat Partiyası seçkilərdə birgə iştiraka daha çox üstünlük verirlər. Hakim partiyanın İcraçı katibi İrakli Kobaxidzenin açıqlamasına əsasən, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 31 oktyabr seçkilərinə proporsional seçki siyahısının ilk iyirmi nəfərinin adını açıqlayıb. Siyahiya indiki Baş nazir rəhbərlik edir, ikinci sırada parlamentin sədri yer alıb. Hakim partiyanın proporsional siyahısının ilk iyirmiliyinin açıqlanma mərasiminə “Gürcü Arzusu”nun rəhbəri Bidzina İvanişvili, Tbilisi şəhərinin meri və partiyanın siyasi katibi Kaxa Kaladze, Parlamentin sədri Arçil Talakvadze, Nazirlər Kabinetinin üzvü, partiyanın aparıcı simaları və digər dəvətlilər qatılıblar. Hakim partiya parlament sədrliyinə namizədini təqdim edib. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Arçil Talakvadzeni yenidən Parlamentin sədrliyinə namizəd olaraq irəli sürüb”.
R.Daşdəmirli bildirib ki, hələ seçkilərdə mübarizə pik həddə çatmadığı halda, indidən Gürcüstanda maraqlı proseslər müşahidə edilir:
“Qeyd edim ki, Gürcüstanda xeyli sayda soydaşımız da yaşayır. Onların səsi uğrunda da siyasi qüvvələrin açıq mübarizəsi başlayıb. Elə soydaşlarımız da, əvvəlki seçilərdən fərqli olaraq, indi siyasi proseslərdə daha çox fəallıq nümayiş etdirirlər. Azərbaycanlıların kompakt yaşadığı Borçalı ərazisindən xeyli sayda soydaşımızın namizəd olduğu bildirilir. Əsasən Marneludən olan namizədlər arasında güclü rəqabət olduğu bildirilir. Bu da onlara diqqəti daha da artırır. Əsasən yarım milyondan çox yaşayan Azərbaycanlıların Marneuli və Qardabanıdən namizədlikləri olduğu bildirilir. Seçkilərdə “Gürcü Arzusu” partiyasından Zaur Dərgahlının, Vahid Milli Hərəkat Partiyasından Azər Suleymanovun daha şanslı olduğu deyilir. Başqa azərbaycanlı namizəd də var. Lakin gənc Əli Bədirlinin şansı çox da yüksək qiymətləndirilmir. Başqa bir dairə üzrə əhalisinin əksər faizi azərbaycanlılar olan Bolnisi, Dmanisi, Tetraçkaro üzrə isə azərbaycanlı namizədin olmaması təəssüf doğurur. Çox maraqlı məqamlardan biri odur ki, Bolnisi dairəsi üzrə keçmiş deputat olan Qoqi Meşvelyaninin daha şanlı olduğu görünür. Seçicilərinin 60 faizi azərbaycanlı olan bu dairədən ekspertlərin dediyinə görə ilk turda 55-60 faiz üstünlüklə Qoqi Meşveliani qələbə qazanacaq. Bu namizədin iş prinsipi azərbaycanlılar arasında sevilməkdir. Əlbəttə, yaxşı olardı ki, bu dairə üzrə də azəbaycanlı namizəd iştirak etsin. Amma Qoqi Meşvelyaninin məhz pandemiya ərəfəsində əhaliyə xidmət məsələsində etdikləri onun şansını artırır. Keçmiş deputatlarımız Savalan Mirzəyəvin və Ruslan Hacıyevin hələ ki, seçkilərdə iştirak edib etməyəcəyi bilinmir. Onu bildirim ki, həm Savalan Mirzəyevin, həm də Ruslan Hacıyevin namizədliyi hələ ki, təmsil olunduqları “Gürcü Arzusu” Partiyası tərəfindən açıqlanmayıb. Bu iki siyasətçinin qıraqda qalması heç də birmənalı qarşılanmır. Rəqabət qızışdıqca, ittihamlar da çoxalır. Bundan istifadə edən qüvvələr öz maraq dairələrini genişləndirir, azəbaycanlılar arasında nifaq salmaq istəyirlər. Başa düşmək lazımdır ki, seçkidə udan və uduzan olur, amma hər ikisində dövlət və xalq qazanır”.
Vilayət Muxtar
Cebhe.info
araz.az xəbər portalı.