bandicam 2020 09 16 19 59 08 251“Uzun illər sonra Bakıda olduğum üçün çox xoşbəxtəm. “Qalatasaray” avrokuboklara öyrəncəli komandadır. Azərbaycan bizə hər zaman sevgisindən şübhə etmədiyimiz ölkədir. “Qarabağ”ın “Molde” ilə oyununu izləyəcəyik. Bu komandanın “Neftçi” ilə rəqabət apardığını bilirəm. Heyətdə dəyişiklik edəcəyinə sabah qərar verəcəyik. Sıx qrafiki nəzərə alaraq, bütün oyunçuların buna uyğunlaşmaları lazımdır. Buna görə birinci və ikinci nömrə futbolçuların sintezindən komanda qura bilərik. Buna rotasiya demək olmaz”. 

Bu sözləri Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, hava limanı və oteldə böyük sevgi ilə qarşılaşıblar. Lakin o, meydana qələbə üçün çıxacaqlarını diqqətə çatdırıb: “Neftçi”nin 2 matçını izlədim. Biri Şimali Makedoniya “Şkupi”si, digəri isə “Səbail”lə görüşləri idi. “Neftçi” 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclüdən biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison və Stiven Monrozun önəmli oyunçu olduqlarını bilirəm. Xeyirlisi nə olursa, o da olacaq”. 

“Qalatasaray”ın hər yerdə sevildiyini deyən Terim Azərbaycanda komandasına xüsusi münasibətdən məmnunluq ifadə edib. O, gələcəkdə Bakıya təlim-məşq toplanışları və oyunlar üçün gəlmələrinin mümkünlüyünü diqqətə çatdırıb: “Sosial məsafəni isti məsafəyə döndərsək, daha sıx münasibətlərimiz qurulacaq”. 

Təcrübəli mütəxəssis azərbaycanlı futbolçunun “Qalatasaray”da yer alması üçün özünün istəkli olması, “sarı-qırmızılar”a üstünlük verməsi, Türkiyə təmsilçisinin isə onu bəyənməsinin vacibliyini söyləyib. 

Qapıçı Fernando Musleranın ayağının qırılmasına üzüldüklərini deyən Terim uruqvaylı oyunçunu yüksək qiymətləndirib: “Allah betərindən saxlasın. Daha tez meydana dönməsi üçün həkimlərimiz çalışırlar. Amma digər qapıçılarımıza da güvənirik. İnanıram ki, onlar da etimadımızı doğruldacaqlar. Musleranın isə karyerasını “Qalatasaray”da bitirəcəyinə ümidvaram. Belə oyunçuya sahib olduğumuz üçün xoşbəxtik”. 

AVRO-2020-də Türkiyə millisinin 2 matçını Bakı Olimpiya Stadionunda keçirəcəyini xatırladan “Qalatasaray”ın baş məşqçisi Azərbaycanı öz məmləkətləri saydığını deyib: “Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bu isə yeni stadiondur. İnşallah, yeni arenada yaxşı nəticələr qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların böyüklüklərinin ən böyük səbəbi azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur. Azarkeşsiz oynamağın bizim üçün mənfi cəhət olduğu dəqiqdir. Çünki bizim burada da azarkeşlərimiz var”.

 

 

araz.az

araz.az xəbər portalı.