“Dossier.center” saytı Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını yayıb. Saytda yayımlanmış “Как Кремль вмешивается во внутреннюю политику соседних стран Часть четвертая: «Борода» из Еревана и мягкая сила в Баку” sərlövhəli araşdırma yazıda həm Yerevanda, həm də Bakıda Rusiyaya xidmət edən şəxslərin olduğu iddia edilir.
Yazıda qeyd edilir ki, “ГРУ” zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə ediləcəyi iddia edilən Azərbaycan vətəndaşlarının siyahısı olub. 74 nəfərdən ibarət olan siyahıda tannmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə vurğulanıb.
Dominant.az xəbər verir ki, siyahıda adı çəkilən jurnalist Aqil Ələsgərli həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirib:
“Həmin saytı diqqətlə oxusanız və ya rusca azacıq dil bazanız olarsa, görərsiniz ki, orada “əməkdaşlıq edir” deyil, “əməkdaşlıq üçün nəzərdə tutulan” ifadəsi var. Yəni, Kremlin ya da bu “sənəd”i kim hazırlayıbsa, rusca yazdığı budur ki, bu 76 nəfərlə əməkdaşlıq nəzərdə tutulur və ya arzuolunandır. Yəqin ki, rusca “предполагается использовать” sözünün “işləmək” yoxsa “işlənilməsi üçün nəzərdə tutulur” olduğunu bilmək üçün qismən rusca anlamaq kifayətdir. Bu siyahıda olan çox dəyərli və öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən Gülnarə xanım, Elxan müəllim, Rizvan kimi insanların adı var. Əlbəttə ki, Biləcəridən bu tərəfdə belə tanınmayanlardan fərqli olaraq, o şəxslərlə əməkdaşlıq etmək, onlarla əlaqə qurmaq bir çox qurumun və ya sizin ifadənizlə desək, agentin arzusu ola bilər.
Ancaq mətni nədənsə, tam oxumadan əksəriyyəti Azərbaycanın xaricdə tanınan qələm sahibləri olan şəxsləri olduqca ağır “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların SİYAHISI YAYILDI” başlığı ilə ləkələyərək, öz həmkarlarını qınaq altında qoymaq peşakarlıq deyil. Ayrıca, bu qədər peşakarsınızsa, nə üçün həmin yazıda pasport bilgiləri və Rusiyada hansı tədbirlərdə iştirak etmiş, yəni sizin deyiminizlə desək, “Rusiyaya işləyən” şəxslərlə bağlı açıq və geniş yazılan mətndən bir cümlə də verilməyib, ancaq əməkdaşlıq üçün nəzərdə tutulan (yəni, gələcək perspektiv vurğulanan) və bu barədə heç bir başqa detal olmayan siyahı “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlılar” kimi tirajlanıb.
Və siyahıda sizin də uzun müddət maaş aldığınız (Dominant.az saytının redaktoru nəzəzrdə tutulur – red.) və pulu birbaşa Moskvadan gələn “Sputnik”dən bir nəfərin belə olmaması da ayrı mövzudur. Qısacası, rus mediasının adından istifadə edərək və cümləni kontekstdən çıxararaq, ittiham şəklində verilməsinin özü bir təxribatdır. Bunu bilərək (ki, belə güman edirəm) və ya bilməyərək vermək bu təxribata xidmət edir.
Mən elə buradan həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirəm ki, mən daxil olmaqla, bu siyahıda adı olanlar, eyni zamanda rus mətbuatının yazdığının təhrif olunaraq, Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və ictimaiyyət bu barədə məlumatlandırılsın”.
araz.az xəbər portalı.