Ötən gün “dossier.center” adlı rusdilli internet resursunda Rusiya Prezidentinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələrlə iş idarəsinin rəhbəri, həmin dövlətin xüsusi xidmət orqanlarının generalı Vladimir Çernovun iş masasında aşkar edildiyi iddia olunan bir siyahı yayımlandı. Siyahıda jurnalist, politoloq, elm adamları da olan 76 nəfər azərbaycanlının da adı qeyd olunub. Yerli KİV-də isə informasiya “Rusiyaya işləyən jurnalistlərin – SİYAHISI” başlığı ilə təqdim olunan yazı qısa zamanda rezonansa səbəb oldu. Məsələ ilə bağlı yazıda adları keçən bir neçə nəfərin fikrini öyrəndik.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Cebhe.info-ya açıqlamasında məsələnin təqdimatının ona qəribə gəldiyini deyib:
“Orada Rusiyaya işləyən azərbaycanlılardan söhbət getmir. Rusiya gələcəkdə hansı azərbaycanlı jurnalistlərlə işləməyi nəzərdən keçirir, siyahının mahiyyəti budur. Yəni Rusiya bu adları nəzərdən keçirir ki, gələcəkdə bunlarla işləmək olar. Adlar da sadəcə olaraq Rusiyada media ilə bağlı müxtəlif tədbirlərdə iştirak edən jurnalistlərin adlarıdır. Dəvət ediblər, biz də iştirak etmişik, adımız siyahıda qalıb. İndi o adlar bir yerə toplanıb ki, gələcəkdə bunlarla əməkdaşlıq etmək olar. Burada başqa bir şey yoxdur. Az qala bizi “Ştirles” ediblər. Hərə ağlına gələni yazır. Hesab edirəm ki, ya qərəzdən, ya da savadsızlıqdan belə hay-küy çıxarıblar. Başqa bir problem görmürəm”.
“Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə sözügedən yazını “təxribat” adlandırıb və sifariş olduğunu deyib:
“Cəmiyyətdə tanınan, ictimai rəyə təsiri olan şəxslərlə hansısa bir qrupun maraqlanması çox normal bir şeydir. Biz Şimali Koreya kimi hər tərəfdən qapalı bir ölkədə yaşamırıq. Biz azad, demokratik ölkədə yaşayırıq, beynəlxalq tədbirlərdə iştirak edirik. O siyahıda adı olanların da əksəriyyəti slavyan ölkələrində, Rusiyada tədbirlərdə iştirak edən jurnalistlərdir. Siyahıda Cənab Prezidentin iştirak etdiyi “Valday” Klubunun tədbirlərində iştirak edənlər də var. Orada da göstərilib ki, bu şəxslər bunların maraq dairəsinə düşüb. Bu isə agent olmaq deyil. Onu tərcümə edən savadsız jurnalist anlamalı idi ki, kimisə agenturaya xidmətdə ittiham etmək üçün ortada dəlil, əməli fəaliyyət olmalıdır. Amma 76 nəfər, bir çoxu da tələbələrdir, bunların hamısını o şəkildə təhrif etmək, “nəzərə alınmalıdır” sözünü “əməkdaşlıq” kimi çox savadsızcasına yazmaq və onun üzərində dayanmaq, davam etmək sifarişin göstəricisidir. Xaricdəki müxalifətin də buna yer verməsi bir daha göstərir ki, bu, hansısa qüvvələrin bizim üzərimizdən gündəmi dəyişmək, iz azdırmaqdan başqa bir şey deyil”.
Siyasi şərhçi Əli Hacızadə isə məsələni məhkəməyə daşıyacağını və günahkarların cəzalandırılacağını bildirib:
“Həm Ermənistanda, həm də bizdə “5-ci kolon” söhbətləri gedir. Orada da bu çox aktual məsələdir. Sadəcə olaraq bizim başımız çox qarışıqdır deyə Ermənistanın içərisində olanlardan xəbərsizik. Orada da, Gürcüstanda da “5-ci kolon” məsələsi aktualdır və müzakirə olunur. Məmurların istefası, işdən çıxarılması bizdə də aktualdır. Amma bizim içimizdə bundan istifadə edən bəzi qüvvələr var ki, kim xoşuna gəlmirsə, onu vurur. Digər tərəfdən isə bu “udka”nı buraxmaqla o saytın, xanımın arxasında duranlar əsas adamlardan, qrupdan diqqəti yayındırmaq istəyir. Mən bu gün bir neçə hüquqşünasla danışmışam, axşam yenə onlarla görüşəcəyik. Təklif edirəm ki, bu məsələdə kimlərin adları hallanır, 10 nəfər yığışaq və kollektiv məhkəmə iddiası qaldıraq. Əgər bu saytlar iddia edir ki, biz agentik, buyursunlar, sübut etsinlər. Bizim günahımız varsa, həbs etsinlər, yox, əgər günahımız yoxdursa, təzminat ödəsinlər, təkzib verib üzr istəsinlər. Bu, elə- belə məsələ deyil. Sabah bizim uşaqlarımıza da deyərlər ki, siz rus agentlərinin övladlarısız. Niyə görə? Çünki ataları bu dövlət üçün öz pulu hesabına xidmət edib. Bunu xüsusi vurğulamaq istəyirəm ki, mən nə etmişəmsə, öz puluma etmişəm”.
Diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdiyev də bu məsələdə mövqeyinin sərt olacağını deyib:
“Bu məsələ ilə bağlı digər adıçəkilən həmkarlamızın mövqeyi nə olursa- olsun, mənim mövqeyim çox sərt olacaq. Əlim çatanlarla danışmışam və onlara da təklif etmişəm ki, bu məsələni belə qoymaq olmaz. Çünki bu, bizə atılan çox çirkin iftiradır. Bu iftira bu gün bizə atılırsa, sabah digər dövlətin milli mənafeyini qoruyan, Azərbaycanın maraqlarını xarici auditoriyada təbliğ edən insanlara atılacaq.
Əvvəl düşündüm ki, bu bir saytın reytinq xətrinə verdiyi xəbərdir. Mən artıq bu qənaətdəyəm ki, həmin saytdakı yazı sırf sifariş və göstərişlə yazılıb.Bu xəbər hansısa qüvvələr tərəfindən hazırlanıb və o sayta sızdırılıb. Ona sayta tapşırıq verilib ki, bu informasiyanı yaz o adamları da bu çirkin kampaniyaya alət elə. Bununla bağlı məhkəmə orqanlarına müraciət olunmalıdır. Heç bir güzəştə gedilmədən hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Azərbaycan dövlət təhlükəsizliyini qoruyan, təhlükəsizliyimizin qarantı olan Dövlət Təhülkəsizlik Xidmətinə və şəxsən Xidmət rəisi Əli Nağıyevə müraciət olunacaq. Bizim günahımız varsa, biz cəzalandırılaq. Əgər bizim günahımız yoxdursa, bu xəbəri yayanlar, bizə iftira atanlar cəzasını alsın. O siyahıda olan adlara baxsalar görərlər ki, onların əksəriyyəti Azərbaycan-Türkiyə əlaqələrinə töhfələr vermiş şəxslərdir. Bu əlaqələrə zərbə vuracaq adamların qarşısında olanlardır. Azərbaycanın milli maraqlarını qoruyan şəxslərdir. Düşünürəm ki, bu xəbəri yaymaqla, bizi yolumuzdan döndərmək istəyirlər. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağımızın qarşısını almağa çalışırlar. Amma bilsinlər ki, biz dayanmayacağıq, bizi bu yoldan heç kim dönərə bilməz. Biz yenə də öz dövlətimizə, millətimizə xidmət edirik. Onlar isə bu gün Rusiyaya, sabah İrana xidmət edənlərdir”.
AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı isə artıq Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdiyini bildirib:
“Həmin saytın iddiasına görə, ictimai-siyasi xadimləri, politoloq və jurnalistləri, ali məktəb müəllimlərini və tələbələrini əhatə edən bu siyahıda keçən adlardan Kremlin maraqları üçün yararlanılması təklif olunur. Dünəndən etibarən bu siyahıda adı keçənlər xaricdən yayımlanan müxalif mövqeli internet kanallarında, Rusiyanın “Sputnik” agentliyinin keçmiş əməkdaşlarına məxsus olan saytlarda və erməni diaspor nümayəndəsi Kristina Puşau ilə müəmmalı əlaqələrə malik olan bloqqerlər tərəfindən “Rusiyaya işləyənlər”, “FTB-yə casusluq edənlər” kimi təqdim olunur. Bu məkrli yönləndirmə həmin şəxslər haqqında çirkin PR kampaniyası olmaqla yanaşı, Azərbaycanın milli təhlükəsizliyi baxımından da təhlükəli tendensiyadır. Odur ki, DTX rəhbəri olaraq Əli Nağıyevə müraciət etməyi özümə borc bilir və həm bu siyahıda adı çəkilən bütün şəxslərlə, həm də onu fərqli istiqamətlərə çəkməyə çalışanlarla bağlı araşdırma aparılmasını xahiş edirəm. Ehtimalıma görə, bu siyahı Rusiyada keçirilən mediaforumlarda iştirak edən şəxslər və tədbirlər barədə açıq məlumatlar əsasında Tiflisdə mənzillənmiş erməni diasporunun nümayəndəsi Kristina Puşau tərəfindən hazırlanıb onun əlaqələndiricilərindən biri olan Fikrət Hüseynli tərəfindən Azərbaycan ictimai rəyinə ötürülüb və hazırda Puşau ilə əlaqələri olan digər məlum şəxslər tərəfindən tirajlanmaqdadır”.
Vilayət Muxtar
Cebhe.info
araz.az xəbər portalı.