İkinci Dünya müharibəsi illərində bir qrup Azərbaycan yazıçısı sovet qoşunlarının tərkibində İranda fəaliyyət göstərib. Onların arasında xalq şairi Süleyman Rüstəm də olub. Ədibin görkəmli dövlət xadimi Əziz Əliyevlə bağlı xatirələrində maraqlı məqamlar var.
Reyting.az “Əziz Əliyev haqqında xatirələr” kitabına istinadla xəbər verir ki, Süleyman Rüstəm memuarlarında yazır:
“Təbriz və digər şəhərlərdə açınacaqlı bir məsələnin şahidi olduq: öz ana dillərində deyil, fars dilində təhsil alırdılar. Məktəb daxilində öz doğma dilində danışmağa cürət edən uşaqlar məktəbdən xaric edilirdi.
Daha əcaib bir məsələ bu idi ki, kürdlərin dağlardan şəhərə gəlişi qadağan edilmişdi. Onları quldur, cani kimi qələmə verib, əhali arasında vahimələr yaratmışdılar.
Kürd qazıları Təbrizə gəldilər. Onları müşayiət edən bir dəstə oğlan da gəlmişdi.
Qəribədir ki, Təbrizdə dərhal dükanlar, restoranlar, evlərin qapıları bağlandı. Əhali elə bildi ki, şəhərdə qətl-qarət başlanacaq. Yox, belə olmadı. Kökü olmayan təbliğat heçə döndü. Yenidən dükanlar, restoranlar, bağlı qapılar açıldı. Əziz Əliyevin kürd və İran xalqları arasında belə yaxınlıq yaratması müsbət nəticə verdi. Təbrizdə Əziz Əliyevin kürd qazıları və ruhaniləri ilə dostluq, qardaşlıq söhbətində Meybalı Əmiraslanovla birlikdə mən də iştirak etmişəm. (Sonralar bizimlə görüşən kürd xalqının mərd oğullarını Məhəmməd Rza şah Tehranda dar ağacından asdırdı.) Onlar Rza şahın kürd xalqına etdiyi zülmlərdən, bütün hüquqlardan məhrum edildiklərindən danışdılar. Onlar söz verdilər ki, nə qədər sovet qoşunları İrandadır, kürdlər tərəfindən kimsənin burnu belə qanamayacaqdır.
Təbrizdə konsert salonu, teatr binası və qeyri-mədəni ocaqlar yoxudu. Əziz Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet Teatrı Təbrizə qastrola gəldi. Opera teatrını qarşılamaq üçün vağzala bütün Təbriz gəlmişdi, desəm, yanılmaram. Əziz Əliyev kürdləri teatr artistlərinin konsertinə dəvət etdi. Kürdlər lojalarda oturmuşdular. Paltarları, çalmaları rəngarəngdi. Bellərində qəmələri, silahları vardı. Konsertdə müğənnimiz Sara Qədimova “Kürdün gözəli” mahnısını oxumağa başlayan kimi, kürdlər cəld salondan çıxdılar. Tamaşaçıları heyrət bürüdü. Kürdlər birdən səhnədə göründülər. Bir-birinin qurşağından yapışıb kürdcə oxuyaraq yallı getdilər. Salonu alqışlar bürüdü. Bu, təbrizlilər üçün, bizim üçün unudulmaz hadisə oldu…”
[bt_youtube url=”https://www.youtube.com/embed/_IDV9hFnuBE” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.