mexfiRusiyada fəaliyyət göstərən Dossier.center adlı sayt Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını yayıb. Saytda yayımlanmış “Как Кремль вмешивается во внутреннюю политику соседних стран  Часть четвертая: «Борода» из Еревана и мягкая сила в Баку” sərlövhəli araşdırma yazıda həm İrəvanda, həm də Bakıda Rusiyaya xidmət edən şəxslərin olduğu iddia edilir.

Yazıda qeyd edilir ki, “ГРУ” (Mərkəzi Kəşfiyyat İdarəsi) zabiti Valeri Çernışovun sənədləri arasında Kremlin maraqları naminə istifadə ediləcəyi iddia olunan Azərbaycan vətəndaşlarının siyahısı olub. 76 nəfərlik siyahıda tannmış ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə işarələnib. 76 nəfərlik siyahıda tələbələr, siyasi eksepert və politoloqlarla yanaşı, jurnalistlərin, baş redaktorların da adı qeyd olunub. Bu siyahı ətrafında hazırda sosial şəbəkələrdə qızğın müzakirələr aparılır. Belə bir siyahının hansı məqsədlərə xidmət etdiyini və orada çəkilən adların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq üçün kiçik araşdırma aparmaq qərarına gəldik. 

Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya adlı dövlətin Azərbaycanda maraqları olduğu heç kimə sirr deyil: “Məhz son zamanlar Azərbaycanda beşinci kolon deyilən kəsimin fəallığının artması da bununla bağlıdır. Təəssüf edirəm ki, vaxtilə müəyyən səlahiyyətli təşkilatlar tərəfindən bu məsələyə ciddi diqqət yetirilməyib və Rusiyanın Azərbaycanda bu istiqamətdə fəaliyyətinə imkan yaradılıb. Əlbəttə ki, bu, Rusiyaya bağlılığı olan, Azərbaycanın yüksək çinli hakimiyyət eşelonunda əyləşmiş, daha düzgün ifadə etsək, elə Rusiya tərəfindən də əyləşdirilmiş maraqlı tərəflərin əməlinin nəticəsidir.

Yadınızdadırsa, bir neçə il bundan öncə Rusiyanın ictimai-siyasi xadimi, əslində isə Yaxın Şərq və xüsusilə də Azərbaycandakı hadisələrdə birbaşa iştirakı olan Yevgeniy Primakovla bağlı tədbirin keçirilməsi böyük hay-küyə səbəb oldu. Bax, elə həmin vaxt bizim mətbuatda da tədbir təşkilatçıları və iştirakçılarının adı hallanmışdı. Həmin tədbirin materiallarını qaldırıb baxsaq, o tədbirdə iştirakı olan və bu gün Azərbaycanda rəhbər vəzifə tutan adamların da adlarına rast gələ bilərik. Ümumilikdə isə, Rusiya Azərbaycandakı maraqlarını təmin etməkdən ötrü, digər istiqamətlərlə bərabər vətəndaş cəmiyyətləri, QHT və sair strukturların yaradılması, onların birbaşa, qeyri-leqal yolla maliyyələşdirilməsi və bu istiqamətdə digər tədbirlərin görülməsində maraqlıdır. Belə olan təqdirdə Azərbaycan təhlükəsizlik qüvvələri məsələyə adekvat reaksiya verməli və mövcud, yaxud gələcəkdə baş verə biləcək, Azərbaycanın təhlükəsizliyinə qarşı yönəlmiş fəallığın qarşısını vaxtında almalıdırlar”.

Siyahıda adı qeyd olunan jurnalist Aqil Ələsgər qəzetimizə açıqlamasında bildirdi ki, həmin sayt diqqətlə oxunsa, rusca azacıq dil bazası olan hər kəs görər ki, orada “əməkdaşlıq edir” deyil, “əməkdaşlıq üçün nəzərdə tutulur” ifadəsi yer alıb: “Yəni Kremlin, ya da bu “sənəd”i kim hazırlayıbsa, onun yazdığı budur ki, bu 76 nəfərlə əməkdaşlıq nəzərdə tutulur və ya arzuolunandır. Yəqin ki, rusca “предполагается использовать” sözünün “işləmək” yoxsa “istifadə olunması ehtimal edilir” olduğunu bilmək üçün qismən rusca anlamaq kifayətdir. Bu siyahıda olan çox dəyərli və öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən Gülnarə xanım, Elxan müəllim, Rizvan kimi insanların adı var. Əlbəttə ki, Biləcəridən bu tərəfdə belə tanınmayanlardan fərqli olaraq, o şəxslərlə əməkdaşlıq etmək, onlarla əlaqə qurmaq bir çox qurumun və ya sizin ifadənizlə desək, agentin arzusu ola bilər. Ancaq mətni, nədənsə, tam oxumadan əksəriyyəti Azərbaycanın xaricdə tanınan qələm sahibləri olan şəxsləri olduqca ağır “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısı yayıldı” başlığı ilə ləkələyərək öz həmkarlarını qınaq altında qoymaq peşakarlıq deyil. Ayrıca, bu qədər peşakarsınızsa, nə üçün həmin yazıda pasport bilgiləri və Rusiyada hansı tədbirlərdə iştirak etmiş, yəni sizin deyiminizlə desək, “Rusiyaya işləyən” şəxslərlə bağlı açıq və geniş yazılan mətndən bir cümlə də verilməyib, ancaq əməkdaşlıq üçün nəzərdə tutulan (yəni gələcək perspektiv vurğulanan) və bu barədə heç bir başqa detal olmayan siyahı “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlılar” kimi tirajlanıb? Mən elə buradan həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirəm ki, mən də daxil olmaqla, bu siyahıda adı olanlar, eyni zamanda rus mətbuatının yazdığının təhrif olunaraq Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və ictimaiyyət bu barədə məlumatlandırılsın”.

Bu qalmaqalda adı hallanan daha bir jurnalist Taleh Şahsuvarlı isə bizimlə söhbətində bunları dedi: “Həmin siyahıda adı keçən şəxslərdən biri olaraq bəyan edirəm ki, 2019-cu ilin noyabrında bir qrup həmkarımla birgə Rusiyanın Novosibirsk şəhərində “Böyük Avrasiya- sərhədsiz dialoq” proyekti çərçivəsində keçirilən “Mediatrendlər: yeni çağırışlar və imkanlar” adlı mediaforumda iştirak etmişəm. Nə həmin tədbir zamanı, nə də həmin tədbirdən sonra “Rusiyanın maraqlarına xidmət etmək üçün” hər hansı bir təklif almışam. Ümumiyyətlə, bu istiqamətdə fəaliyyət göstərməyim üçün hər hansı şübhə doğuracaq kanallar və adamlar vasitəsilə mənimlə əlaqə yaradılmasına cəhd olunmayıb. Mən “abdəstimdən də, namazımdan da”- bir Azərbaycan vətənpərvəri və dövlət milliyətçisi olmağımdan tam arxayınam. Nəinki Rusiya, hətta uzaq Afrika ölkələrinin rəhbər şəxsləri və xüsusi xidmət orqanları tanınmış bir jurnalist olaraq intellektual və yaradıcılıq imkanlarımı nəzərə alaraq mənimlə işləmək arzusunda ola bilər, lakin bu arzunu onların gözündə qoya biləcək iradəyə, prinsipiallığa, ən başlıcası, türk qanına və dövlət zehniyyətinə sahibəm”.   

Adı siyahıda yer alan digər jurnalist Toğrul Allahverdili isə qəzetimizə açıqlamasında bunları dedi: “Təqdim olunmuş siyahıda mənim və çox dəyərli, öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən insanların adı da var. Düşünürəm ki, bu, sırf sifarişli və müəyyən qüvvələr tərəfindən tələm-tələsik hazırlanmış bir yazıdır. Rus mediasının adından istifadə edərək və cümləni kontekstdən çıxararaq ittiham şəklində verilməsinin özü bir təxribatdır. Adı çəkilən bütün şəxsləri susmamağa, bununla bağlı məhkəməyə, məsələnin obyektiv araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat İdarəsinə müraciət etməyə səsləyirəm. Başda mən olmaqla, bu siyahıda adı çəkilənlər, eyni zamanda rus mətbuatının yazdığını təhrif edərək Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və cəmiyyətə bu barədə məlumat verilsin”.

İstənilən halda, əlaqədar qurumların bu siyahı və onun hansı məqsədlə yayılması ilə bağlı ətraflı araşdırma aparmasına ehtiyac var.

Məhəmmədəli QƏRİBLİ

araz.az xəbər portalı.