“Qanunvericiliyimizə uyğun olaraq Ali Məhkəmə instansiyası ədalət mühakiməsinin sonuncu instansiyası sayılır. Ancaq buda o demək deyil ki, hüquqları pozulmuş tərəf artıq məhkəməyə müraciət edə bilməz. Əvvəla qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə etməsinə zəmanət verir.”
SNN NEWS.AZ xəbər verir ki, bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov öz sosial hesabında yazıb.
Hüquqşünas qeyd edib:
“Konstitusiyanın 60-cı maddəsinə əsasən:
- Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
- Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən yaxud hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər.
Bu o deməkdir ki, mövcud qanunvericiliyə uyğun olaraq prosedura qaydalarına əməl etməklə tərəf məhkəmələrə müraciət edə bilər. Yeri gəlmişkən qeyd edim ki,vətəndaşların hər bir Məhkəmə instansiyasına müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Bu haqda məlumatı müəllifi olduğum (https://milletinsesi.info/article/az/38541) məqalədən oxuya bilərsiz. Ali Məhkəmədən sonra Konstitusiya Məhkəməsinə müraciət etmək olarmı və olarsa bunu necə etmək olar kimi sualların çoxluğunu nəzərə alaraq bildirmək istəyirəm. Sözsüz ki, Ali Məhkəmənin Qərarından sonra tərəf Konstitusiya Məhkəməsinə də müraciət etmək hüququna malikdir və təbii ki, müəyyən edilmiş prosedura qaydalarına uyğun olaraq.
Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra – Konstitusiya Məhkəməsi) Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır və növbəti məhkəmə instansiyası hesab edilmir. Müstəqil dövlət orqanı olan Konstitusiya Məhkəməsi təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V-ci hissəsində göstərilmişdir: “Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə fərdi şikayət verə bilər.”
Şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı hallarda yol verilir:
– tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə;
– tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə;
– normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə.
Konstitusiya Məhkəməsinə şikayət bir qayda olaraq aşağıdakı hallarda verilə bilər:
– məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının (Ali Məhkəmənin) qərarının qüvvəyə mindiyi andan 6 ay müddətində;
– məhkəməyə müraciət hüququ pozulduqda isə, həmin hüququn pozulduğu andan 3 ay müddətində.
Birinci halda göstərilən qaydaya müvafiq olaraq, şəxs şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etməzdən əvvəl digər mümkün hüquq-müdafiə vasitələrindən istifadə etməlidir. Məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi isə onu nəzərdə tutur ki, şəxs bütün məhkəmə instansiyalarını keçməli və yalnız kassasiya instansiyası məhkəməsinin (Ali Məhkəmə) iş üzrə yekun aktını qəbul etdikdən sonra şikayətlə Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpa edilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.
Mövcud qanunvericiliyə uyğun olaraq şikayətdə aşağıdakılar göstərilməlidir:
-Konstitusiya Məhkəməsinin adı;
-şəxsin adı, soyadı, atasının adı, ünvanı;
– mübahisə olunan normativ–hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş dövlət və yerli özünüidarəorqanının adı və ünvanı;
-Konstitusiya Məhkəməsinə müraciət hüququ verən Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun normaları;
-mübahisə olunan aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digərməlumatlar;
-məsələyə dair şəxsin mövqeyi və Azərbaycan Respublikası Konstitusiyasının və ya digər normativ hüquqi aktların müvafiq normalarına istinadla onun hüquqi əsaslandırılması;
-Konstitusiya Məhkəməsinə şikayətlə əlaqədar ünvanlanmış xahiş.
Şikayətdə aşağıdakılar əsaslandırılmalıdır:
-mübahisə olunan normativ-hüquqi, məhkəmə və ya bələdiyyə aktı ilə ərizəçinin hüquq vəazadlıqlarınınpozulması;
-məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi, məhkəməyə müraciət etmək hüququnun pozulması və ya ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsilə qarşısının alınmasının mümkün olmaması.
Şikayətlərə aşağıdakılar əlavə edilməlidir:
-ərizəçinin qənaətinə görə işin hallarının aydınlaşdırılması üçün lazım olan izahatlar və sənədlər;
-qanuni nümayəndə istisna olmaqla nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd (məs: təşkilat rəhbərinin səlahiyyətlərini təsdiq edən vəsiqəsi);
-mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının surəti;
-başqa dildə verilmiş bütün sənədlərin və ya digər materialların Azərbaycan dilində tərcüməsi;
-məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər.
Fərdi şikayətlər Konstitusiya Məhkəməsinə poçt vasitəsilə göndərilə və ya şəxsən təqdim oluna bilər. Konstitusiya Məhkəməsinə müraciət üzrə qanunla müəyyən edilmiş müddət buraxıldıqda müddətin bərpası nəzərdə tutulmur. Konstitusiya Məhkəməsinin qərarlarının icrası məcburidir.
Göründüyü kimi, vətəndaş (tərəf) mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, prosedur qaydalarına əməl etməklə hüquqlarının bərpası üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Odur ki, Ali Məhkəmənin Qərarından sonra ədalətin bərpası üçün mümkün Məhkəmə instansiyası kimi Konstitusiya Məhkəməsinə şikayət oluna bilər.”
araz.az
araz.az xəbər portalı.