Məişət və istehsalat tullantılarının düzgün idarə olunmaması həm ekologiyaya ziyan vurur, həm də sakinlərin haqlı narazılığına səbəb olur
İstər şəxsi müşahidələrimiz, istərsə də televiziyada, onlayn mediada, sosial şəbəkələrdə ictimailəşən mövzulardan aydın olur ki, Abşeron rayonunda məişət və istehsalat tullantılarının idarə olunması arzulanan səviyyədə deyil. Buna misal olaraq, Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki gölün ətrafına tullantıların atılması və yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin “Eko-Radar bölməsinə şikayət ünvanlanmasını, həmin müraciətin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) əməkdaşları tərəfindən araşdırılmasını, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Saray bələdiyyəsi barəsində protokol tərtib olunmasını, onun hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlərin Abşeron rayon Məhkəməsinə göndərilməsini göstərmək olar. DETX-in rəis müavini Ramal Bağırovun mediaya açıqlamasından bəlli olur ki, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə məcburi göstəriş də verilib.
Saray qəsəbəsində müşahidə olunan bu “mənzərə” daha böyük miqyasda Abşeron rayonunun Mehdiabad qəsəbəsində də var. Sosial şəbəkədə bu barədə fotolar paylaşıb problemi ictimailəşdirdikdən sonra qəsəbə sakinlərinin müraciətini nəzərə alıb yeni asfalt örtük çəkilmiş Əhməd Cavad küçəsinin sonundakı, 4 nömrəli məktəbin arxasındakı gölün ətrafına və oradan da qeyri-qanuni zibil poliqonuna çevrilmiş ərazilərə getdik. Gördüyümüz mənzərə bizdə təəssüf hissi doğurdu. Qrunt və kanalizasiya sularının toplaşdığı gölün ətrafı, yaxınlıqdakı açıq ərazi, sözün əsl mənasında zibilxanadan ibarət idi. Yerli sakinlərin sözlərinə görə, Mehdiabad bələdiyyəsi zibilin vaxtlı-vaxtında daşınmasını təşkil edə bilmədiyinə, ərazidə zibil qutuları qoymadığına görə, hamı əlinə keçən zibili gölə tullayır. Bu da antisanitar vəziyyət yaratmaqla yanaşı, ərazini xəstəlik mənbəyinə çevirir. Qəsəbə sakinlərinin sözlərinə görə, üfunət iyi, gəmirici və həşəratlar yaxınlıqdakı evlərə dolur, narahatlıq yaradır, xəstəliklərin yayılmasına gətirib çıxarır.
Sakinlərin istiqamət verdiyi qeyri-qanuni zibil poliqonunda da olduq. Məişət tullantılarının yük maşınları vasitəsilə geniş əraziyə boşaldıldığı, bir qisminin torpaqla üstünün örtüldüyü, bir qisminin isə yandırıldığı göz önündə idi. Ərazidən çəkilən şəkillərdə hər şey aydın əks olunub deyə, detallı təsvirə getməyə ehtiyac duymuruq. Qeyri-qanuni zibil poliqonunun yaxınlığındakı evlərdən birində yaşayan, heyvandarlıqla məşğul olan Haqverdi adlı qəsəbə sakini bildirdi ki, nəinki Mehdiabad, Abşeron rayonunun bir çox yaşayış məntəqələrinin məişət tullantıları maşınlarla bu əraziyə daşınır.
Onunla söhbət əsnasında üzərində iri hərflərlə Abşeron Rayon İcra hakimiyyəti sözləri yazılmış, 99-JA-035 dövlət nömrə nişanlı zibil maşını məişət tullantılarını əraziyə boşaldaraq uzaqlaşdı. Həmsöhbətim bildirdi ki, bu vəziyyətlə bağlı sakinlər cari ilin fevral ayından başlayaraq ayrı-ayrı vaxtlarda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın, başçının müavini Fuad Cəbrayılovun qəbulunda olub narahatlıqlarını dilə gətiriblər. Eyni zamanda Mehdiabad qəsəbə bələdiyyəsinin sədri Vüqar Hüseynovla görüşüb zibilin bu əraziyə daşınmasına son qoymağı tələb ediblər. İcra başçısı və müavini, həmçinin bələdiyyə sədri vətəndaşların şikayətini dinləyib söz veriblər ki, məsələ həllini tapacaq. Lakin verilən vədlər yerinə yetirilməyib, vətəndaşlar aldadılıb, son nəticədə sakinlərin qaldırdığı problem həllini tapmayıb.
Sakinlərlə söhbət zamanı onu da öyrəndik ki, qeyri-qanuni zibil poliqonuna çevrilən ərazi ayrı-ayrı vətəndaşlara dövlət tərəfindən verilmiş pay torpaqlarıdır. Vətəndaş iddia edir ki, məhz icra hakimiyyəti məmurlarının tapşırığı ilə həmin pay torpaqları, sahiblərinin razılığı olmadan zibil poliqonuna çevrilib. Həmsöhbətlərimdən biri buna misal olaraq bildirdi ki, ərazidə pay torpağı olanlardan biri də Abşeron rayonunun Digah yaşayış məntəqəsindəki orta məktəbin direktorudur. Amma icra hakimiyyətinin qorxusundan nə o, nə də digər pay sahibləri dinib-danışa bilmir, etiraz səslərini ucaltmırlar. Nəticədə həm vətəndaşların mülkiyyət hüququ pozulur, əkinə yararlı torpaqlar məhv edilir, həm də böyük bir ərazi natəmizlik məkanına çevrilir. Sakinlər onu da iddia etdilər ki, Balaxanıdakı bərk məişət tullantılarının yandırılması zavodu qəbul edəcəyi zibilin hər tonuna görə 7 manat ödəniş tələb edir. Abşeron icra hakimiyyəti və bələdiyyələr bu ödənişi etməmək üçün zibili bəhs etdiyimiz əraziyə daşıyır.
Rayon ərazisindəki bu problem, sakinlərin narazılığı ilə bağlı ilk növbədə icra hakimiyyətinin mövqeyini öyrənmək istədik. İcra hakimiyyətinin aparıcı məsləhətçisi – yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, mətbuat və ictimaiyyətlə əlaqələrə məsul olan Seymur Qasımovla (012 342-88-46) əlaqə saxladıq. S.Qasımov problemi dinlədikdən sonra qısaca olaraq bildirdi ki, məişət tullantılarının toplanması, daşınması ilə icra hakimiyyəti deyil, bilavasitə bələdiyyələr məşğul olur. Mehdiabad ərazisindəki vəziyyəti əsas gətirərək məişət tullantılarının ayrı-ayrı vətəndaşlara məxsus pay torpaqlarına daşındığını, orada yandırıldığını, böyük bir ərazinin qeyri-qanuni zibil poliqonuna çevrildiyini diqqətə çatdırdıqda isə o, zibillərin yandırılmadığını söylədi. Daha sonra isə tövsiyə etdi ki, bu məsələ ilə bağlı Mehdiabad Qəsəbə Bələdiyyəsi ilə əlaqə saxlayaq. S.Qasımbəyli bələdiyyə sədrinə şəxsən zəng vuracağını, ona suallarımızı ətraflı cavablandırmağı tapşıracağını da bildirdi.
İcra hakimiyyəti rəsmisinin sözlərinə inanaraq Mehdiabad Qəsəbə Bələdiyyəsinə (012 343-15-55) zəng vurduq. Bələdiyyə sədrinin müavini Tahirə Süleymanova bizi dinlədikdən sonra bələdiyyə sədri Vüqar Hüseynovun ərazidə olduğunu söylədi, mobil telefon nömrəmizi götürərək, ona çatdıracağını, bizimlə əlaqə yaradılacağını vurğuladı. Lakin bələdiyyə sədri bizimlə əlaqə yaratmadı.
Balaxanıdakı bərk məişət tullantılarının yandırılması zavodu ilə də əlaqə yaradıb (012 464-41-11) zibilin qəbulu prosesinin hansı şərtlər çərçivəsində baş tutmasını, həmçinin Mehdiabad Bələdiyyəsinin indiyə qədər bu zavoda müraciət edib-etmədiyini öyrənməyə çalışdıq. Təəssüflər olsun ki, bu cəhdimiz də uğursuz alındı. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin mətbuat və ictimaiyyətlə əlaqələrinə məsul olduğunu bildirən Sevinc adlı şəxs əvvəlcə zavoda tullantıların ödəniş müqabilində qəbul olunduğunu söyləsə də, sonradan nə fikirləşdisə, sözünü yarımçıq saxladı. O, bizdən mobil telefon nömrəsi istədi və əlavə etdi ki, gün ərzində mətbuat katibi bizimlə əlaqə saxlayıb ətraflı münasibət bildirəcək. Ancaq Sevinc xanım da vədini tuta bilmədi. Beləliklə, məsuliyyəti bir-birinin üstünə atan, medianın suallarını cavablandırmaq istəməyən səlahiyyətli şəxslər vətəndaş narazılığına, onların qaldırdığı problemə növbəti dəfə biganəlik nümayiş etdirdilər.
Rufik İSMAYILOV
araz.az xəbər portalı.