301153ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəfləri növbəti görüşə toplayacağı haqqında məlumat yayıb. Həmsədrlərin açıqlamasına görə, bu dəfə xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.  
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov görüş haqqında ilkin gözləntilərini şərh edərkən qeyd edib ki, Tovuz döyüşlərindən sonra tərəflər arasında o qədər səs-küy yaratmayan bir görüş keçirilib:
“Danışıqlardan qabaq Nikol Paşinyan 7 tələb irəli sürmüşdü. Prezident İlham Əliyev isə ona cavab olaraq, 1 prinsipi vurğuladı ki, torpaqlarımız işğaldan azad olunmalıdır. Dövlət başçılarının şərtləri açıqlanıb. Xarici işlər nazirləri görüşlərində bundan fərqli bir şey söyləyə bilməzlər.
Mən hesab edirəm ki, bu görüş sadəcə görüş naminə keçirilir. Gec də olsa, həmsədrlər öz fəaliyyətini göstərmək üçün belə addım atırlar. Bu isə formaldır. Hər bir fəaliyyətin bünövrəsi məntiq üzərində qurulur. Məntiqə görə mövqelər dövlət başçıları tərəfindən açıqlanıb. Cavab da verilib. Bu mövqelər çərçivəsində hansısa real danışıqlara yer yoxdur.
Həmsədrlər ənənələrinə uyğun olaraq, atəşkəsin pozulmasını xatırladacaqlar. Qeyd edəcəklər ki, guya tərəflər bildiriblər ki, atəşkəsin pozulmasından narahatdırlar. Ermənistan bizi ittiham edir ki, atəşkəsi Azərbaycan pozur, biz isə ermənilərin təxribat törətdiyini bildiririk. Bunu əsas götürərkən, həmsədrlər atəşkəs rejiminin gücləndirilməsini gündəmə gətirəcəklər. Bu isə Ermənistanın istədiyi, onları sevindirəcək məqamdır. Əsas mövzular kənarda qalacaq, boş-boş müzakirələr aparılacaq”.
T.Zülfüqarov hesab edir ki, həmsədrlər atəşkəsin pozulmasını tərəflərin bir-birinə inamsızlığı ilə əlaqələndirirlər:
“Onlar təklif edəcəklər ki, gəlin, tərəflər arasında etimadı gücləndirək. Bunun üçünsə “xalq diplomatiyası” adlı vasitəyə əl atacaqlar. Yenə nümayəndələrin qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Əsas mövzular bunlardır. Ola bilər yanılım, amma gələcək görüşə perspektivsiz baxıram”.
Azərbaycan tərəfinin Ermənistanla görüşə qatılmaqda maraqlı olduğunu vurğulayan sabiq nazir  bildirib ki, əksi olsa, ermənilər bunu bəhanə edib, bizi danışıqlardan imtinada ittiham edə bilərlər:
“Görüşdə iştirakdan sonra nə danışılıbsa, ictimaiyyətə açıqlanmalıdır. Qapalı danışıqlar prinsipini, sirli müzakirələri aradan götürmək lazımdır. Bu necə sirdir ki, düşmənimiz bilir, biz bilmirik?! Həmsədrlər ictimaiyyəti aldatmaq üçün müzakirənin qapalı olmasını istəyəcəklər. Biz buna getməməliyik. Müzakirə olunan mövzular və görüşdə danışılan məsələlər açıqlanmalıdır.
Bu görüşdən hansısa nəticə gözləmək sadəlövhlük olar. Bu siyasi aksiyadır və Azərbaycan da iştirak edəcək, mövqeyini bildirəcək”
araz.az

araz.az xəbər portalı.