Mediapress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, qocaman jurnalist Nəsir Əhmədli 55 illik fəaliyyəti olduğu təhsil ocağından içəri buraxılmamasıdan narazılıq edib.
O, bu barədə Facebook səhifəsində məlumat paylaşım edib. Paylaşımda deyilir:
“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:
– Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.
– Niyə ki?
– Yaşınız 65-dən çoxdur.
Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.
Horas Makkoyun “Yorulmuş atları güllələyirlər…” romanı yadıma düşdü…”
Professorun BDU-ya buraxılmamasının səbəbini öyrənmək üçün təhsil ocağının İctimaiyyətlə Əlaqələr və İnformasiya şöbəsinin rəhbəri Günel İsgəndərova ilə əlaqə saxladıq.
“Bu sadəcə pandemiya ilə bağlıdır, yaşı 65-dən çox olan müəllimlərimizin sağlamlığını qorumaq üçün”, – deyə 0, açıqlama verdi.
Günel Ayxan
araz.az xəbər portalı.