AMEA-nın professoru Solmaz Rüstəmova-Tohidinin İdarə Heyətini hədəf alan məqaləsindən sonra onları da akademiyadakı yenidənqurma işləri ilə tanış ediblər…
Sentyabrın 18-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Respublika Seysmoloji Mərkəzində (RSXM)olub. O, burada aparılan seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlarla tanış olub.Xəbəri AMEA-nın saytı yayıb.
AMEA Rəyasət Heyətinin üzvlərinin də iştirak etdiyi tədbirdə RSXM-in direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişli çıxış edərək bildirib ki, mərkəz tərəfindən tədqiqatlar 62 seysmik stansiyadan ibarət şəbəkənin məlumatları əsasında həyata keçirilir. Q.Yetirmişli 2021-ci ilə qədər mərkəzin Azərbaycan ərazisində fəaliyyət göstərən stansiyalarının sayının 84-ə yüksəldiləcəyini söyləyib.
Həmçinin diqqətə çatdırıb ki, 2019-cu il ərzində Abşeron yarımadasında 7 məntəqədə Bazalt tipli gözləmə rejimində işləyən şəbəkənin stansiyalarında profilaktik işlər aparılıb, paralel olaraq ayda 1 dəfə cihazlardan seysmoloji məlumatların elektron daşıyıcılarına köçürülməsi həyata keçirilib.
Stansiyaların seysmoloji-geofiziki-geodinamiki kompleks tədqiqatlarda istifadə edilən cihazlarını nümayiş etdirən alim onların texniki imkanları barədə məlumat verib, baş vermiş zəlzələlər haqqında toplanılan təcili məlumatların müvafiq qurumlara göndərildiyini söyləyib.
Mərkəz direktoru 427-2019-cu illər ərzində Azərbaycan ərazisində güclü zəlzələlərin episentrlər xəritəsini təqdim edib, 2020-ci ilin ötən dövründə ölkəmiz və ona bitişik ərazilərdə 5428 zəlzələnin baş verdiyini, onlardan 14-nün hiss olunduğunu vurğulayıb. Qurban Yetirmişli Şamaxı-İsmayıllı zonasında seysmik aktivliyin müşahidə edildiyini bildirib, eləcə də son bir neçə ildə sözügedən ərazidə baş verən zəlzələrdən danışıb.
Alim Azərbaycanda ilk dəfə Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən palçıq vulkanlarının püskürmə dərinliyinin və hansı müddətə davam etməsi barədə analizlərin aparıldığını da diqqətə çatdırıb.
Rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələri və layihələri barədə məlumat verən Qurban Yetirmişli bu gün RSXM-in ABŞ və Avropanın aparıcı seysmoloji və geofiziki təşkilatlarına üzv olduğunu, birgə önəmli tədqiqatlar apardığını deyib.
Sonda Q.Yetirmişli RSXM-in yeni nəşrlərini Ramiz Mehdiyevə təqdim edib.
Musavat.com xəbər verir ki, elə həmin gün daha maraqlı bir tədbir olub. Ramiz Mehdiyev bir gün əvvəl prezidentin köməkçisi Anar Ələkbərovun tanış olduğu yenidənqurma işləri ilə bu dəfə Rəyasət Heyətinin üzvlərini və akademiyanın elmi müəssisə direktorlarını tanış edib. Onlar akademiyanın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işlərinə baxış keçirib.
AMEA-nın İşlər İdarəsinin müdiri Elton Məmmədov bu dəfə dəvətlilərə Nəqliyyat-Təsərrüfat şöbəsinin əsas fəaliyyət istiqamələri barədə danışıb.
Elton Məmmədov daha sonra Rəyasət Heyətinin üzvlərinin müvafiq suallarını cavablandırıb.
İdarə Heyəti üzvlərinin ayrıca olaraq yenidəndənqurma işləri ilə tanışlığa dəvət edilməsi güman ki, təsadüfi deyil. Belə ki, bir neçə gün əvvəl AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi R.Mehdiyevi müdafiə edən məqalə yazıb. O, R.Mehdiyevin rəhbərlik etdiyi qurumun “yüksək rəhbər eşelonu” hədəf alıb.
“Rəyasət Heyəti və akademiklər cameəsinin nə üçün indiyədək məhz AMEA-nın nüfuzu bucağından bütün bu söhbətlərə münasibət nümayiş etdirmədikləri mənim üçün sual olaraq qalır” deyə, onun məqaləsində bildirilib. Bu isə mediada R.Mehdiyevlə İdarə Heyəti üzvləri arasında soyuqluq kimi izah edilib. Görünür, məhz bu səbəbdən A.Ələkbərovdan sonra İdarə Heyəti üzvləri üçün ayrıca qəbul təşkil edilib.
Musavat.com
araz.az xəbər portalı.