Fikrət Sadıqov: “Rusiyadakı müəyyən dairələr ölkəmizə qarşı informasiya müharibəsini genişləndirməyin vacibliyini düşünürlər. Təkcə cəbhə xəttində deyil, inormasiya səngərində də bizimlə vuruşmaq və bizi zədələməyin lazım olduğu qərarını veriblər”
Sentyabrın 18-də Dossier.center saytı Rusiyaya xidmət etməsi mümkün ola biləcək azərbaycanlıların siyahısını yayıb. Həm İrəvanda, həm də Bakıda Rusiyaya xidmət edə biləcək şəxslərlə bağlı yazıda qeyd edilir ki, “QRU” zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə edilə biləcək Azərbaycan vətəndaşlarının da adları olub. 76 nəfərdən ibarət olan siyahıda tanınmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Bu siyahı ölkədə narazılıqla qarşılanıb. Artıq siyahıda adı olan bir sıra şəxslər hüquq-mühafizə orqanlarına müraciət ediblər və Dövlət Təhlükəsizliyi Xidməti məsələyə aydınlıq gətirib.
Siyahıda adı olan Qərb Universitetinin professoru, sabiq diplomat, politoloq Fikrət Sadıqov məsələ ilə bağlı Reyting.az-a müsahibə verib.
– Fikrət müəllim, Azərbaycanda fəaliyyət göstərən bir qrup jurnalist, politoloq və tələbələrin Rusiyanın maraqlarına işləməsinin mümkünlüyünə dair siyahı yayılıb. Xarici KİV-lərdə yer alan bu iddianı necə qiymətləndirirsiniz?
– Bu, cəfəng və absurddur. Sözsüz ki, burada əsas məqsəd ara qarışdırmaq, təxribatları qabarıq formada həyata keçirmək, sabitliyi pozmaq və ölkədə gərginlik yaratmaqdır.
Məncə, bu addımın hansı hadisələr fonunda baş verməsinə də diqqət yetirilməlidir. Tovuz istiqamətində baş verən hadisələr fonunda və Rusiyadan Ermənistana aparılan 400-500 ton silah-sursatın “tikinti materilları” kimi təqdim edilməsindən sonra.
Görünən odur ki, Rusiyadakı müəyyən dairələr ölkəmizə qarşı informasiya müharibəsini genişləndirməyin vacibliyini düşünürlər. Təkcə cəbhə xəttində deyil, inormasiya səngərində də bizimlə vuruşmaq və bizi zədələməyin lazım olduğu qərarını veriblər. Sadəcə, belə təxribat xarakterli məlumatlar bu məqsədlərə yönəlib.
Həmçinin bunun arxasında kimlərin dayandığı da bəllidir. Bəzi mənbələrdən aydın olur ki, bu işə Marqarita Simonyan kimi jurnalistlərin də dəstəyi var.
– Siyahıda adı olan və tanıdığımız şəxslərin çoxu əslində xarakter və düşüncə tərzinə görə fərqli insanlardır. Niyə belə fərqli baxış bucağı altında olan şəxslərin hamısını eyni siyahıya salıblar?
– Mənə elə gəlir ki, siyahının hazırlanmasında əsas kriterya kimi ora salınanların rusdilli olmasıdır. Guya bu şəxslər fəaliyyətlərində Rusiya maraqlarını öndə tuturlar.
Amma görünür, bir sıra azərbaycandilli jurnalistlər və xadimlər də ora daxil edilib ki, bunu qarışdırsınlar. Bu, təxribatın üsullarından biridir. Azərbaycan və rusdilli jurnalistləri qatışdırmaqla yalana don geyindirmək və yazdıqlarını real fakt kimi təqdim etməyə çalışıblar. Yəni hazırladıqları “məhsul”u inandırıcı göstərmək istəyiblər.
Amma bundan irəli gələn düşüncəyə əsaslanıb belə nəticə çıxarmaq olar ki, siyahı o qədər fərsiz və primitiv formada hazırlanıb ki, bir sıra məqamları nəzərə almağı unudublar. Əvvəla siyahıda olan bir çoxları Azərbaycan maraqları naminə on illər ərzində fəaliyyət göstəriblər. Bu fəaliyyət yalnız media və televiziya məkanlarında deyil, eyni zamanda ölkə xaricində də öz əksini tapıb. Təbii ki, onların baxışına görə belə adamları sıradan çıxarmaq lazımdır. Əsas məqsədlərdən biri də budur.
– Fikrət müəllim, siz öz adınızı bu siyahıda görəndə hansı hisslər keçirdiniz və ilk təəssüratınız necə oldu?
– İş ondadır ki, siyahının yayılmasına dair hazırlanan məqalə “Bu şəxslərdən gələcəkdə Kremlin maraqlarına uyğun istifadə etmək olar” başlığı ilə gedir. Təsəvvür edin ki, iki aydan sonra mənim 75 yaşım olacaq. Bunlar, məni 75 yaşında hansı maraqlarda görmək və necə istifadə etmək istəyirlər, bu, əslində çox gülüncdür. Əgər 75 yaşda olan insandan bunlar gələcəkdə istifadə etmək istəyirlərsə, bu, absurd haldır. Mənim qənaətimcə, o siyahıya tələm-tələsik adların salınması göstərir ki, onlar belə məqamları nəzərə almayıblar. Bunun özü çox ağılsız hərəkətdir. Məqsədləri isə Azəbaycana, onun maraqlarına, stabilliyinə və imicinə zərbə vurmaqdır. Bunu istəyirlər və buna görə də, kimin necə yaşının olması, kimdən necə istifadə edilə biləcəyini nəzərə almayıblar.
Əgər onlar yazsaydı ki, bunlar artıq hansısa işdə istifadə edilir, buna inanmaq olmazdı. Çünki faktlar yoxdur. Mənim kimi adamların adını ora salmaq göstərir ki, onlar ümumiyyətlə, bu işə peşəkarlıqla yanaşmayıblar. Görünür, indiki dövrdə Azərbaycanın maraqlarına zərbə vurmaq o qədər vacibdir ki, belə məqamları fikirləşməyiblər.
– Siyahıda adı olan şəxslərin mütləq əksəriyyəti müxtəlif illərdə Rusiyada keçirilən tədbirlərdə iştirak edib. Ola bilərmi ki, siyahıya məhz tədbirlərdə iştirak edən şəxslərin adı salınıb?
– Hamının adından danışmaq istəmirəm. Mən tədbirlərdə, konfrans, seminar və dəyirmi masalarda iştirak edərkən hər zaman Azərbaycanın maraqlarını öndə tutmuşam və çıxışlarımı ölkəmin maraqlarına uyğun şəkildə qurmuşam. Burada daima Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun tarixi aspektləri, siyasi amilləri və ermənilərin təxribatçı rolunu ifşa edən çıxışlarım olub. Hər şey göz önündədir.
Kimsə ABŞ, İngiltərə və ya Ukraynaya gedir və tədbirdə iştirak edirsə, çıxış etməsi də qəbahət deyil. Həm də hansı məzmunda çıxış edirsən, nə danışırsan məsələsi də önəmlidir. Çıxışlarda Azərbaycanı müdafiə etmək, ölkənin maraqları naminə nə qədər faktlar, arqumenlər gətirmək və hücumedici addımlar atmaq əsas məsələdir.
Bəli, ola bilər ki, Rusiyada müxtəlif illərdə tədbirlərdə iştirak edənləri bu siyahıya salıblar. Onların məntiqinə görə, bu adamlar gələcəkdə onların “maraqlarına” işləməyə hazır ola bilərlər. Amma həmin siyahıda mənim tanıdığım adamlar var və onlar Azərbaycan dövlətinə, onun maraqlarına xidmət edirlər.
Dili bilmək və digər dillərdə çıxış etmək Azərbaycanın maraqlarına cavab verir. Əgər sən konkret fakt və dəlillərlə çıxış edirsənsə, deməli, düşmənə faktlar əsasında zərbə endirirsən.
– Siyahıda adı olan bir çox şəxslər bildirib ki, bu məsələ ilə əlaqədar hüquq-mühafizə və təhlükəsizlik orqanlarına müraciət edəcəklər. Sizin planlarınız necədir, müraciət etməyi düşünürsünüzmü?
– Düşünürəm ki, artıq müraciət etməyə ehtiyac yoxdur. Çünki Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlaması oldu və bu qurum məsələyə öz qiymətini verdi. Deyərdim ki, obyektiv və vaxtında verilən qiymətdir.
Reyting.az
araz.az xəbər portalı.