1600617838 418“Azərsu” ASC-in sədri Qorxmaz Hüseynov haqda bu günədək mediada müxtəlif tənqidi yazılar dərc olunub. Bu yazımızda isə söhbət “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovdan açılacaq. 

Son vaxtlar “Su Şefi”nin qardaşı Faiq Hüseynov barədə iddialar yayılmaqdadır. Belə ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı, ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində çalışan Faiq Hüseynovla bağlı redaksiyamıza yeni faktlar daxil olub.

“Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynov indiki vəzifəsinə qədər ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəis müavini vəzifəsində işləyib. Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki “Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılov Faiq Hüseynovun onun başına gətirdiyi oyunlarla bağlı redaksiyamıza müraciət edib.

Elnur İsmayılovun şikayətini araşdırarkən Faiq Hüseynovla bağlı çox maraqlı və şok məqamları üzə çıxarıb. Onu da qeyd edək ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynova qarşı korrupsiya ittihamları, onun qanunsuzluqları ilə bağlı materiallar, faktlar çox olduğundan, onlara bir yazı bəs etməz. Və bu səbəbdən biz onları hissə-hissə təqdim etməyə məcburuq.
Uzun müddət SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini vəzifəsində işləmiş Elnur İsmayılov işdən azad olunmasından şikayətçidir. İşdən çıxarılan rəis müavini Faiq Hüseynov tərəfindən təhdid olunduğunu deyir. Məlumat üçün bildirək ki, Geofizika və Geologiya İdarəsinin strukturuna 4 idarə, 1 elmi tədqiqat institutu daxildir.
Onu da bildirək ki, Fizuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, Şuşa şəhərciyində yaşayan məcburi köçkün İsmayılov Elnur Mənsur oğlu yeni ərizə ilə ölkə rəhbərliyinə növbəti açıq müraciətini edib.
Şikayətçinin dediyinə görə əvvəllər 5 ildən çox müddətdə ştatda Təhcizat şöbəsinin mühəndisi vəzifəsini tutmuş Faiq Hüseynov idarə rəisinin müavini vəzifəsində işləsə də, sözün əsl mənasında idarəyə sahiblik edib.

Prezidentə göndərdiyi şikayət məktubunda Elnur İsmayılov bildirir ki, idarə rəisi, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qəzəbinə tuş gəlib. Vətəndaş saytımız vasitəsilə prezidentə göndərdiyi şikayət məktubunda həmçinin “Azərsu” ASC rəhbərinin qardaşının qanunsuz əməllərindən bəhs edib:

“Mən əslən Fizuli rayonundanam. Erməni təcəvüzkarlarının torpaqlarımızı qəsb etməsi nəticəsində məcburi köçkün həyat yaşamaq məcburiyyətində qalmışıq. Ali təhsilliyəm. 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Nəqliyyatda Daşınmaların və idarəetmənin təşkili” fakultəsini bitirmişəm.

Silahlı Qüvvələr sıralarında həqiqi hərbi xidmətimi başa vurduqdan sonra – 28.08.2006-cı ildən, 18.07.2007-ci ilədək ixtisaslaşdırılmış Dəniz Neft Donanma idarəsinin “Zığ yük” rayonunda mühəndis dispetçer, 18.04.2007-ci ildən 17.09.2007-ci ilədək bu idarədə mühəndis, 24.09.2007-ci ildən 05.01.2009-cu ilədək ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyat Geofizika” idarəsində donanma üzrə rəis müavini, 05.01.2009-cu ildən 01.01.2010-cu ilədək ilə həmin idarədə Təchizat və Nəqliyyat üzrə rəis müavini, 01.01.2010-cu ildən 11.03.2014-cü ilədək isə bu idarənin rəis müavini vəzifələrində işləmişəm”.

Onun sözlərinə görə, Faiq Hüseynov dövlət əmlakını mənimsəməklə yanaşı, işçilərlə də kobud rəftar edib:

“11.03.2014-cü ildə bu idarənin rəis müavini işləsə də, sözün əsl mənasında, idarəyə sahiblik edən orada işləyən bütün işçilərdə kobud rəftar edib, onları söyüş və təhqirlərlə alçaltmaqdan həzz alan, qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə mövqeyindən sui-istifadə edən Faiq Hüseynovun qəzəbinə tuş gəlib işdən çıxarıldım. Buna səbəb isə Faiq Hüseynovun çirkli, korrupsioner, dövlət əmlakını talamaq kimi əməllərinə göz yummamağım olmuşdur.
Belə ki, F.Hüseynov Kəşfiyyat Geofizika İdarəsinin Elmi-Tədqiqat Gəmiləri, XDNDİ-nə təhvil verilən zaman gəmilərin komplektinə daxil olan bir ədəd geofizik qayığı izini itirmək üçün Hövsan qəsəbəsindəki bağ evində rənglətdirmiş, öz adına özəlləşdirib, oğlunun şərəfinə “İlyas” adı altında sənədləşdirmişdir.
Bundan başqa, 1 N-li Dəniz Seysmik Ekspedisiyası üçün alınmış, dəyəri 1 milyon manatdan çox olan ARAM ARİES seysmik stansiyası təzə adı altında alınsa da, idarəyə işlənmiş seysmostansiya gəlmişdir. Avadanlıqların ehtiyat hissələrinin adları ingilis dilindən tərcümə edilərkən bilərəkdən düzgün tərcümə edilməyərək, müəyyən dövrlər üçün eyni avadanlıqlar böyük fərqli qiymətlərlə mədaxil edilmişdir.

Məsələn, ARAM ARİES Ram yaddaş qurğusu 2010-cu ilin iyulunda bir ədədi 9432 manata alındığı halda, 2011-ci ilin noyabrında eyni predmeti 19.350 manata alınmışdır…”

İsmayılov bildirir ki, F.Hüseynov bu işləri kirvəsi Şamil Abdullayevlə birgə həyata keçirir:

“Bu ehtiyat hissələri sifariş verilməmişdən əvvəl F.Hüseynov, kirvəsi Şamil Abdullayev, KGİ-nin rəisi Namaz Yusubovun otağına dəfələrlə gələrək onuda bu avadanlıqlar üçün sifariş verməyə “razı salmağa” çalışmışlar və sonda buna nail olmuşlar. Həmin avadanlıqlar alındıqdan sonra F.Hüseynovla Namaz Yusubovun “xüsusi yaxınlığı” başlamışdır.

Avadanlıqların alınması həmişə məhz Şamil Abdullayevin iştirakı və şəxsən onun tərəfindən həyata keçirilir. İdarənin emal və interpitasiya sahəsi üçün müxtəlif dövrlərdə, müxtəlif qiymətlərə proqram təminatları alınmışdır. Həmin proqram təminatlarının heç biri orijinal olmayıb, heç birinin açarları yoxdur.

Bu barədə tərəfimdən idarənin rəisi Vaqif Abdullayevə dəfələrlə məlumat verilsə də, çatışmamazlıqların aradan qaldırılması üçün konkret heç bir addım atılmamışdır. Ümumiyyətlə isə bu işlərə idarədə Saşa adlı bir nəfər nəzarət edir.
Digər bir fakt, KGİ-si üçün alınmış dəyəri 300.000 manatdan çox olan “marşfonlar üçün kabel” lərin təyinatı bilinmədiyi və istehsalat işləri üçün yararsız olduğu məlum olmuşdur.

Həmin kabellər bir neçə il mərkəzi anbarda saxlanılmış, sonradan sahənin balansına verilmişdir. İstifadəyə yararsız olan bu kabellərə illərdir ki, amortizasiya xərci hesablanır. Amortizasiya xərci hesablanan başqa bir yararsız qurğu “Kompressor Explo 110 MPR” qazma qurğusudur. Bu qurğu “Acıvəli” sahəsində yoxlanarkən KGİ-nin görəcəyi iş üçün yararsız olduğu aşkarlanmamışdır. Bu barədə mütəxəssislər tərəfindən yerində akt tərtib edilib rəsmiləşdirilsədə, həmin qurğuda yararsız ola-ola sahəyə yazılmış və buna kimi bu qurğuya da amortizasiya xərci hesablanır”.

“Müqavilələrin şərtləri kobudcasına pozulur”

“17.08.2011-ci ildə GGİ-nin KGİ-nə daxil olmuş 326 N-li daxili qaimə ilə sənədləşdirilmiş “Proqress T-3” seysmostansiyasının ehtiyat hissələrinin ilkin qiymətlərini göstərən zavod qaiməsi təsadüfən mənim əlimə keçmişdi. Ehtiyat hissələrinin idarə üçün alqı-satqısını həyata keçirən Şamil Abdullayevin göstərdiyi qiymətlərlə zavod qaiməsindəki qiymətlər arasındakı fərq dəfələrlə yüksək idi.

Faiq Hüseynov məndən tələb edirdi ki, mən Şamil Abdullayevə Xəzərdəniz Neft Donanması İdarəsi tərəfindən keçirilən tenderin udulmasında ona yardımçı olum. Bu tenderdə 3 ədəd “ARİYA” tipli qayıq alınmalı idi. Mən bundan imtina etdikdən sonra bildim ki, qayıqlar Türkiyə Cümhuriyyətinin Tuzla şəhərində düzəldilib, hər birinin mühərriksiz qiyməti 164.000 manat, mühərrəklərin qiyməti isə 20-21 min avro dəyərində olub, bir qayıq üçün iki ədəd mühərrik nəzərdə tutulmuşdur.
İdarə tərəfindən xarici şirkətlərlə müqavilələr bağlanır. Çox vaxt bu müqavilələrin şərtləri kobudcasına pozulur. Müqavilələrdə 120 nəfər işçinin gəlməsi nəzərdə tutulduğu halda 70-75 nəfər işçi gəlirdi. Müqavilələr işçilərə təqdim olunmur. Bu barədə GGİ-nin rəhbərliyinə tərəfimdən məlumat verilsə də bir nəticə hasil olmadı.
İdarənin özünün ağır tonnajlı nəqliyyat vasitələri olduğu halda, qaldırıcı kranlar və daymanlar əksər hallarda “İLKİN-N” MMC-dən icarəyə götürülür?! Bu texnikalarda məsul şəxslərin məlumatı olmadan sifariş verilir və şəxsi istifadə üçün qeyri-məlum yerlərə göndərilir. Bu barədə də tərəfimizdən dəfələrlə GGİ-nin rəhbərliyinə məlumatlar verilmişdir”, – deyə İsmayılov yazır.
“Azərsu” ASC rəhbərinin qardaşının korrupsioner əməllərindən bəhs edən şikayətçi külli miqdarda dövlət əmlakının mənimsənildiyini qeyd edir:

“Hövsan sahəsində işləyən Rusiya Federasiyasına məxsus “Vasiliç” gəmisi Bakı limanına gələn vaxt rus şirkəti tərəfindən gətirilmişdi. Qaytarılma işidə bu şirkətin öhdəsində olduğu halda iş başa çatdıqdan sonra həmin gəmi XDNDİ-nin “İrgiz” yedək gəmisi vasitəsilə aparılmışdır.

Bunun üçün GGİ-nin XDNDİ-nin büdcəsinədən 100.000 (yüz min manat) manatdan çox vəsait ödənildi. Bu halda da dəfələrlə müqaviləni tələb etsəm də müqavilənin nə əsli, nə nüsxəsi, nədə surəti mənə təqdim edilmədi.

Halbuki vəzifə səlahiyyətlərinə görə bu müqavilələri tələb etmək hüququm var idi. İstifadəyə yararsız olan əmlakı anbarlarda saxlayıb, onlara amartizasiya xərcləri hesablandığı halda, idarənin balansında olan işlək avadanlıqlar və xüsusəndə kabellər yararsız adı altında silinərək yenisi alınır.

Konkret fakt kimi göstərə bilərəm ki, Neftçala rayonunun Qaramanlı kəndində işləyərkən 100 ədəd işlək vəziyyətdə olan seysmik kabel yararsız adı altında silinmişdir. Məndə olan dəqiq məlumatlara görə 2011-2012-2013-cü illərdə Mədən Geofizika İdarəsi üçün alınmış cihazların çoxu F.Hüseynovun Bakı şəhərində Nargilə kafesinin yaxınlığında yerləşən sexində yığılır. Bu sexi və bundan başqa bir neçə böyük obyektlərini F.Hüseynov şəxsən özü mənə göstərmişdi.

İdarənin Nəqliyyat Sexindən QAZ-66 avtomobillərinin köşkləri (butekları) Faiq Hüseynovun sərəncamına əsasən onun üçün aparılan şəxsi tikinti obyektlərində tikinti sahəsinin mühafizəçiləri üçün gözətçi köşkü kimi istifadə edilmişdir. İdarədə aparılan ixtisarlar zamanı F.Hüseynovun adamları xüsusi “imunitet” qazanırlar.

Bu gün idarədəki işçilərin 80-90 faizi Faiq Hüseynova sözsüz tabe olan şəxslərdir. F.Hüseynov geofiziki materialların satışına da şəxsən özü nəzarət edir. İşlədiyim dövrdə dəfələrlə geofiziklərin bu haqda danışdıqlarının şahidi olmuşam. Həmdə nə qədər qəribə olsada dəyərindən dəfələrlə ucuz qiymətə satılır?!
Faiq Hüseynovun GGİ-i şəxsi mülki kimi istifadə etməsini təsdiq edən faktlardan biri də idarədəki bütün yük və özüboşaldan avtomobillərə onun yaxın və uzaq qohumlarının sürücü olaraq işə qəbul edilməsidir. Bunu da o məqsədlə edir ki, bu maşınların şəxsi istifadəsi zamanı problem yaranmasın”.

Elnur Mənsur oğlu İsmaylov ölkə başçısına müraciət edərək bu qanunsuzluqların və talançılığın qarşısının alınmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edir. O həmçinin “Azərsu” rəhbərinin qardaşının onu ölümlə təhdid etdiyini də deyir:

“Bir daha qeyd etdiyim kimi mən məcburi köçkünəm. Evliyəm. Öhdəmdə iki azyaşlı uşağım var. Uşağımın biri anadangəlmə ürək qüsurludur. Özüm ali təhsilli mütəxəssisəm. Həyat yoldaşım işləmir, lakin bütün bunların heç biri Faiq Hüseynovu narahat etməmişdir. Bütün bunlar azmış kimi Hüseynov dəfələrlə həm üzbə-surət, həm də kənar şəxsər vasitəsilə məni ölümlə hədələyərək susmağımı tələb etmişdir. Lakin məni öz cinayətkar əməllərinə cəlb edə bilməyəcəyini anlayan F.aiq Hüseynov sonda məni ölüm təhdidləri ilə susmağa vadar etməyə çalışır!”

“Tenderləri necə keçirir, mülkləri necə əldə edib…”

“Müraciətimdə göstərdiklərim Faiq Hüseynovun mən bildiyim, yadımda qalan cinayət əməllərindən yalnız cüzi bir hissəsidir. Bu idarədə araşdırmalar aparılacağı təqdirdə hələ çox qanun pozuntuları aşkarlanacaqdır. Odur ki, göstərdiklərimi nəzərə alaraq ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyat geofizika” idarəsində iştirakımla araşdırmalar aparılmasına sərəncam verməyinizi sizdən xahiş edirəm. Sonda bir daha qeyd edim ki, yazdıqlarım Hüseynovun törətdiyi qanunsuzluqların cüzi bir hissəsidir“, – Elnur Mənsur oğlu İsmayılov bildirir.
Gələn yazımızda Elnur İsmayılovun təqdim etdiyi sənədlər əsasında Faiq Hüseynovun qısa zaman ərzində əldə etdiyi mülklərin siyahısını, Geofizika və Geologiya İdarəsində tenderlərin necə keçirilməsini, alınmış malların faktiki qiyməti və şişirdilmiş qiymətlərini və digər qanunsuz əməlləri barədə söhbət açacağıq.

Mövzuya qayıdacağıq. Bizi izləyin.

araz.az xəbər portalı.