301726Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyan öz “demokratik” imicini sürətlə xərcləməkdədir. “Məxməri” baş nazirdən ictimai narazılıq indi daha qabarıq şəkildə özünü göstərməkdədir. İrəvanda hökumət binası önündə intensivləşən etirazlar bunun bariz təsdiqi sayıla bilər. Üstəlik, koronavirus pandemiyası ilə bağlı sərt suallar və ittihamlarla üzləşən Paşinyan və komandası başqa bir ağır sınaqdan keçməkdədir. 
İttihamlardan biri və birincisi isə Paşinyan komandasının səriştəsizliyi ilə bağlıdır. Hər necə olmasa, hakimiyyət çevrilişindən keçən iki il yarımda ölkədə sosial-iqtisadi vəziyyət zərrəcə yaxşıya dəyişməyib, əksinə, müstəqil təhlillər və hesablamalara görə, ermənilərin yaşayışı bir az da bahalaşıb, yoxsulların sayı artıb. Artıq dünənədək inqilabı dəstəkləyən, ona böyük ümidlər bağlayan mass-media da Nikol Paşinyan və komandasına üz döndərib və “valı dəyişib”.
“Ermənistanın baş naziri heç olmasa xalqa xoş gələn bir iş görsəydi, hər kəs xoşbəxt olardı. Məsələn, bütün nazirlərinə açıq şəkildə, sərt şəkildə təpinsəydi”.
Musavat.com-un məlumatına görə, bu barədə Armenianreport.com-dakı redaksiya məqaləsində deyilir.
Məqalədə deyilir: “İnternetdə Qvineya prezidentinin ölkənin əmək nazirini küçədə döydüyü iddia edilən video yayılmışdı. Kadrlarda iş geyimində olan bir kişinin digərinə yumruqları ilə vurduğu əks olunur. Rəqib qaçmağa çalışır, ancaq bacarmır. Videonun alt hissəsindəki qeyddə bildirilir ki, Qvineyanın 82 yaşlı prezidenti Alfa Konde əlbəyaxa döyüşə girişib. Video bir çox KİV tərəfindən yayılıb. Nazirin guya korrupsiya səbəbindən ölkə liderini qəzəbləndirdiyi bildirilir. Lakin sonradan insidentin prezident və nazir arasında deyil, sadəcə, bir iş adamı və tabeçiliyindəki şəxs arasında yaşandığı bəlli olub. 
Prinsipcə, bunu videonun ilk saniyələrindən də anlamaq olar – döyən adam açıqca yaşlı birisi deyil və əla idman formasındadır. Nikol Paşiyan, yumşaq desək, əla atletik formada deyil, amma o, heç olmasa xalqa xoş gələn bir iş görsəydi, hamı xoşbəxt olardı. Məsələn, bütün nazirlərinə açıq şəkildə, sərt şəkildə təpinsəydi. Nədən ki, onlar öz savadsız və səriştəsiz işləri ilə, korrupsiyalaşmaları ilə və hamıdan asanca canlarını qurtaracaqlarına inamları ilə xalqı boğaza yığıblar”.
Müəllif ardınca ölkədə COVİD-19-la bağlı davam edən ağır duruma diqqət çəkir.
“Budur, koronavirusa yoluxanlarla bağlı yeni qorxunc statistika açıqlanıb. Ölkəmiz bu göstərici üzrə rüsvayçı liderliyini saxlayır və möhkəmləndirir – həm ümumi say üzrə, həm də əhali sayına nisbətdə. Ancaq yüksək rütbəli məmurlardan heç kim istefa etməyib. Hərçənd Nikol Paşinyan başda olmaqla, hamısı getməli idi. Lakin, Paşinyan Belarusdakı Lukaşenkodan da güclü şəkildə hakimiyyətdən yapışıb. Və artıq o, Ermənistanın ən böyük probleminə çevrilib. Hakimiyyətin populizmi və qeyri-peşəkarlığı respublika iqtisadiyyatında kollapsa səbəb olub. Ancaq bu, yalnız başlanğıcdır. Koronavirus geri çəkilmir və o səbəbə ölkələr arasında və ölkə içində çox məhdud iqtisadi əlaqələr hələ uzun müddət davam edəcək. Ermənistan bütün bunların öhdəsindən gələ bilməyəcək”, – deyə, məqalədə təlaşla vurğulanır.
Ermənistanın əsas problemləri qarşısında hökumətin aciz qaldığı xüsusi vurğulanan təhlili yazıda daha sonra deyilir:
“Bizdə işsizlərin sıraları sıxlaşır. Eləcə də ölkəni tərk etmək üçün hər cür fürsət axtaranların sayı artmaqdadır. Səlahiyyətli orqanların vədlərinə rəğmən, Ermənistana sərmayə axını gözlənilmir. Dünya özünə bağlanır, özünə qapanır, kimsə kimsəni maraqlandırmır. Bu fonda isə hökumətimiz üstəlik, buraxdığı səhvlər hesabına həm Qərbi, həm də Rusiyanı Ermənistandan uzaqlaşdırdı. O zaman kimə stavka edək bəs?! Səlahiyyətli orqanların bu suala dəqiq cavabı yoxdur. 
Fakt budur ki, Paşinyan Lukaşenkanı prezident seçkilərində uğurlu saxtakarlıqlar münasibətilə təbrik etməklə öz demokratik baqajını da ləğv etməyi bacarıb. Belarus xalqı bütün bunları gördü və xatırlayacaq. Hamının Ukraynada gördüyü və xatırladığı kimi – hansı ölkə ki, Azərbaycan, Türkiyə və Gürcüstanı öz strateji tərəfdaşları elan elədi. Bizim ölkə xatırlanmadı. Hərgah, Paşinyan hər şeyi düzəltmək, irəliyə sıçrayış eləmək üçün tarixi şansa sahib idi. Buna cəsarəti çatmadı. Rusiyanın köməyinə inandı. O Rusiya ki, inqilabdan narazılığını açıq şəkildə nümayiş etdirir və öz informasiya təbliğatçılarını Ermənistan istiqamətinə qısqırdır. İndi isə Moskva Ermənistan və “artsax”a Azərbaycan və Türkiyənin açıq təhdidlərə qarşı heç nə etmir. Yəni biz Rusiya ilə strateji müttəfiq statusuna sahib olsaq da, onun bizi müdafiə edəcəyinə əmin deyilik. Özü də bu zaman biz Lukaşenkonın Belarusu kimi Rusiyanın müttəfiqləri sırasına daxil olmuşuq. Təkcə bu olsaydı, dərd yarıydı…”
araz.az

araz.az xəbər portalı.