26 fevral, 1992-ci il…
Həmin günün quşbaşı qar yağan sərt qış gecəsi.
Mirkazım SEYİDOV,
O gecə Xocalı elə bir dəhşət yaşadı ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Bu, 1988-ci ildən Topxana meşəsində ağac kəsimiylə başlayan, 20 Yanvar faciəsi ilə şiddətlənən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan qanlı hadisələrdən biri idi.
Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş bu soyqırımı, öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə, bəşər tarixində bir vəhşilik aktıdır. Bunu, gec də olsa, beynəlxalq qurumlar da, güc dövlətləri də rəsmən qəbul etdilər. Bu, ona görə gec oldu ki, beynəlxalq arenada erməni yalanları çoxdan bizdən xəbərsiz bizə «torba tikirmiş». Kütləvi informasiya vasitələrinin məsələləri birtərəfli və həmişə erməni separatçılarının xeyrinə işıqlandırması da, bu səbəbdən idi və öz rolunu oynayırdı. Ermənistanın Azərbaycana silahlı təcavüzü, Konstitusiyaya zidd, təhrikçi “qanunlar” qəbul etməsi Azərbaycan xalqının milli təəssüb hissini, siyasi gərginliyi artırırdı. Kütləvi informasiya vasitələrinin məsələləri birtərəfli və həmişə erməni separatçılarının xeyrinə işıqlandırması da, burada öz rolunu oynayırdı.
Mənim kimi, xaricdə yaşayan, milli təəssüb hissi böyük həmvətənlərimiz bu müsibətə görə, daha çox narahat olurdu…
…Ümumiyyətlə, ermənilərin həyata keçirdikləri türk-müsəlman soyqırımları həmişə öz dəhşətləri ilə, yadda qalan olub. 1915-ci ildə Xoy və Salmas şəhərlərində 100 mindən artıq Azərbaycan türkünün öldürülməsi, 1917-ci iln əvvəllərindən, 1918-ci ilin martınadək olan müddətdə İrəvan quberniyasında 197 kəndin talan edilməsi, bu kəndlərdə yaşayan 135 000 nəfər azərbaycanlının vəhşicisinə öldürülməsi və yurd-yuvalarından didərgin salınması, 1918-ci ildə isə, Urmiya şəhərində 10 mindən artıq Azərbaycan türkünün xüsusi qəddarlıqla qətlə yetirilməsi əsl dəhşət olub.
Erməni vandalizmi yalnız bu dəhşətlərlə qurtarmayıb. 1918-ci ilin payızında Zəngəzur qəzasının 115 kəndi yandırılıb. Həmin kəndlərdə 7729 nəfər (3257 kişi, 2276 qadın, 2196 uşaq) qətlə yetirilib və 2339 nəfər isə (1060 kişi, 794 qadın, 485 uşaq) şikəst edilib. Bu ərəfədə, digər yaşayış məntəqələrində daha 19 amansız qəddarlıq hadisəsi qeydə alınıb.
Ömrü iki il olmuş Azərbaycan Demokratik Respublikasının Fövqəladə İstintaq Komissiyası 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı ermənilər tərəfindən edilən vəhşilik və zorakılığa dair 36 cildlik, 3500 səhifəlik istintaq materialları hazırlayıb. İstintaq materiallarından göründüyü kimi, ermənilər tərəfindən təkcə 1920-ci ilin iyul ayında Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 gənc qız və qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə odda yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160000 nəfər azərbaycanlı güneyə pənah aparmışdır. Vedibasarda isə, 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşindən ölmüş, 6 qadın əsir aparılmış, 300-dən çox uşaq və qocanın həyatına son qoyulmuşdur. Dərələyəzdə 74, Şərur və Şahtaxtı rayonlarında isə, 76 kənd yerlə-yeksan olunub, yandırılmışdır. Şərurda 810 xəstə yatağında qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, artilleriya atəşindən 72 nəfər həlak olumuş, 153 qoca kişi və qadın həyatı ilə vidalaşmışdılar. Şahtaxtında isə, 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi. 8 qarı və 9 xəstə öldürülmüşdür. 1918-ci ilin mart-aprel olaylarında erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakıda 12-15 min müsəlman qanına qəltan edilmişdir.
80-ci illərin sonunda Qərbi Azərbaycandan (Ermənistandan) türk-müsəlman əhalisinin qovulması zamanı da dəhşətli olaylar baş verib. Xəstəxanada həkimlər tərəfindən 2 nəfər öldürülüb, 41 nəfər döyülərək qətlə yetirilib, 10 nəfər asılıb, 3 nəfər boğulub, 49 nəfər qaçarkən soyuqdan donub, əzab-işgəncə ilə 2 nəfərin başı kəsilib və s, və i.
Ümumiyyətlə, hadisələr zamanı Qərbi Azərbaycanda öldürülən 216 nəfərin 57 nəfəri qadın. 5 nəfəri qoca, 18 nəfəri uşaqdır.
Bu müsibətlərin davamı olan ötən əsrin Xocalı faciəsi daha dəhşətli idi. 7000 nəfərdən çox əhalisi olan Xocalının dərdi bizləri bu gün də göynədir. Tam şəkildə didərgin salınan əhalisinin, 600-dən çoxu xüsusi amansızlıqla qətlə yetirilib.
…1990-cı ilin yanvar ayının 19-dan 20¬sinə keçən gecə ən müasir silahlarla silahlanmış ordunun Bakıya daxil olub, yalın əllə torpağını müdafiə etmək istəyən oğullarımızı, qızlarımızı qana bələməsinin, Xocalı qətliamından heç bir fərqi yox idi. Fərq yalnız onda idi ki, Xocalı dəhşətində düşmən, ayrı¬ayrı soyların sonuna çıxırdı.
Xocalı soyqırımı haqqında rəsmi məlumatlarda göstərilənlər də, bunun faktiki təsdiqidir. Həmin gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini zəbt edib, soyqırımı törətməsi, tarixə qanla həkk edilən qatı cinayətdir. Günahkarları, sonda layiqli cəzalarını alacaqlar — geci, tezi var. Çünki şəhəri yerlə yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə tarixdə analoqu olmayan qanlı divan tutub. Bu qırğının nəticəsində həlak olan 613 nəfəin 63 nəfəri uşaq, 106 nəfəri qadın,
70 nəfəri qoca olub, 8 ailə tamamilə məhv edilib,
25 uşaq hər iki valideynini,
130 uşaq isə, valideynlərindən birini itirib, 487 nəfər yaralanıb,
1275 nəfər əsir götürülüb,
150 nəfər itkin düşüb.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.
Bu rəqəmlər, o vaxtkı Ermənistan SSR hökumətinin dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə, 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Əhalinin tarixən məskunlaşdığı, qədim tarixi adibələri olan bir yaşayış məskəni — Xocalı yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid Gədəbəy mədəniyyətinin abidələri yerləşib. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılıb, həmçinin memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) olub. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları… da tapılıb. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılıb.
Ə Əhalisi, əsasən, üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub, şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb fəaliyyət göstərib.
Sovetlər dönəmində baş vermiş Fərqanə (Özbəkistan) hadisələri zamanı qaçqın düşən 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulan azərbaycanlıların bəziləri də, burada məskunlaşıbmış.
Erməni tərəfinin sonrakı etirafı da göstərir ki, daşnak silahlı dəstələrinin başlıca vəzifəsi, 1991-cı ilin oktyabrından blokadada olan, həmin ilin oktyabr ayının 30-dan avtomobil əlaqəsi kəsilən, ümidi yalnız vertolyota qalan bu vacib strateji məkanı, ən əsası Xocalı platsdarmını məhv etmək, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunu, azərbaycanlıların nəzarətində olan hava limanını ələ keçirmək olub. Xocalı platsdarmının məhvi ifadəsi də, ermənilər tərəfindən törədilmiş bu qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.
Həmin günlərdə azərbaycanlı silahlı qüvvələrin Xocalı sakinlərinin köməyinə çata bilməməsi ucbatından, hətta meyitlərin götürülməsi belə mümkün olmayıb. Bu zaman, ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparıb, aşkar edilənləri əsir götürüb, ağlasığmaz işgəncələrə məruz qoyub.
Göstərilən bu vəhşiliklər, həm də onun sübutudur ki, amansız qəddar düşmən, əhalisi kimi, bu qədim yaşayış məskəninin özünə də divan tutub; Bütün bunlar əsl soyqırımı, milli tarixə, insanlığa qarşı əsl vandalizmdir!..
…Yuxarıda qeyd etdiyim kimi, o vaxtlar həmyerlilərinə qarşı törədilən belə vəhşiliklər, xaricdə yaşayan soydaşlarımızı daha çox narahat edirdi. Sovetlər dönəmindən üzübəri uzun zaman, mən də, xaricdə yaşamışam. Bu müddət ərzində Vətən naminə əlimdən gələni əsirgəməmişəm. Ümummilli liderin banisi olduğu milli dövlətçiliyimizin, mədəniyyətimizin, ən əsası, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin təbliğinə, daha çox Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifəsi olan Xocalı soyqırımının tanınması üçün əlimdən gələni əsirgəməmişəm. Bir qələm sahibi kimi, yaradıcılığımı da, bu istiqamətlərə yönələn vacib işlərə sərf etmişəm.
Yaşadığım Rusiya Federasiyasının Novosibirsk vilayətində fəaliyyət göstərən və rəhbəri olduğum təşkilatın, o cümlədən buradakı Azərbaycan diasporunun xətti ilə keçirdiyim Xocalı soyqırımının tanınması istiqamətli olduqca təsirli tədbirlər zamanı, dəfələrlə mənfur düşmən təcavüzünə də məruz qalmışam. Nəticədə, uzun zaman xəstəxanada müalicə almış, səhhətimdə yaranan ciddi problemlər ucbatından və mənəvi-psixoloji gərginlikdən çıxmaq üçün, müalicəmi başa çatdırdıqdan sonra, bundan sonrakı taleyimi doğma Vətənlə bağlamağı qərara almışam.
Bütün bunlara baxmayaraq, indinin özündə belə, ölkədaxili ictimai-siyasi fəaliyyətimlə bərabər, respublika hüdudlarından kənardakı əvvəlki işlərimi də davam etdirir, Azərbaycan həqiqətlərinin təbliği yönündə olan böyük layihələrdən ibarət tədbirlərin layiqincə həyata keçirilməsinə öz köməyimi əsirgəmirəm. Bütün bunları ona görə deyirəm ki, Azərbaycan dövlətçiliyi naminə, həqiqətlərimizin dünyaya çatdırılması üçün, hər bir azərbaycanlı, ölümdən belə qorxmadan çalışmalıdır; Belə olmasaydı, indi sülhsevər bəşəriyyət Xocalı faciəsinə, qanla «yoğrulan» bu dəhşətə soyqırımı qiyməti verməzdi. Mən, bütün soydaşlarımı bu istiqamətdə çalışmağa, maddi imkanlarının qapısını da, bu hisslərin üzünə açmağa səsləyirəm. Səhhətimdə, bu günün özündə də, ciddi problemlər olmasına baxmayaraq, özüm bu günlərdə Rusiya Federasiyasının ən böyük regionlarına səfərə hazırlaşıram — vacib ideyalı əvvəlki işlərimi davam etdirmək, Azərbaycan Cumhuriyyətinin 100 illiyi, ulu öndər Heydər Əliyevin qarşıdan gələn yubileyi ilə bağlı möhtəşəm layihəli tədbirlər keçirmək, bir də ki, ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinin, bu seçkilərdə, özüm kimi, hamının möhtərəm prezidentimiz İlham Əliyev cənablarının namizədliyini dəstəkləməyin vacibliyinin səbəblərini soydaşlarımıza çatdırmaq üçün!
Vətənin, xalqın xoş gələcəyi naminə, ata¬babalarımız demişkən, hamının «çəkici bir yerə vurmasının» artıq vaxtı çatıb: Bu olarsa, Qarabağ da tezliklə özümüzün olar, dəhşətli Xocalı soyqırımını törədən qatı cinayətkarlar — daşnaklar da, layiq olduqları cəzalarını alarlar. Bu — həqiqətdir!
Araz.az
araz.az xəbər portalı.