1600693474 1a4c266f 58b9 4396 b6d5 f326e4970778 w408 r1 s“Biz bir həftə əvvəl Heydər Əliyev Fonduna yazdıq ki, fondun Türkiyədə Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamasından imtina edirik. İmtinanın səbəbi odur ki, artıq 11 aydır Oqtay bəyin başına bu hərəkətlər gətirilib, yəni mən buradan açıq deyərdim ki, Oqtay bəyə sui-qəsd olub, bu vaxta kimi hələ heç bir məhkəmə işləri aparılmır.”

Gundemxeber.Az bildirir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyeva Amerikanın Səsinə müsahibəsində bildirib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Başından aldığı zədə nəticəsində hələ də komadadır.

Fakt üzrə Oktay Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb.

Oqtay Gülalıyev ötən ilin sonlarından Heydər Əliyev Fondunun yardımı ilə İstanbulda “Amerika” hospitalında müalicə olunur.

Füruzə Gülalıyeva deyib ki, Oqtay Gülalıyevin vəkili Fuad Ağayevə və nümayəndəsi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə iki dəfə vəkalətnamə verib.

“Bir dəfə vəkalətnamə verəndən sonra deyirlər ki, onu imzanızla təsdiq etməlisiniz. Burada, Türkiyədə deyirlər ki, başa düşə bilmirik, vəkalətnamə verəndə onsuz da imza ilə təsdiq edilib göndərilir. Bunlar nə istəyir? Artıq 11-ci aydır bəhanə gətirə-gətirə gedirlər. Oqtayın vəkili Fuad Ağayev müxtəlif vəsatətlər verib, amma heç bir nəticə yoxdur. Nə Oqtayı vuran şəxslə, nə xəstəxanalarla bağlı vəkilin verdiyi vəsatətlər təmin edilməyib. Ona görə biz məcburuq. Bizim Oqtay bəylə bağlı Heydər Əliyev Fondunun xərclərindən şikayətimiz yoxdur, məhkəmələrlə bağlı şikayətimiz var. Bəhanə gətirirlər ki, Oqtay bəyin özü olmalıdır. Mehman bəy dəfələrlə deyib, bu adam komadadır, özü necə ola bilər?” o sual edib.

Füruzə Gülalıyeva deyib ki, Heydər Əliyev Fondu müalicə xərcələrini tam ödəyir.

“Biz sadəcə olaraq istintaqın gedişinə etiraz edirik. Bunlar deyirlər ki, Oqtay bəyin özü gəlsin. Bu səbəbdən də biz yazmışıq ki, istintaq belə tələb etdiyi üçün Oqtay bəyi Azərbaycana götürək.”

O Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla telefonla danışdığını deyib.

“O mənə bildirdi ki, Heydər Əliyev Fondu maliyyə işlərinə baxır, məhkəmə işlərinə baxmır. Mən ona dedim ki, siz Heydər Əliyev Fondunun icraçı direktoru ilə yanaşı məsul şəxslərdən birisiniz. Dedim ki, necə olur ki Tofiq bəyin (Tofiq Yaqublu-red) işini iki-üç ayda düzüb-qoşdunuz (onda Tofiq bəy hələ azad edilməmişdi) 4 il 3 ay iş verdiniz. Amma, on bir ay keçməsinə baxmayaraq Oqtay bəyin işi ilə bağlı heç bir iş görülməyib, heç kim məsuliyyətə cəlb olunmayıb. Oktyabrın 29-da Oqyat bəyin avtomobillə vurulmasının bir ili tamam olacaq, amma nə xəstəxanalar, nə vuran şəxs, nə də sifarişçi məsuliyyətə cəlb edilməyib,” o qeyd edib.

Oqtay Gülalıyevin səhhətinə gəlincə Füruzə Gülalıyeva deyib ki, səhhəti hazırda yaxşıdır.

“Qızdırması yoxdur. Hər hansı infeksiyası yoxdur. Əllərini tərpədir. Əl hərəkətləri bir qədər güclənib. Baxışları daha da dolğunlaçşıb, çəkisi artıb. Amma, hələ də komadadır, komadan tam ayılmayıb,” o qeyd edib.

Baş Prokurorluq və Heydər Əliyev Fondu Gülalıyevlər ailəsinin müraciətinə hələ şərh verməyib.

Bununla yanaşı, sentyabrın 19-da hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinin qanuni nümayəndələri vəkil Fuad Ağayev və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Nəsimi rayon prokuroru Həsən Xanifəyev ilə görüşüb.

Görüş zamanı zərərçəkənin həyat yoldaşı Firuzə Gülalıyevanın təkid etdiyi kimi istintaqın gedişi və cinayət işi materiallarının məhkəməyə verilməsi proseduru barədə fikir mübadiləsi aparılıb.

Mehman Əliyev bildirib ki, prokuror onları əmin edib ki, gələn həftənin əvvəlində bu istiqamətdə müsbət qərarlar olacaq.

Gülalıyevin nümayəndələri qeyd ediblər ki, öz müraciətlərini rəsmi yazılı formada ediblər, lakin indiyədək yalnız şifahi şəkildə cavablar alıblar. Onlar cavabların qanunvericiliklə müəyyən edilmiş formada təmin edilməsinə çağırblar.

Sentyabrın 18-də Mehman Əliyev baş prokuror Kamran Əliyevə məktub göndərib. Məktubda o, vəkil Fuad Ağayevin vəsatətlərinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini, habelə istintaq materiallarının baxılması üçün məhkəməyə verilməsinin sürətləndirilməsini xahiş edib.

Bundan öncə, 2020-ci il iyulun 4-də Nəsimi rayon prokuroru Həsən Hənifəyev Gülalıyevin vəkili Fuad Ağayevi və Mehman Əliyevi qəbul edib.

İyulun 4-də keçirilən görüşdə prokuror Hənifəyev bildirib ki, istintaq baş verənlərin mənzərəsinin tam bərpasında və işin ədalətli şəkildə araşdırılmasında maraqlıdır.

İstintaqın marağı çərçivəsində prokuror Oqtay Gülalıyevin işini aparan əməkdaşlara tapşırıb ki, zərərçəkənin nümayəndələri ilə bundan sonra sıx ünsiyyət təmin edilsin. Bununla belə iki aydan çox keçib, vəkil hələ də vəsatətə rəsmi cavab ala bilməyib.

Gundemxeber.Az

araz.az xəbər portalı.