Mirkazim_Seyidov.jpg


Prezidentin seçkinin ertələnməsi qərarı, daha çox, Azərbaycanın beynəlxalq arenada uğurlarının genişlənməsinə, ağrılı Qarabağ münaqişəsinin həllinə, özbaşınalıqları və qanunsuz əməlləri ilə, ulu öndər Heydər Əliyevə olan ümumxalq sevgisinə xələl gətirən harın məmurların hakim komandadan uzaqlaşdırılmasına hesablanıb  

Rusiya Federasiyasının Novosibirsk vilayətində fəaliyyət göstərən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun qurucusu və rəhbəri, Azərbaycan Respublikaçılar Partiyası sədrinin birinci müavini, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair¬publisist, fəal diasporçu Mirkazım Seyidovun araz.az saytının əməkdaşına müsahibəsi.

        

— Mirkazım müəllim, bu ilin  aprel ayının 11-də  Azərbaycanda ertələnmiş prezident seçkiləri keçiriləcək. Bu seçkiləri necə qiymətləndirirsiniz?

 — Prezident seçkiləri oktyabrda keçiriləcəkdi, lakin ölkə başçısının sərəncamı ilə, aprelin 11-nə təyin edildi.  Azərbaycan dövləti üçün mühüm qərarlardan biri hesab etdiyimdən, mən, əvvəlcə bu məsələyə diqqət çəkmək istəyirəm. Dövlət başçısının bu qərarı ilə bağlı absurd iddialar səsləndirilə, kimlərsə, ictimai rəyi yanıltmaq üçün, ortaya müxtəlif fikirlər ata bilər. Lakin bunun dövlətçiliyimizin gələcəyi naminə tarixi qərar olduğunu unutmamalıyıq. Düzdür, ölkənin bəzi ictimai¬siyasi təşkilatları bu qərara «başqa don geydirmək» istədilər. Biz də, Rusiya Federasiyasındakı nüfuzlu diaspor təşkilatlarımızın çoxsaylı üzvləri adından, bu qərarla bağlı dünya azərbaycanlılarına müraciət qəbul edib, pprezident seçkilərinin ertələnməsinin vacib səbəblərini soydaşlarımıza çatdırıb, prezidentə dəstək olduğumuzu bəyan etdik: Bu, həm də səs¬küy qoparmaq istəyənlərə layiqli cavab idi, sağ olun, araz.az saytında müraciətimizə Siz də yer ayırdınız.

    Onu da qeyd edim ki, tarixi qərar məsələsinə gəldikdə, burada iki məqama diqqət çəkmək vacibdir. Birincisi, Dağlıq Qarabağla bağlıdır. Çünki Azərbaycan prezidenti möhtərəm İlham Əliyev cənabları, özünün bütün siyasi fəaliyyətində, ərazi bütövlüyümüzün bərpa olunması məsələsini ön plana çıxarıb. Seçkinin vaxtının aprelin 11-nə təyin olunması da, ilkin olaraq, buna hesablanıb; Ona görə ki, bu ilin aprelində, Ermənistanda da, seçkilər keçiriləcək. Azərbaycanda prezident seçkiləri oktyabrda keçirilsəydi, bu, danışıqlar prosesinin uzanmasına səbəb olacaq, işğalçı ölkə seçki fasiləsindən sui¬istifadə edəcəkdi. Seçkilərin apreldə keçirilməsi isə, Qarabağ danışıqlarında fasilənin yaranmasının birbaşa qarşısını alacaq.

Digər tərəfdən, bu mühüm qərarla Ermənistanın ata biləcəyi təxribat addımlarının da qarşısı alınmış oldu. Çünki apreldə Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyətləri başa çatır. Bundan sonra Ermənistan parlament üsul-idarəsinə keçid edəcək və ölkədə əsas şəxs Baş nazir olacaq. Sarkisyan Baş nazir olaraq, hakimiyyətini davam etdirməyi planlaşdırır. Mümkün idi ki, Ermənistan hakimiyyəti keçid məsələsini apreldə həll edəndən sonra, erməni ictimaiyyətinin diqqətini ölkədaxili problemlərdən yayındırmaq və mövcud rejimin əvəzolunmazlığını sübut etmək üçün, Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi əvvəlcədən planlaşdırılmış  oktyabr ayında, Dağlıq Qarabağda təxribat addımları atacaqdı. Azərbaycan prezidenti Ermənistanın gözlənilən bu oyununu da pozdu. Görünən də, açıq¬aşkar budur ki, ölkədə təhlükəsizliyin qorunması, mövcud sabitliyin davam etdirilməsi, burada əsas zərurətlərdir.

    İkinci məsələ, xaricdəki anti-Azərbaycan qüvvələrin dövlətimizə qarşı ata biləcəkləri addımların qarşısını almaqdır. İndiyə qədərki təcrübə də, tərkibində erməni lobbisinin  olduğu anti-Azərbaycan qüvvələrin, bu dəfəki prezident seçkiləri zamanı da, ölkəyə müdaxiləyə hazırlaşdığını deməyə əsas verir. Buraya, siyasi təzyiqlərdən tutmuş, təxribat xarakterli addımlara qədər müxtəlif planlar daxildir. Böyük ehtimalla, bu qüvvələr bütün addımlarını oktyabr ayına qədər işə salmağı planlaşdırırdı. Lakin dövlət başçısının bu möhtəşəm siyasi gedişi, faktiki olaraq, anti-Azərbaycan qüvvələri mat vəziyyətinə saldı.

      Göründüyü kimi, əsas məqsədlərdən biri də, Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsi, suverenliyinin qorunması, bu istiqamətli mümkün təhlükələrin qarşısının alınıb, dəf edilməsidir.

      — Azərbaycanın seçki təcrübəsi növbəti prezident seçkilərinin demokratik və şəffaf keçiriləcəyini deməyə əsas verirmi?

     — 1993-cü ilin 3 oktyabrında Azərbaycanda demokratik seçkilərin keçirilməsinin əsası qoyulub. 1993-cü ilin may-iyununda, Azərbaycanda siyasi hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə, ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq ümummilli lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə, ayağa qalxıb. Onda, Azərbaycanın o zamankı rəhbərləri, Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə, Milli Məclisin qərarı ilə, ulu öndər Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin ilin oktyabr ayının 3-də, ümumxalq səsverməsi nəticəsində, Heydər Əliyev Azərbaycan prezidenti seçildi. Ölkəni dağıtmaq istəyən və mərkəzdən qaçan qüvvələri neytrallaşdıran Heydər Əliyev, ən demokratik şəkildə, xalqın seçiminə uyğun olaraq, Azərbaycan Respublikasının prezidenti seçildi. Və, elə, bundan sonra, milli və dovlət maraqlarımıza uyğun olaraq, geniş müzakirələrdən sonra, ümumxalq dəstəyi ilə,  yeni Konstitusiyamız qəbul edildi.  Azərbaycanda demokratik seçkilərin əsası də, məhz, bu seçkilərdə qoyuldu. Ölkəmizdə demokratik seçki ənənəsi, elə, həmin seçkilərdən indiki seçkilərə qədər davam etdirilib və davam etdiriləcək də.

     Xatırlayırsınızsa, 1998-ci ilin oktyabr ayının 11-də keçirilən seçkilərdə Heydər Əliyev 76,1 faiz səslə yenidən prezident seçildi. Onda Heydər Əliyevə Azərbaycan siyasi səhnəsində heç bir arternativ yox idi. 2003-cü ilin oktyabr ayının15-də keçirilən prezident seçkilərində isə, namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev, səhhətində yaranan ciddi problemlərlə əlaqədar, seçkilərdə iştirak etməkdən imtina etdi. Əvəzində, onun siyasi varisi, xalqın böyük etimadını qazanan İlham Əliyev seçkiyə getdi və prezident seçildi. Məhz, Heydər Əliyev məktəbinin yetirməsi olan İlham Əliyev, Azərbaycanı bütün sahələrdə daha yüksək zirvələrə qaldırmağa nail oldu.  Bu gün Azərbaycan siyasi səhnəsində İlham Əliyevə alternativ olacaq heç kim yoxdur və bunu görmürəm də.

      — Seçkilərin nəticələrinin necə olacağını düşünürsünüz?

       — Bu seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapacaq. Təbii ki, xalqın yenidən İlham Əliyevi prezident seçəcəyinə şübhə yoxdur. Çünki, məhz, bu şəxs, Azərbaycan dövlətinin möhkəmlənməsini, suverenliyimizin güclənməsini təmin edib. Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, Azərbaycan xalqının rifahı naminə gördüyü işlər, ölkəmizi beynəlxalq arenada zirvələrə qaldırması onun əvəzedilməz lider olduğunun əsas göstəriciləridir. Məhz, onun siyasəti nəticəsində bu gün Azərbaycan region iqtisadiyyatının 80 faizini özündə birləşdirir. Ölkəmizdə, bugünkü dünyada ən vacib amil olan sabitlik hökm sürür, insanların həyat səviyyəsi getdikcə yüksəlir. Məhz, o, Azərbaycan bayrağını Lələtəpəyə sancmaqla, 23 illik qələbə həsrətimizə son qoydu, torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Görürnən budur ki, Qarabağın işğaldan azad edilməsinin yolu da, İlham Əliyevə dəstəkdən keçir. Xalq bütün bunları görür, ona görə də, seçkidə birmənalı şəkildə dövlət başçısına dəstək verəcək. Biz də, prezident İlham Əliyevi sona qədər dəstəkləyəcəyik. Lakin bəzi problemli məqamların həll olunmasını istəyirik.

        — Yəni, problemli məqam dedikdə, nəyi nəzərdə tutursunuz? Bu, həllini tezliklə tapmalı hansı problemlərdir?

        — Bildiyiniz kimi, ölkə rəhbəri özünün xalqın xidmətçisi olduğunu dəfələrlə bəyan edib. Öz doğum gününü cəbhə bölgəsində keçirib, daim vətəndaşların yanındadır. Həmişə məmurlara xalqa layiqli xidmət göstərməyi tövsiyə edir. Lakin, çox təəssüf ki, bir çox rahat kreslo sahibləri harın həyat tərzindən əl çəkmir, bununla da, ölkə rəhbərinin gözəl idarəçilik işinə kölgə salırlar. Onların övladları bahalı maşınlarını paytaxtın küçələrində elə sürürlər ki, sanki «Formula¬1» yarışlarındadırlar. Yerlərdə, kiçik məmurlar belə, insanlara ağalıq etməyə çalışırlar. Məhz, bu neqativ hallar aradan qaldırılmalıdır. Çünki belə məmur davranışları, nəinki siyasi hakimiyyətin, bütövlükdə Azərbaycan dövlətinin əleyhinədir. Onlar beləcə xalqı mövcud hakimiyyətdən, həm də, öz qanunsuz və özbaşına əməlləri ilə, nüfuzlu və söz sahibi olan beynəlxalq qurumları dövlətdən incik salırlar. Hesab edirəm ki, dövlət və hakimiyyət əleyhinə olan bu iyrəncliklər təcili aradan qaldırılmalıdır.

      — Buna qarşı ölkə rəhbəri hansı vacib tədbirlərə əl atmalıdır?  Bu iyrəncliklərdən yaxa qurtarmaq üçün, ictimai¬siyasi qurumlar da, hansısa sərt addımlar planı düşünməlidirlərmi?

      

     — Fikrimcə, belə məmurlar idarəçilik sistemindən uzaqlaşdırılmalıdır. Dövlət baçısı idarəçilikdə daim neqativ halları aradan qaldırır. İndiyə qədər onlarla məmur cəzalandırılıb, əminik ki, bundan sonra da, bu siyasət davam edəcək. Xalqa xidmət etməyən məmur bu dövlətin düşmənidir. Onlar həm də dövlət başçısının siyasətinin əleyhinə çıxırlar, həm də xalqın xoş güzəranının. Bu səbəbdən, ölkənin ictimai¬siyasi qurumları da, ölkə başçısının bu mübarizəsində, onun yorulmaz köməkçisi olmalıdırlar.

             

         — Bəzi məlumatlar var ki, 11 aprel seçkilərindən dərhal sonra, bir çox belə məmurların idarəçilikdən uzaqlaşdırılıb, məsuliyyətə cəlb olunmaları gözlənilir? Bu məlumatları nə dərəcədə doğru hesab edərdiniz?

      — Ümid edirik ki, bu, baş verəcək. Çünki dediyim kimi, belə məmurlar prezident İlham Əliyevin əziyyətlə həyata keçirdiyi möhtəşəm işləri korlayırlar. Axı, nə üçün, hansısa məmura görə, xalq dövlətdən incik düşməlidir? Nə üçün, hansısa məmurun harınlamış övladı, küçədə öz gözəgəlimli maşını ilə, insanları əzməlidir? Nə üçün, dövlət başçısı xalqa xidmət etdiyi halda, bəzi məmurlar bu xalqa düşmən kəsilməlidir?  Əminəm ki, bu neqativ hallar tamamilə aradan qaldırılacaq və Azəbaycan dövləti daha da güclənəcək. Prezident İlham Əliyevin apardığı siyasətin məqsədi də, güclü dövlət, rifah içində yaşayan xalq prinsipinə söykənir. Məhz, bütün bu alqışalayiq işlərinə görə, xalq yenidən möhtərəm prezidentimiz İlham Əliyev cənablarına etimad göstərəcək.

Müsahibəni apardı:

Məhi ELSEVƏR,

araz.az saytının xüsusi müxbiri.                      


 


REDAKSİYADAN:  Müsahibibimizin adını çəkdiyi və araz.az saytının dərc etdiyi həmin MÜRACİƏTİ təkrar oxucularımızın diqqətinə çatdırırıq:

1c6bbce4-a8e8-4bb9-a58a-bf9d41a8cd48.jpg

Ölkəmizdə prezident seçkilərinin ertələnməsinə Rusiyadakı nüfuzlu diaspor təşkilatımızdan dəstək

«Prezidentin bu qərarı daha çox Azərbaycanın beynəlxalq arenada uğurlarının genişlənməsinə, ağrılı Qarabağ münaqişəsinin həllinə, özbaşınalıqları və qanunsuz əməlləri ilə ulu öndər Heydər Əliyevə olan ümumxalq sevgisinə xələl gətirən harın məmurların hakim komandadan uzaqlaşdırılmasına hesablanıb»

Gördüyü alqışalayiq işlərlə özünü  Rusiya Federasiyasında   nüfuzlu diaspor qurumlarımızdan biri kimi tanıdan və mərkəzi ofisi Novosibirsk vilayətinin Novosibirsk şəhərində yerləşən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo»  Əməkdaşlıq Fondu,  bu ilin aprel ayının 11¬də  Azərbaycanda keçiriləcək növbəndənkənar prezident seçkiləri ilə əlaqədar, dünya azərbaycanlılarına  MÜRACİƏT ünvanlayıb.

f27fc0c5-98aa-4887-9883-dbd8ad28471d.jpg

Araz.az saytına daxil olan və Fondun təsisçisi, tanınmış diasporçu,  Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair¬publisist Mirkazım Heydər oğlu Seyidovun təşkilatın çoxsaylı üzvləri adından imzaladığı çağırış xarakterli həmin sənəd, maraqlı məqamları ilə, diqqəti daha çox cəlb edir. Əsasən «Dünyadakı bu gərgin məqamda, prezident  seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı verilən bu qərarı, ölkə başçısının düşünülmüş uzaqgörən siyasətinin müsbət nəticəsi kimi qiymətləndiririk. Biz tam əminik ki, atılan bu addım çox doğru və olduqca  vacibdir. Onun incəliklərini möhtərəm prezidentimiz İlham Əliyev cənablarının daha yaxşı bilməsinə heç kəs şübhə etməsin» motivasiyasında olan həmin çağırış bu sözlərlə başlayır: «Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilməsi, doğma Vətəndən uzaqda olan, lakin qəlbi daim yurd sevgisi ilə döyünən biz azərbaycanlıları öncə çox həyacanlandırsa da, hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayında bu siyasi qurumun rəhbəri İlham Əliyev cənablarının söylədiyi  dərinməzmunlu geniş nitq, sözün həqiqi mənasında, bizə ruh verdi. İndi  bu qərara münasibət bildirən hər bir novosibirskli soydaşımız, onun  dövlətimizin  mənafeyi, mill maraqlarımız zəruriliyindən irəli gəlməsinə şübhə etmir. Yəni, artıq bunun sırf dövlətçiliyimizlə  bağlı atılan addım olduğunu hamımız bilirik. Və onu da yaxşı bilirik ki, onun mahiyyətində  duran incəlikləri ölkə başçısı daha yaxşı bilir. 

     Bu qərarı şəxsi məsələ kimi təqdim etmək istəyənlərə isə, sözümüz budur ki, deyilənlər doğru deyil. Bu qərar, qarşıya çıxan və böyük məsuliyyət tələb edən ümummilli mənafe məsələlərinə hesablanıb. Bu səbəbdən, biz, Azərbaycanda prezident seçkilərinin ertələnməsinə çox normal hal kimi baxırıq.

8cbf353a-dee5-4e37-b3f5-66d40c973631.jpg

Ümumiyyətlə, Azərbaycan maraqlarına xidmət edən böyük bir qurum olaraq, bütün seçkilərdə  dəfələrlə  bildirmişik ki, biz ayrı-ayrı siyasi partiyaları deyil, milli dövlətçiliyimizi dəstəkləyirik: Hər zaman dövlətçiliyin qorunmasının tərəfini tutan insanlar olduğumuzdan, bu qərarın kökündə də milli mənafe amili durduğundan, bu müraciətə də imza atırıq. 

       Artıq hamı bilir ki, bu qərar şəxsi mövqe və maraq naminə verilməyib. Prezidentin bu addımı daha çox Azərbaycanın beynəlxalq arenada uğurlarının genişlənməsinə, Qərb ¬ İslam ¬ Türk dünyası gərginliyi təhlükəsindən doğma Vətənimizi sığortalamağa, ağrılı Qarabağ münaqişəsinin tezliklə həllinə, özbaşınalıqları və qanunsuz əməlləri ilə ulu öndər Heydər Əliyevə olan ümumxalq sevgisinə xələl gətirən harın məmurların hakim komandadan uzaqlaşdırılmasına hesablanıb. Elə, bu səbəbdən, bu seçkilərdə də, biz, prezident İlham Əliyevə dəstək veririk».

     Müraciət müəllifləri bu mühüm sənədlərində dünyada, o cümlədən Azərbaycanın qonşusu olan ölkələrdə baş verən xoşagəlməz hadisələrə də toxunur və bildirirlər ki, Azərbaycanın belə xəta¬bəlalardan uzaq olmasını istəyirlər: «Azərbaycanı bu təhlükələrdən. qoruya biləcək yeganə şəxs isə, ulu öndərin layiqli varisi İlham Əliyevdir. Buna görə də, bütün dünya azərbaycanlılarını ölkə başçısının ətrafında daha sıx birləşməyə çağırırıq. Dünyanın bu gərgin vaxtında siyasi münasibətlər çərçivəsində bütün umu¬küsülərə son qoymağı istəyir,  müxalifətçilik edib, dövlət başçısının qərarlarını təftiş etmək, orada hansısa nöqsanlar axtarmaq istəyənləri haqq yoluna dəvət edirik. Biz ona diqqət etməliyik ki, tutduğumuz yol Azərbaycanın müstəqilliyinin qorunmasına və inkişafına böyük səmərə versin. Hər bir Azərbaycan vətəndaşı bunu düşünməli, öz prezidentinə kömək etməlidir. Biz  hər zaman yalnız bu məqamı əsas saymışıq və hər bir azərbaycanlını ¬ harada yaşamasından asılı olmayaraq ¬ ölkə rəhbərinin bu addımına hörmətlə yanaşmağa çağırırıq»…

       …Artıq növbədənkənar seçkilərin elan edilməsinin  ağlabatan səbəbləri də  cəmiyyətə izah edilib. İzahların kökündə, həm də ölkəmizdə azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ilkin şərtlərin tam təmin edilməsi də göstərilib».

        Prezident seçkilərində hansı namizədi dəstəkləyəcəklərini xüsusi vurğulayan müraciət müəllifləri onu da qeyd edirlər ki, 

onlar üçün bu məsələ artıq çoxdan müəyyən edilib: «Biz ötən dəfə keçirilən seçkilərdə prezident İlham Əliyevə səs vermişdik. Bu dəfə də ona səs verəcəyik. Ümumiyyətlə,

seçkilərdə İlham Əliyevin qalib gəlmək şanslarını yüksək dəyərləndiririk. Zənnimizcə, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Çünki İlham Əliyev dünya miqyasında tanınan ölkə rəhbəridir və  onu dünya birliyi də çox yaxşı tanıyır.    

       Ümumiyyətlə, hər bir ölkənin prezidenti ən yüksək hörmətə layiq olmalıdır ki, onun əks-sədası beynəlxalq aləmdə də özünü göstərsin. Əminik ki, İlham Əliyev tam məsuliyyətlə bu işlərə yanaşır və necə addım atılmasını yaxşı bilir. Ona görə də, biz prezident İlham Əliyevə hər zaman dəstək verməliyik».

        Müraciətdə daha sonra qeyd edilir ki, Azərbaycan cəmiyyətini daxildən və xaricdən parçalamaq istəyən qüvvələr var. İlham Əliyev Azərbaycanı xarici təxribatlardan, «sapı özümüzdən olan baltalardan» qorumağa qadir bir liderdir: «Tarixən də şahid olmuşuq ki, Azərbaycan cəmiyyəti daim belə xoşagəlməz hallarla üz¬üzə durub. İndi də, belə təhlükələr var. Elə vacib məsələlər var ki, onu ölkə prezidenti hamıdan yaxşı bilir. Seçkilərdən əvvəl bunu cəmiyyətə çatdırmaq isə, düzgün olmazdı. Zənnimizcə, ehtiyat üçün bu cür addımlar atmaq zərurəti də yaranıb.

Digər tərəfdən, Ermənistanda və digər ölkələrdə bir sıra siyasi dəyişikliklər gözlənilir. Siyasi dəyişiklik prosesləri isə, təhlükə yaradacaq ən əsas amillərdir.  Qonşu ölkələrdə baş verən münaqişələr bunun isbatıdır.     

        Yəqin, seçkilərin vaxtının dəyişdirlməsində bu məsələ də nəzərə alınıb. Bu baxımdan biz ehtiyatımızı əldən verməməliyik və seçkilərdə prezident İlham Əliyevi dəstəkləməliyik. 

  Rusiya Azərbaycanın böyük qonşusu olan dövlətdir. Şükürlər olsun ki, hazırda Azərbaycan və Rusiya münasibətləri normal səviyyədədir. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinlə, Azərbaycan prezidenti İlham Əliyev arasında da, çox yaxşı dostluq münasibətləri var. Bu məqamdan ölkəmiz üçün istifadə etmək vacibdir. Prezidentimizin bu addımı daha çox bu vacib amilə də hesablanıb».

  Müraciətdə, ötən əsərin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrə də,  toxunulur. Bu hadisələrin hər birimizin yaxşı yadında olması xüsusi qeyd edilir: «Ancaq cəmiyyətimiz 90-cı illərin cəmiyyəti deyil. O vaxt biz çaş¬baş vəziyyətdə idik. Bir tərəfdən Qarabağ münaqişəsi, digər tərəfdən isə, yenicə müstəqilliyin qazanılması və sairə, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmışdı. İndi isə, xalqın təəssüratları fərqlidir.

   İndi biz demokratik yolla addımlayırıq. İndi kimsə prezidentliyə namizəd olmaq istəyirsə, bu sırf onun şəxsi işidir. Hər bir şəxsin prezidentliyiə namizəd olmaq hüquqları var. Ancaq seçim xalqın iradəsindən asılıdır. Xalqın iradəsi kimi seçsə, biz də onunla razılaşmalıyıq. Bu iradənin seçə biləcəyi yeganə şəxs isə, ulu öndərin layiqli varisi İlham Əliyevdir. Bu səbəbdən, bütün soydaşlarımızı bu iradənin düzgün seçimini dəstəkləməyə çağırırıq! Və tam əmin olduğumuzu bir daha bildiririk ki, bu seçkilərdən dərhal sonra, bütün Azərbaycan bir vəhdət olaraq, ağrılı Qarabağ problemimizin həlli ilə bağlı hərəkətə keçəcək və həmin gün doğma torpaqlarımızın xilas günü olacaq!».

Məhi ELSEVƏR, 
araz.az saytının xüsusi müxbiri.
10.02.2018¬ci il.

araz.az xəbər portalı.