Mirdamət Sadıqov İsmayıllı rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Nahid Bağırovla əvəzlənsə də, bu kadr dəyişikliyi yerli icra orqanın fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Ən azından şəhidlərə ögey münasibətin dəyişmədiyini acı təəssüf hissi ilə söyləyə bilərik.
İsmayıllı rayon Topçu kəndində şəhidlərinin kiçik xatirə abidəsinin təmiri ilə bağlı sabiq icra başçısına edilən müraciətlər nəticəsiz qaldığı kimi, Nahid Bağırovun bu kiçik problemi həll etməyə “vaxtı” və “vəsaiti” yoxdur.
Topçu kənd orta məktəbində, gələcəyimiz olan gənc nəslin gözü önündəki xatirə abidəsinin təmir edilməsi ilə bağlı müraciətlər nəticəsiz qalıb. Kiçik bir abidəyə belə ögey münasibət şəhidlərin əziz xatirəsinə etinasızlıq, hörmətsizlik olmaqla yanaşı gələcək nəslin vətənpərvərlik hisslərin qətl edilməsindən də başqa bir şey deyil.
İsmayıllı rayon Topçu kəndinin ilk şəhidi olan Elşad Fazil oğlu Məmmədovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı şəhidin ailə üzvülərinin, rayonun ziyalılarının müraciətləri də nəticəsiz qalır. Elşad Fazil oğlu Məmmədov iki körpə övladını bu millətə və dövlətə əmanət edərək Qarabağa gedərək erməni işğalçılarına qarşı vuruşub və Ağdamın müdafiəsi zamanı qəhrəmanlıqla şəhid olub.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanun Elşad Fazil oğlu Məmmədovun şəhidlik zirvəsinə ucaldıqdan cəmi bir sonra, 1993-cu ildə qəbul olunsa da ötən 27 ildə İsmayıllı rayon Topçu kəndinin ilk şəhidinin adının əbədiləşdirilməsi ilə bağlı heç bir addım atılmayıb. Bununla bağlı bütün müraciətlər isə nəticəsiz qalır.
İnanıram ki, cəmiyyət iki körpə övladının yalvarıcı baxışlarına baxmayaraq vətənin müdafiəsi üçün əlinə silah alan və bu yolda da şəhid olan Elşad Fazil oğlu Məmmədovun adının əbədiləşdirilməsi ilə bağlı şəhid ailəsinin səsinə səs verərək, bu istəyin həyata keçməsini təmin edəcək.
Xəqani CƏFƏRLİ,
politoloq
araz.az xəbər portalı.