NƏSİMİ RAYONUNUN RƏHBƏR ŞƏXSLƏRİNƏ ARXALANAN “GLORİA PALACE”, “OLİMPUS PARK” VƏ “MARİN QRUP” TİKİNTİ ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ, İNDİ DƏ, MÜLK SAHİBLƏRİNİN ÜSTÜNƏ “QOÇU DƏSTƏSİ” KİMİ GETMƏKDƏN ÇƏKİNMİR, MƏHƏLLƏDƏ “AT OYNADIRLAR”
Müəmma dolu “pilot layihə” adıyla, paytaxt Bakının Nəsimi rayonundakı Abbas Səhhət küçəsi, 53, 55, 57 ünvanlarında yerləşən həyət tipli yaşayış evlərinin olduqca narahat və narazı sahiblərinə qarşı da, qanunsuz hərəkətlər və özbaşınalıqlar davam edir. Daha doğrusu, heç bir qanun çərçivəsinə sığmayan bu “pilot layihə”, bu ünvanla başlayan və böyük bir ərazini əhatə edən bir məhəllədə — Nəsib bəy Yusifbəyli küçəsi, 48, 50, 52, 54, 56, 58, 60, Abbas Səhhət küçəsi, 45, 47, 49, 51… ünvanlarında yerləşən qonşu mülklərin sahibləri ilə bərabər, onları da, dörd il əvvəl özüylə gətirdiyi bir ətək problemlə üz-üzə qoyub. Bu problemlər barədə, ölkə mətbuatı ilə bərabər, araz.az xəbər portalı da, bu dörd ildə, bir sıra tənqidi yazılar dərc edib. Məhəllə sakinlərinin hədsiz narahatlıq və narazılıqlarının ifadəsi olan həmin yazılarda xüsusi olaraq o vurğulanıb ki, “pilot layihə” gündəmə gələndən, bu məhəllə sakinlərinin də çözülməz bəlasına çevrilib. Burada hara baxsan, bu yeni “xəstəliyin” təzahürləri hiss olunub. Lakin böyük rezonans doğuran həmin yazıların əsas mənfi qəhrəmanları olaraq hamı tərəfindən tanınan və həmin mülk sahiblərinin həyatlarına müdaxilə edən icra başçısı Asif Əsgərovun, eləcə də onun qılığına girməyi bacaran “Gloria Palace” Mənzil — Tikinti Kooperativinin təsisçi və payçılarının indiyədək xətirlərinə dəyən tapılmayıb.Yeri gəlmişkən, onu da qeyd edək ki, bu həyət evlərində yaşayanlardan elələri var ki, bu bəla onları ayağa belə dura bilməyən yataq xəstəsinə çevirib. Onların arasında, ağır pandemiya keçirən xəstələrtək, bu dünya ilə vidalaşan da olub. Axı, başqa cür də ola bilməz, çünki, halalca ata-baba mülkü başına uçurdulan heç kimin ürəyi belə dəhşətə tab gətirməz! Məhz buna görədir ki, Nəsimi rayonundakı həmin mülklərin narahat sahibləri, həmin yazılarda, başlarına oyun açan həmin vəzifə sahiblərini bağışlanmaz ciddi ittihamlarla “yıxaraq, sürüyüblər”. Ən dəhşətlisi odur ki, mülk sahiblərinin özləri icra başçısı Asif Əsgərovun, “Gloria Palace”-nin təsisçilərindən və payçılardan biri olan, bu MTK-nın qanuni təmsilçisi “rolunu məharətlə ifa edən” Hikmət Hüseynovla dostluq və iş birliyi əlaqələrini ortaya çıxara biliblər. Bu bir yana, onu da ortaya çıxarıblar ki, Hikmət Hüseynovla bərabər, onun bu MTK-da təsisçi və payçı olan qardaşları da əvvəl işlədikləri vəzifədə yaxşı əməlləri ilə xatırlanmayıblar. Hətta Hikmət Hüseynovun özü “Bəhrə” MMC-nin rəhbəri olanda, törətdiyi qanunsuz və xoşagəlməz əməllərinə görə, âğır maddələrlə həbsdə də yatıb. Bütün bunlara baxmayaraq, “Gloria Palace”-nin rəhbərləri — Hikmət Hüseynov və Asif adlı digər birisi icra başçısı Asif Əsgərovun qılığına elə giriblər ki, o, onun bu istiqamətdən verdiyi sərəncamları qanunsuz olduğuna görə saya salmayan həmin mülkiyyətçiləri ağlagəlməz iddialarla Nəsimi Rayon Məhkəməsinə də verib. Həmin məhkəmə prosesi narahat mülkiyyətçilərə ədalət baxımından yaxşı heç nə verməyib.
Həmin məhkəmə predmeti və prosesin gedişi barədə ötən yazılarımızda ətraflı söhbət açmışıq. Xüsusi olaraq onu da vurğulamışıq ki, başçı mülkiyyətçilərin boğazlarını Hikmət Hüseynovun əlinə keçirəndən, onların “günləri göy əskiyə bükülüb ”. İcra başçısının və MTK rəhbərinin özlərinin, eləcə də onların ətraflarında olanların heç bir qanun çərçivəsinə sığmayan bəd əməlləri və kobud hərəkətləri ucbatından, sakinlər, artıq dörd ildir ki, halal evlərində belə rahat otura, gecə sakit yata bilmirlər. Bir sözlə, bu bədniyyət vəzifə sahiblərinin “pilot layihə” adıyla Nəsimi rayonunda törətdikləri qanunsuzluqlar və özbaşınalıqlar çoxdan pik həddinə çatıb. Bu azmış kimi, böyük təhlükələr törədən qorxulu koronavirus pandemiyası dövründə belə, həmin qorxulu insanlar bəd əməllər meydanından çəkilməyiblər.
Artıq neçə vaxtdır ki, bu MTK-nın başında duranlar, icra başçısı Asif Əsgərova arxalanaraq, Abbas Səhhət küçəsi, 53, 55, 57 ünvanlarında yaşayan mülkiyyətçilərə qarşı, Bahadur, Bəxtiyar və Emil adlı maklerlər vasitəsi ilə, əvvəlcədən planlaşdırdıqları dəhşət dolu qanunsuz hərəkətlərini davam etdirməkdən, hətta “Olympus Park” və “Marin Qrup” tikinti şirkətlərinin rəhbər şəxsləri və digər nümayəndələri ilə birlikdə, bu mülk sahiblərinin üstünə “qoçu dəstəsi” kimi getməkdən də çəkinmirlər. Özləri də, yalandan belə deyirlər ki, guya, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının razılığı ilə, aldıqları bu yerləri, artıq, həmin şirkətlərə satıblar. Dəhşət həm də ondadır ki, baş verən bütün xoşagəlməz hadisələr zamanı, polislər də, açıq-aşkar bu tikinti maxinatorlarını dəstəkləyir, mülk sahiblərinə isə, hədə-qorxu gəlirlər.
Əvvəllər olduğu kimi, indi də, narahat mülkiyyətçilərin döymədikləri rəsmi idarə qapısı, ünvanlarına şikayət xarakterli müraciətlərini göndərmədikləri dövlət qurumları qalmayıb. Onlar, hətta, rayondan seçdikləri deputatları Asim Mollazadə ilə onlayn görüş də keçirməyə nail olublar. Demokratik İslahatlar Partiyasının sədri olan bu millət vəkilinə, yaşadıqları ərazidə inşaat şirkətləri tərəfindən aparılan qanunsuz söküntü işləri ilə bağlı şikayətlərini çatdırıblar. Asim Mollazadə, seçicilərinə, törədilən bu qanunsuzluqlar barədə müvafiq instansiyalara sorğu göndərəcəyini, üstəlik sözügedən problemin həllində onlara yardımçı olmağa çalışacağını söz verib. Amma, bütün bunların nə faydası, hər yerdən ümidsiz geri qaytarılan, göz görə-görə haqları tapdanan narazı və narahat mülk sahiblərinin, indi, kömək üçün üz tutacaqları rəsmi bir ünvan da qalmayıb. Onlar məcburiyyətdən bu qərara gəliblər ki, sərtləşdirilmiş pandemiya günləri qurtarandan sonra, birbaşa, Prezident Administrasiyasına doğru kollektiv etiraz yürüşü etsinlər.
Onu da qeyd edək ki, göstərilən ünvanlardakı evlərin böyüklü-kiçikli bütün sakinlərinin çoxdandı davam edən bu gərginliklərinə, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “ağına-bozuna baxmadan” imzaladığı 21 oktyabr, 2016-cı il tarixli, 196 saylı Sərəncam əsas səbəb olub. Mülk sahiblərinə heç bir xəbərdarlıq olmadan, hansı yollasa verilmiş belə bir Sərəncam nəinki burada, eləcə də rayon ərazisindəki digər ünvanlarda yerləşən fərdi evlərin saysız-hesabsız sahiblərinə bu dörd ildə olmazın ağrılı günlər yaşadıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 fevral, 2016-cı il tarixli 86 saylı Qərarına əsaslandırılan həmin Sərəncamla, müxtəlif ünvanlardakı mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının, o cümlədən qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün, həmin torpaq sahələrini icarə əsasında istifadələrinə götürmüş “Gloria Palace” kimi, heç bir MTK-nın işi də sakinlərin ürəyincə olmayıb. Ağıllarına gələni edən həmin MTK rəhbərləri də, — Hikmət Hüseynov kimi, — narahat və narazı mülk sahiblərinə həmişə bu sözləri deməkdən çəkinməyiblər: “Kimə nə deyirsiniz deyin, nə edirəm, əcəb edirəm, hamını razı salmışam, mənimlə bacarmazsınız”. Elə, bu səbəbdəndir ki, konstitusion hüquqları kobud şəkildə tapdalanaraq, pozulan mülk sahiblərinin şikayətlərinə heç bir rəsmi ünvanda baxan tapılmır. Hər yerdə: “Bizlik deyil!” — deyən kreslo sahibləri, sanki onların ağızlarına tərs şillə vururlar. İstədiklərini edənlərə “ruh verən” isə, rayonun səlahiyyət sahibləri və onların “ağına-bozuna baxmadan” imzaladıqları qərarlar və sərəncamlardır.
Əlimizdə belə özbaşınalıqların və qanunsuz hərəkətlərin təsdiqi olan faktlar çoxdur. Bəziləri ilə əlaqədar, araz.az xəbər portalı olaraq, araşdırma apardığımızdan, bu yazıda onların hamısını verməyə ehtiyac duymadıq. Göstərilən ünvanlardakı mülk sahiblərinin ictimaiyyətin də diqqətinə çatdıracağımız şikayət xarakterli son müraciətləri isə, onların bu olaylarla bağlı yaranan dərd-sərlərindən və başlarına gətirilən xoşagəlməzliklərdən ətraflı bəhs edir. Həmin Müraciət ölkə başçısından tutmuş, digər yüksək vəzifə sahiblərinə, eləcə də mətbuata ünvanlanıb. Ağrılı olsa da, mülk sahiblərinin başlarına gətirilən müsibətlərdən bəhs edən həmin Müraciəti,
qoy, hamı oxuyub, görsün ki, indi, halal evlər belə, “pilot layihə” pərdəsində sahiblərinin başlarına necə uçurdulur. Vicdan və ədalət kriteriyaları baxımından, nəticəni hər kəsin özü çıxarıb, qiymətini də özü versin!
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya
Surəti: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova
Möhtərəm Prezident!
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova arxalanan “Gloria Palace” Mənzil Tikinti Kooperativinin, eləcə də “Olympus Park” və “Marin Qrup” tikinti şirkətlərinin rəhbərlərinin qoluzorlular kimi yanlarında saxladıqları maklerlər, “pilot-layihə” “pərdəsinə bürünərək”, son vaxtlar, qanun çərçivəsinə sığmayan istədikləri oyunu başımıza açıb, bizi mənəvi baxımdan çox ağır vəziyyətə salmasaydılar, işinizin həddən artıq çox olduğu belə bir vaxtda, Sizi qətiyyən narahat etməzdik. Amma çox çıxılmaz vəziyyətdə qalmışıq. Çünki onlar bizə hədə-qorxu gəlməklə, halal evimizi əlimizdən almağa çalışır, istədikləri hər oyuna gedir və qanunlarımızın tələblərinə belə məhəl qoymaq istəmirlər. Sanki, bu, onların bizimlə son çırpınışlarıdır. Bütün bunlara baxmayaraq, icra başçısı və rayonun digər qurumlarının rəhbərləri də, öz hərəkətləri ilə, onların tərəfində olduqlarını açıq şəkildə göstərməkdən belə çəkinmirlər. Məhz buna görə də, köməyinizə böyük ehtiyac duyuruq. Bizi hədsiz dərəcədə narahat edən by vacib problemimizin yoluna qoyulması üçün, ümidimiz hər yerdən tam kəsildiyindən, son anda, bir daha Sizə şikayət xarakterli Müraciətimizi ünvanlamaq qərarına gəldik.
Sizə dəfələrlə belə müraciətlər etsək də, indiyədək cavablarını ala bilməmişik. İnanırıq və tam əminik ki, bundan sonra da cavab ala bilməyəcəyik; Çünki məktubları qəbul edən var, Sizə təqdim edən yoxdur! Ən dəhşətlisi odur ki, başçı və onun ətrafının belə bəd əməlləri barədə, Sizə, eləcə də müxtəlif ünvanlara göndərdiyimiz çoxsaylı şikayət məktublarımıza cavab verilməsi üçün, bu məktublarımız rayon rəhbərinin özünün üstünə göndərilir. Di gəl ki, heç nə başçının vecinə olmur, sanki vətəndaş şikayətlərinə cavab verməyi belə şəninə sığışdırmır. Əvəzində, istədiyini etməkdən belə çəkinmir. Bütün bunlar bir daha sübut edir ki, bu ərazinin boşaldılmasında başçının marağı olduqca böyükdür və onun bu işə görə böyük vəsait toplayacağı şübhəsizdir.
Çox hörmətli İlham müəllim!
Xahiş edirik, bu ciddi problemimizlə maraqlanmağa vaxt ayırasınız. Çünki artıq Sizdən başqa heç kəsdən, neçə vaxtdır yaranan sağalmaz dərddən betər bu problemimizə əlac gözləmirik. İndiyədək kömək üçün hara getsək, hansı qapını döysək də, necə deyərlər, “əlimiz ətəyimizdən uzun” geri dönmüşük. Hətta bu problemimiz bizi olduqca narahat etdiyindən, bir dəfə də Prezident Administrasiyasına şikayətə getməyə məcbur olmuşuq. Bundan sonra xeyli müddət danışmamağımızın səbəbi isə, abır-həya gözləməyimiz olub. Düşünmüşük ki, haqqında şikayətçi olduğumuz vəzifə sahibləri bəlkə özlərində təpər tapıb, haqqa gələlər. Lakin görünən odur ki, onlar yol gözləyib, abır bilib, haqqa gələn deyillər. Məhz buna görə də, daha doğrusu, məcburiyyətdən, bu yaxınlarda da Prezident Administrasiyasının qarşısına gedərək, bizə problemlər yaşadanlar barədə bir daha şikayətimizi bildirmək qərarına gəlmişik. Ona görə ki, başqa əlacımız qalmayıb. Yaxşı bilirik ki, bizim adınıza dəfələrlə yazdığımız müraciət və şikayətlərin Sizə yetişməsinə maneə yaradanlar var. Belə olmasaydı, indiyədək ünvanınıza yazdığımız çoxsaylı müraciətlər və şikayət ərizələri çoxdan Sizə çatardı. İndi biz bilmirik ki, bizi hədsiz narahat edən problemimizin həlli üçün, Sizdən başqa, dərdimizi kimə deyək, hara şikayət edək, hansı quruma üz tutaq?!.
Möhtərəm Prezident!
Öz istəklərinə uyğun şərtlərlə bizi yaşadığımız ərazidəki halal mülklərimizdən çıxarmaq istəyən və əməllərində hegemonluq, qanun çərçivəsinə sığmayan digər əlamətlər aydın görünən adlarını yuxarıda çəkdiyimiz MTK başçılarının rayon rəhbəri Asif Əsgərovun dedikləri ilə oturub, durmaları özünü birbaşa törətdikləri qanunsuz hərəkətlərlə açıq-aşkar büruzə verir. Onlar tərəfindən törədilən özbaşınalıqların və qanunsuzluqların gətirdiyi hədsiz narahatlıqlar artıq bizi təngə gətirib. İndi də, günahkar şirkətlər mülkiyyətçilərə qarşı, Bahadur Zülfüqar, Bəxtiyar Hacıyev və Emil Rzayev ad-soyadlı maklerləri irəli verərək, qanun çərçivəsinə sığmayan özbaşınalıqlarını yenə davam etdirirlər. Onlar qorxub-çəkinmədən mülkiyyətçilərə qarşı fiziki güc tətbiqindən, onları söyüb, təhqir etməkdən, hədələməkdən belə çəkinmirlər. Konkret desək, bu narahatlığımızın əsas səbəbkarı olan icra başçısı Asif Əsgərovun bağışlanmaz günahı və bizə qarşı baş alıb gedən özbaşınalıqlara münbit şərait yaratması ucbatından, artıq xeyli müddətdir ki, olmazın əzab-əziyyət çəkirik. Axı, şəxsi maraqları çərçivəsində bu tikinti şirkətlərinin başında duranlarla birləşib, onlarla ortaq olduğunu açıq nümayiş etdirməkdən çəkinməyən icra başçısının, son dörd ildə halal mülklərimizdə rahat yaşamağımıza imkan verməməsinə nə ad vermək olar?!
Abbas Səhhət küçəsi, 53, 55, 57 ünvanlarında yerləşən mülklərin sahibləri kimi, bizi, həyət evlərimizdən çıxarıb, sökdürmək, yerində hündürmərtəbəli bina tikdirmək üçün öz çirkin niyyətlərini həyata keçirməyə çalışan MTK rəhbərlərinin, eləcə də başçının belə qanunsuz hərəkətlərinə heç cür haqq qazandırmaq olmur. Bir daha qeyd etmək istəyirik ki, başımıza hər cür oyun açan bu qanunsuz əməl sahiblərinin yaxınları, indi də, bu tikinti şirkətlərinin “qoçu dəstələri” ilə üstümüzə gəlir, mülk sahibləri kimi bizim qanuni və normal təkliflərimizə məhəl qoymadan, özlərinin xoşagəlməz və heç bir qanun çərçivəsinə sığmayan şərtləri daxilində, fırıldaq və zor hesabına evlərimizi əlimizdən alıb, qurama təsir bağışlayan, son illər paytaxt Bakının bir çox sakinlərinin belə hədsiz narazılıqlarına səbəb olan “pilot layihə” adıyla sökdürmək istəyirlər.
Yuxarıda sadaladığımız bütün xoşagəlməzliklər barədə, Sizə ünvanladığımız əvvəlki şikayət məktublarımızda daha ətraflı yazmış, diqqətinizə dönə-dönə onu çatdırmışıq ki, pilot layihə pərdəsi altında bu ərazini ələ keçirməyə çalışan həmin tikinti şirkətlərinin sahiblərindən və icra başçısından, biz, Azərbaycan Respublikasının vətandaşı olaraq, yalnız və yalnız mülkiyyət hüquqlarımız çərçivəsindəki haqqımızı tələb edirik. Onların özlərinə də dəfələrlə demişik ki, əsas tələbimiz axıradək belə olaraq qalacaq. Amma icra başçısına arxalanıb, istədiklərini etməyə çalışanlar üçün, indiyədək bu dediklərimizin bir təsiri olmayıb. Hətta onlar koronavirus pandemiyası gərginliyində belə öz hədə-qorxuları, təhdid-təzyiqləri ilə çirkin niyyətlərini həyata keçirmək əzmində olduqlarını bildirir, istəkləri çərçivəsində həyata keçirdikləri qanunsuz söküntülərlə bizi və ailə üzvlərimizi birbaşa ciddi təhlükə qarşısında qoymaq üçün köklənirlər.
Möhtərəm Prezident!
Siz öz çıxışlarınızda da dəfələrlə qeyd etmisiniz ki, vətəndaş şikayətlərinin Sizə çatmasına mane olanlar var. Bəs, bu ciddi iradınızdan sonra, indi niyə bizim şikayətlərimiz Sizə çatmasın?! Elə, bu səbəbdəndir ki, ümidimiz hər yerdən kəsilib. Bizim yazdığımız müraciətlərin, şikayət məktublarının Sizə yetişmədiyini yaxşı bilən rayon başçısı və onun ətrafındakılar, kömək üçün hara getsək, hansı qapını döysək də, üstümüzə qoçu xarakterli adamlarını göndərməkdən çəkinmirlər. Onlar da, başçıya arxalandıqlarından, bizimlə kobud rəftar etməkdən belə çəkinmirlər. Bütün bunlar azmış kimi, başçı, bizim müxtəlif instansiyalara göndərdiyimiz çoxsaylı şikayət məktublarımıza normal bir cavab da vermir.
Yeri gəlmişkən, onu da qeyd etməyi lazım bilirik ki, bu işlə bağlı rəsmi qurumlara etdiyimiz şikayət xarakterli çoxsaylı müraciətlərimiz, çox təəssüf, aydınlıq gətirilməsi, araşdırılması və cavablandırılması üçün təkrar Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilir.
Amma nə faydası, başçı bu şikayətlərə cavab verməyi, bu işlərə görə heç bir məsuliyyətləri olmayan müavinlərinə həvalə edir. Onlar tərəfindən məmur etikasına uyğun gəlməyən tərzdə yazılan başdansovdu, savadsız və böhtan xarakterli cavab məktublarının isə acı nəticəsidir ki, biz və ailə üzvlərimiz uzun zamandır öz halal evimizdə rahat yaşaya bilmirik.
Möhtərəm Prezident!
Doğrudan da, Sizə, eləcə də digər yuxarı hökumət dairələrinin rəhbərlərinə ünvanladığımız belə müraciətlərimizin araşdırılması və cavablandırılması üçün, təkrar Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilməsi olduqca təəssüf doğurur. Çünki icra başçısının özünün yox, onun müavinlərinin bu məktublara primitiv tərzdə cavab vermələrindən də aydın görünür ki, rayon rəhbəri öz məsuliyyətini işdən xəbəri olamayan digər vəzifə sahibləri arasında bölüşmək üçün, belə adamları qabağa verir. Belə olan təqdirdə, müavininin başçını qoyub, bizim tərəfimizi saxlamayacağı da hamıya gün kimi aydındır.
Məsələn, bu ciddi məsələ ilə bağlı, bizim yaşadığımız ərazidəki Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Asim Mollazadənin sorğusuna icra başçısının müavini Qurban İsmayılovun göndərdiyi cavab məktubunda yazılanlar dediklərimizin əyani sübutdur. Konkret desək, müavini başçının “gözünə girmək üçün” bu məktubunda ağlına gələni yazmaqdan çəkinməyib. Onun bizə şər atmağı bir yana, hətta, yazılan savadsız və böhtan xarakterli bu məktubunda iddia edir ki, güya, adını yuxarıda çəkdiyimiz tikinti şirkətləri tərəfindən, bizə, evlərimizin əvəzində ədalətli kompensasiyalar təklif olunmuşdur. Başçı müavininin ağ yalan danışdığını hamı bilir. Çünki bizim heç birimizə ədalətli kompensasiya təklif olunmayıb, bunun əvəzində, indiyədək onlardan yalnız təhdid, hədə-qorxu görmüşük. Əgər onların dedikləri kimidirsə, onda, zəhmət olmasa həmin ədalətli təklifləri harada və kimin yanında kimə etdiklərini bizə açıqlasınlar. Bundan da görünən odur ki, icra başçısına güvənən müavini də yol gözləyən, abır bilən biri deyil. Belə vəzifə sahiblərinin əməllərinə mütləq hüquqi qiymət verilməlidir. Axı, bu qədər insanın başına oyun açmaq ədalət deyil. Və bu haqsızlıq qiymətini almalıdır. Elə, buna görə də, bizi olduqca narahat edən və qanunlar çərçivəsinə sığmayan bu hərəkətlər və haqsızlıqlarla bağlı dəfələrlə rəsmi qurumlara da müraciət etmişik. Təəssüf ki, onların heç birinə, hətta polisə belə etdiyimiz zəng və müraciətlərimiz də, bizim xeyrimizə olmur. Ortada
başçı marağı olduğundan, polis orqanları da bu işə qarışıb, haqqı müdafiə etmək istəmir.
Möhtərəm Prezident!
Rayon icra başçısının bağışlanmaz günahları ucbatından indi olduqca çox pis bir durumdayıq və gərginlik təsiri bağışlayan bu çətinlikdən çıxmağımız üçün, yeganə ümidimiz yalnız Sizə olaraq qalır! Bir daha Sizdən xahiş edirik ki, bizi bu qorxulu təhlükədən qurtarın! Bizə edəcəyiniz bu vacib köməyə görə, Sizə, qabaqcadan hədsiz təşəkkür və minnətdarlığımızı da çatdırırıq!
Dərin hörmət və böyük ümidlərlə,
Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 53, 55, 57 ünvanlarındakı mülklərin sahibləri:
1. Ağalarov Bakir Qafar oğlu.
2. Ağalarov Bəhruz Bakir oğlu.
3. Ağalarova Səringül Qafar qızı.
4. Quliyev Vasif Qədimalı oğlu.
5. Ələkbərov Mansur Abbas oğlu.
6. Quliyev Vahid Qədimalı oğlu.
7. Kazimova Ofelya İsa qızı.
8. Əmirxanov Şəhvələd Əmirxan oğlu.
9. İsmayılov Faiq Həmid oğlu.
10. Məmmədov Sabir Cəbrayıl oğlu.
11. Məmmədov Tural Sabir oğlu.
12. Museyibova Mətanət Kalvayı qızı.
13. Suleymanov Mirzəli Əbulfaz oğlu.
14. Kazımov Möhübbət Məmməd oğlu.
15. Cəbrayılova Gülşəndə Bilal qızı.
16. Qədiməliyeva Sevda Gülməmməd qızı.
17. Rəhimova Mahirə Qənbər qızı.
18. Məmmədova Sevda Hümbət qızı.
19. Əmirxanov Şirazi Şahvələd oğlu və başqaları.
Bakı şəhəri.
17 sentyabr, 2020-ci il.
Rəşad CƏFƏRLİ,
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbirləri.
REDAKSİYADAN:
Dörd ildir ki, Nəsimi rayonundakı həmin ünvanlarda yerləşən mülk sahiblərinin hədsiz narazılığına səbəb olan “pilot layihə”nin nə demək olduğunu bilmək üçün, iki il öncə, turan.az-ın onun izahlı şərhi barədə dərc etdiyi aşağıdakı yazısını oxumaq kifayətdir. Bu yazıda göstərilənlərdən də aydın olur ki, ortadakı bu münaqişədə haqq və qanun narazı mülk sahiblərinin tərəfindədir. Çünki “pilot layihə”də əsas şərt olan mülk sahibi ilə “razılaşma” anlamına nə rayon icra hakimiyyəti, nə də tikinti qurumu tərəfindən məhəl qoyan yoxdur.
“PİLOT LAYİHƏ”: PROBLEMLƏR VƏ YANAŞMALAR
HÖKUMƏT 86 SAYLI SƏRƏNCAMIN MƏTNİNƏ YENİDƏN BAXMALIDIR
2017-ci ilin sonlarında Bakıda Azərbaycan Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Bakının 12 inzibati rayonundan 7-sinin – Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının mənzil fondunun inkişafı haqqında Qərarının icrasına başlanıb. Qəza vəziyyətində olan, normalara cavab verməyən və şəhərin görünüşünü korlayan evlərin sökülməsini nəzərdə tutan proqram 5 il üçün nəzərdə tutulub. Proqram Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbail rayonunda 41, Pirallahı rayonunda 297 evə şamil edilib. 15 minə yaxın Bakı sakininin köçürülməsi planlaşdırılır, onlar müvəqqəti olaraq tikinti şirkətinin vəsaiti hesabına tutulan kirayə mənzillərə yerləşdirilirlər. Vətəndaşlar təhvil verdikləri mənzilə görə təzminat ala və ya yeni mənzilə köçməyə razılaşa bilərlər, amma onun sahəsi vətəndaşların köçdükləri mənzilin sahəsindən ən az 10 faiz çox olmalıdır. Nazirlər Kabinetinin bu Qərarının 1.2-ci bəndində deyilir ki, təzminat ödənilməsi və ya yeni mənzil verilməsi “fiziki və ya hüquqi şəxslərin razılığı ilə, mövcud mülki qanunvericilik əsasında” həyata keçirilməlidir.
Hökumətin həmin vacib rəsmi sənədinin tam mətni Nazirlər Kabinetinin http://cabmin.gov.az/page/doc/1790 saytında yerləşdirilib, amma, çox təəsüf ki, saytın bu səhifəsinə daxil olduqda, həmin vacib sənədin mətni açılmır. Nazirlər Kabinetinin 86 saylı Qərarının rəsmi mətni geniş ictimaiyyət üçün əlçatan deyil, amma rayon icra qurumlarının işçilərinin əlində var. Bakı rayonlarının icra hakimiyyətlərinin rəsmi saytlarında “pilot layihə” haqqında bir qeyd belə yoxdur, söküntüyə məruz qalacaq evlərin siyahıları açıqlanmayıb, bu da vətəndaşların narazılığına və rayon hakimiyyətinin əməllərinin qanunsuzluğuna gətirib çıxarır. Belə ki, Nəsimi rayon sakinləri iddia edirlər ki, “Gloria Palace” tikinti şirkəti yaşayış evlərini dağıdır, rayon rəhbərliyi isə, öz saxta “Pilot layihəsi”ni yaradıb və bu layihə bəhanəsilə qəza vəziyyətində olmayan evlər sökülür.
Rəsmi saytlarda qanuna əsasən tikinti şirkətlərinin müəyyən edilməsi üçün keçirilməli olan tenderlərin nəticələri haqqında məlumat yoxdur. Sakinlər bu şirkətlərin tarixini özləri araşdırır və şirkət sahiblərinin cinayətlərə görə məhkum edildiyi hallar aşkar edilir.
Bakılılar deklarativ zəmanətlərə inanmırlar, tikinti şirkətləri ilə onlara təklif olunan müqavilələrin şərtlərindən razı deyillər, mülkiyyətlərini aşağı qiymətə vermək istəmirlər, köhnə daşınmaz əmlakın qiymətinin bazar mexanizmləri əsasında müəyyən edilməsini, müstəqil daşınmaz qiymət qiymətləndiricilərinin cəlb edilməsini tələb edirlər. Müqavilələr notarius tərəfindən təsdiq edilmir, risklərin sığortalanması mexanizmi yoxdur.
Bakının Nəsimi rayonunun sakini Viktor Sapunkov tikinti şirkəti ilə müqavilənin mətnini araşdırıb və başa düşüb ki, onu imzalamaq olmaz, belə ki, sakinə zəmanət verilmir, müqavilədə fors-major halları olaraq adlandırılan bir çox bəhanələrlə isə saziş ləğv edilə bilər. Müqavilə layihəsinin mətnində məxfilik haqqında qəribə bənd var, onun mahiyyəti belədir ki, müqavilə bağlayan vətəndaş şirkətə qarşı məhkəmə iddiası qaldırmaq və vəkil tutmaq hüququna malik deyil. Dövlət müqavilənin icrasına görə məsuliyyət daşımır. Dövlət şirkətin tikdiyi evi qəbul etməsə, müqavilə ləğv edilir, deyə tikinti şirkəti tərəfindən tərtib edilmiş müqavilə layihəsində qeyd edilir.
Məhkəmələr sakinlərin dəlillərini nəzərə almır və tikinti şirkətinin şərtləri ilə razılaşmayan mülkiyyətçilərə məxsus evlərin sökülməsi haqqında qərar çıxarır. İçində sakinlərin yaşadığı evlərin söküldüyü hallar var. Dağılan evlər altında vətəndaşların əmlakı qalıb, bir neçə sakin yaralanıb (Dmitri Luqanskinin evi, Səbail rayonu, Xanlar küçəsi, 10).
Yerli İcra Hakimiyyəti 86 saylı Qərarın əmlaka görə tam təzminat ödəmək öhdəliyi yaradan 1.2-ci bəndinə məhəl qoymur. Eyni zamanda, 1.2-ci bənddə əmlaka görə təzminatın hansı yolla ödənilməli olduğu və hansı qanunvericilik bazasının tətbiq edilməli olduğu kifayət qədər üstüörtülü müəyyən edilib.
Hüquqşünaslar hesab edirlər ki, artmaqda olan qanunsuzluqlar və tikinti şirkətinin şərtləri ilə evlərindən köçmək istəməyən sakinlərə qarşı zorakılıq Nazirlər Kabinetinin 86 saylı Qərarının hüquqi cəhətdən kifayət qədər yaxşı işlənməməsi ilə bağlıdır. Sənəd tələsik qəbul edilib, bu, onun qısa mətnindən görünür. Müqayisə üçün: Ötən il Moskvada başlayan analoji köhnə yaşayış fondunun renovasiyası prosesi xüsusi Qanunda müəyyən edilib, onun mətni, Azərbaycan Nazirlər Kabinetinin 86 saylı Qərarından dəfələrlə genişdir. Rusiya Federasiyasının renovasiya haqqında həmin Qanununda qeyd edilib ki, İcra Hakimiyyəti və mülkiyyətçi arasında müqavilə RF Mülki Məcəlləsinin maddəsinə əsaslanır. Əmlak dəyərləndirilməklə, alqı-satqı qaydası tətbiq edilir. Bundan başqa, mülkiyyətçiyə ya yaşayış sahəsinin ölçüsü mülkiyyətçinin malik olduğu yaşayış sahəsindən az olmayan yeni mənzil təklif olunur (Moskvada mövcud yaşayış sahəsinə “havadan” əlavə olunmuş heç bir faiz verilmir), ya da Moskvanın rayonundan asılı olaraq əmlaka görə tam təzminat verilir. Sakinlər öz rayonlarında yeni mənzil əldə edirlər.
Moskvada renovasiya proqramı sakinlərinin 2/3-si köhnə mənzillərindən köçməyə razılaşdıqları evlərə şamil edilir. “Renovasiya proqramının layihəsinə yalnız birinci sənayeləşmiş ev tikintisi dövründə tikilmiş çoxmənzilli evlər, konstruktiv elementlərinin xüsusiyyətlərinə görə onlara bənzər yaşayış evlərinin sahiblərinin və kirayənişinlərinin 2/3-si müvafiq çoxmərtəbəli evin renovasiya layihəsinə salınmasının lehinə səs verdiyi çoxmənzilli evlər daxil edilə bilər”. Moskvada sakinlərin müəyyən hissəsi köhnə evdən köçmək istəmədiyi halda binanın renovasiya proqramından çıxarılması proseduru nəzərdə tutulub. Moskva qanununun mühüm xüsusiyyəti sakinlərin müqaviləni tikinti şirkəti ilə deyil, yerli icra hakimiyyəti ilə imzalamasındadır. Moskva hökuməti rayon hakimiyyətinin üzərinə mənzil renovasiyası haqqında bütün qərarları mətbuatda dərc etmək öhdəliyi qoyur.
Cəmiyyətin “pilot layihə” ilə bağlı gərginliyini görmək üçün, Azərbaycan mətbuatındakı nəşrlərə və sosial şəbəkələrdəki müzakirələrə baxmaq kifayətdir. Kəskin çağırışlar səslənir, “pilot layihə” çərçivəsinə düşən, Bakıdakı evləri əllərindən alınacaq Ermənistan qaçqınları kütləvi etirazlara başlamaqla hədələyir.
Avropa İnsan Hüquqları Məhkəməsi artıq evlərindən qanunsuz olaraq köçürülmüş sakinlərin iddiaları üzrə Azərbaycan barəsində iki Qərar qəbul edib. Haqverdiyeva və Xaliqovanın işlərində AİHM birmənalı olaraq mülkiyyətin dövlət ehtiyacı üçün alınmadığını, Nazirlər Kabinetinin müvafiq Qərarının olmadığını, buna görə mülkiyyət hüquqlarının pozulduğunu müəyyən edib. Azərbaycan vətəndaşlarından yerli məhkəmələrə, daha sonra isə, Avropa Məhkəməsinə yüzlərlə iddia daxil olub və daxil olmaqda davam edəcək.
Başlamış problemlərin qarşısını almaq üçün Nazirlər Kabinetinin 86 saylı Qərarının ləğvi və ya icrasının dayandırılması və seçkilərdən sonraya təxirə salınması haqqında təcili Qərar qəbul edilməlidir. Bu müddət ərzində bu Qərara yenidən baxılmalı və onun mətni genişləndirilməli, mühüm dəyişikliklər edilməlidir. Renovasiya layihələri çərçivəsində vətəndaşların mənzilinin sökülməsi dövlət zəmanəti altında həyata keçirilməlidir. Hüquqşünaslar hesab edirlər ki, sakinlərin taleyini yalnız şirkətin maraqlarını nəzərə alan və vətəndaşların hüquqlarına tamamilə məhəl qoyulmayan müqavilə mətnləri tərtib edən özəl tikinti şirkətlərinə həvalə etmək olmaz. Sakinlər yerli icra hakimiyyəti ilə müqavilə bağlamalıdır və ya Nazirlər Kabineti sakinlər və tikinti şirkətləri arasında müqavilənin nümunə mətnini tərtib etməlidir. Bu mətndə vətəndaşların bütün qanuni hüquqları nəzərdə tutulmalıdır. Tikinti şirkəti vətəndaşlara keyfiyyəti Nazirlər Kabinetinin nümunə olaraq hazırladığı müqavilə layihəsindən aşağı olan müqavilə təklif etmək hüququndan məhrum etməlidir.
Nazirlər Kabineti Rusiya Federasiyasının ““Rusiya Federasiyasının paytaxtının statusu haqqında” Qanununa dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 iyul tarixli 141-FZ saylı Federal qanunu və Rusiya Federasiyasının ayrı-ayrı qanunvericilik aktlarının Rusiya Federasiyasının subyektində – federal əhəmiyyətli Moskva şəhərində yaşayış fondunun renovasiyası məqsədilə ayrı-ayrı hüquqi münasibətlərin tənzimlənməsi xüsusiyyətlərinin müəyyən edilməsi ilə bağlı hissələrini tədqiq etməlidir. Qanun Dövlət Duması tərəfindən 14 iyun 2017-ci il tarixində qəbul edilib, RF Federasiya Şurası tərəfindən 28 iyun 2017-ci il tarixində təsdiq edilib.
Azərbaycan hökuməti xüsusi dövlət qurumu yaradılması, Nazirlər Kabinetinin yenilənmiş Qərarının həyata keçirilməsi ilə bağlı yaranan bütün operativ məsələlərin onun üzərinə qoyulması məsələsinə baxmalıdır. Bu təşkilat həm vətəndaşların hüquqlarının müdafiəsi, həm də tikinti şirkətlərinin maraqlarının həyata keçirilməsi üçün yaradılır. Yeni dövlət qurumu və ya məsul dövlət təşkilatı (Bakı İH, Dövlət Əmlak Komitəsi və ya ASAN Xidmət agentliyi) vətəndaşlara layiqli maliyyə təzminatı və ya yeni evlərdə mənzil almaq zəmanəti verəcək. Moskvada bu məqsədlə yaşayış tikililərinin renovasiya fondu yaradılıb. Onun fəaliyyət məqsədləri, vəzifələri və funksiyaları müvafiq Qanunda ətraflı əks olunub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.