“Müəllimləri belə əziyyətə salmaq istəyənləri qınayıram”
“Bu günlərdə onlarla müəllim zəng edərək üzləşdikləri problemi haqlı olaraq əsəbi şəkildə söylədilər. Mənim üçün Azərbaycanın ən həyati əhəmiyyət daşıyan peşələrindən birinin təmsilçisi olan Azərbaycan müəlliminin bu cür incidilməsi çox ağır gəldi”.
AzNews.az xəbər verir ki, bu sözləri Millət vəkili Fazil Mustafa bəzi müəllimlərin üzləşdiyi problemdən danışarkən deyib:
“Məsələnin mahiyyəti belədir: müəllimlər üçün verilən maaş kartının müddəti bitib. “Kapital Bank” yeni kartları hazırlayıb və müəllimlərə verilməsi üçün onları müvafiq şöbələrinə dəvət edib. İndi üç gündür sübh tezdən adamlar növbə tutub sadəcə kartlarını almaq istəyirlər, növbə o qədər çoxdur ki, iki gündür, üç gündür ala bilmirlər.
Demək ki, “Kapital Bank”da müəllimin kim olduğunu anlamayanlar bu şərəfli peşə sahiblərinə pandemiyanın bu çətin şərtlərində əziyyət verməkdən həzz almaq istəyiblər. Burada iki optimal yol var, ya kartların vaxtını uzaldıb, müəllimləri bu qədər əziyyətə salmırdılar, ya da əgər yeni kartlar hazırlanmışdırsa, onların hər bir məktəbdə müəllimlərə çatdırılmasını təmin edirdilər. İlin, günün bu vaxtında vətəndaşı, xüsusilə də müəllimləri belə əziyyətə salmaq istəyənləri qınayıram və bu özbaşınalığa son qoyulmasını istəyirəm”.
Səidə Vahid
araz.az xəbər portalı.