Eynulla Fətullayev
Prezident İlham Əliyev bu günlərdə Ermənistan hökumətinin başçısı, Qarabağa dair danışıqlar prosesini faktiki olaraq pozmuş Nikol Paşinyana qarşı sərt və qəzəbli çıxış etdi, iki lider arasında pərdəarxası danışıqların sensasion təfərrüatlarına ilk dəfə toxundu. İ.Əliyev birmənalı şəkildə bildirdi ki, hakimiyyətə gələndən sonra Paşinyan Azərbaycan tərəfinə Qarabağa dair ümidverici mesajlar göndərməyə başlamışdı.
Bəs Paşinyanın Əliyevə göndərdiyi gizli mesajlar nədən ibarət idi?
İnformasiyalı diplomatik mənbələr iki ölkə başçılarının konfidensial söhbətləri barədə danışıblar. Və virtualaz.org, haqqin.az saytlarının redaksiyası Paşinyanın əlaqələndiricisi vasitəsilə iki ölkə rəhbərləri arasında baş tutmuş gizli danışıqlar üzərindən sirr pərdəsini qaldırmağı qərara alır.
Beləliklə, 2018-ci ilin iyul-avqustunda, rəngli inqilabın lideri Paşinyanın hakimiyyətə gəlişindən bir neçə ay sonra onun məsləkdaşlarından və tərəfdaşlarından biri, inqilaın başlıca lokomotivi olan “Vətəndaş müqaviləsi” blokunun həmtəsisçisi Arsen Xaratyan Azərbaycan hökumət mənbələri ilə əlaqə yaradaraq birbaşa danışıqların başlanmasını təklif edib. Həmin vaxt Xaratyan artıq baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri postundan getmişdi və Tbilisidə məskunlaşaraq Soros tərəfindən maliyyələşən QHT-nin rəhbəri kimi fəaliyyət göstərirdi.
Azərbaycan hökumətinin nümayəndəsi ilə Avropa ölkələrindən birinin ərazisində baş tutmuş görüşdə A.Xaratyan açıq bildirib ki, Paşinyanı təmsil edir. Hansı ki, erməni baş nazir danışıqların keyfiyyətcə yeni formatında maraqlıdır və yeni nizamlama modeli əsasında ciddi kompromislərə getməyə hazırdır. A.Xaratyan N.Paşinyanın adından çatdırıb ki, Ermənistanın yeni hökuməti gələcək danışıqlarda 90-cı illərdə Robert Köçəryan tərəfindən devrilmiş Levon Ter-Petrosyanın razılaşdığı mərhələli həll planını əsas götürməyə hazır olduğunu ifadə edir.
A.Xaratyan tərəfindən təqdim edilmiş “sülh əvəzində ərazilər modeli”nə əsasən söhbət birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı üç rayonunun işğaldan azad edilməsindən gedirdi. Sonra Serj Sərkisyanın razılaşdığı “Madrid prinsipləri” əsasında daha iki rayon boşaldılırdı. Paşinyan birbaşa danışıqlar imkanlarını nəzərdən keçirirdi, yəni vasitəçilər, xüsusən də Rusiyanın iştirakı olmadan. A.Xaratyan əmin edirdi ki, Paşinyan da Rusiya XİN-in danışıqlar prosesindən uzaqlaşdırılması yolu ilə Kremlin regionda təsirinin məhdudlaşdırılması zəruriliyinə inanır. Çünki yeni erməni hökumətinin strateji vəzifəsi Rusiyanın Ermənistanın özündəki daxili siyasi proseslərdə rolunun və təsirinin zəiflədilməsindən ibarətdir. Azərbaycan tərəfini A.Xaratyanın məhz kondominiumun pozulmasına, danışıqların gələcəkdə ancaq qərb hökumətlərinin dəstəyi ilə aparılmasına dair təklifi bir qədər düşündürüb.
A.Xaratyanın sözlərinə görə, Paşinyan gələcəkdə Dağlıq Qarabağa müvəqqəti aralıq statusun verilməsinin əvəzində daha iki rayonun-Kəlbəcərin və Laçının da işğaldan azad edilməsi imkanlarını nəzərdən keçirəcəyinə təminat verirdi.
A.Xaratyan Ermənistan və Azərbaycan hökumətlərinin emissarları arasında Tbilisidə məxfi görüşlərin keçirilməsini təklif edib. Ancaq danışıqların yeri ətrafında diskussiyaların gedişində Rusiya xüsusi xidmət orqanlarının Tbilisidəki fəallığı nəzərə alınaraq ilk məsləhətləşmələrin neytral ərazidə-Avropa ölkələrindən birində keçirilməsi qərara alınıb.
Məsləhətləşmələrin ilkin yekunlarının xülasəsi olaraq A.Xaratyan bəyan edib ki, gələcək addımlarını N.Paşinyanın özü ilə razılaşdırmağa məcburdur. Azərbaycan hökumətinin nümayəndəsi ilə ilk məsləhətləşmələr barədə Paşinyana məruzə edən A.Xaratyan baş nazirin özündən gizli danışıqların aparılması barədə mandat alıb.
Redaksiya Xaratyanla görüşən Azərbaycan hökuməti nümayəndəsinin kimliyi haqda məlumatlıdır. Və zərurət yaranarsa Azərbaycan prezidentinin emissarının da açıqlaya bilər.
Avropa ölkələrindən birinin ərazisində baş tutan ikinci görüşdə A.Xaratyan N.Paşinyanın KTMT baş katibi Yuri Xaçaturov barəsində cinayət işi qaldırıb onu həbs etmək planlarını çatdırır. A.Xaratyana görə inqilabi hökumətin əsas rəqiblərinin-Serj Sərkisyanın və Robert Köçəryanın siyasi səhnədən uzaqlaşdırılmasından sonra yeni hökumətin möhkəmlənməsi yolunda başlıca maneə Y.Xaçaturov idi.
Xaratyan Azərbaycan tərəfdən xahiş edir ki, gözləsin və Paşinyana ölkədə qayda-qanun yaratmağa vaxt qazandırsın. A.Xaratyan dövlət aparatında və güc strukturlarında təsirini saxlayan Qarabağ klanını tərəfdən N.Paşinyana qarşı terror təhdidinin yüksək ehtimalla mövcud olduğunu bildirib. Deyib ki, daxili siyasi probemləri həll edəndən sonra Paşinyan hərtərəfli danışıqlara başlayacaq.
Münaqişənin tezliklə və ədalətli şəkildə həllində çox maraqlı olan Azərbaycan tərəfi N.Paşinyanın adından çatdırılan təklifi diqqətlə öyrənib, erməni siyasətçilərinin yeni nəslinin rasionalizminə və praqmatizminə ümid bəsləyib.
Lakin ikinci görüşdən sonra A.Xaratyan bildirib ki, Yuri Xaçaturovun həbsi Rusiya-Ermənistan münasibətlərini bir qədər mürəkkəbləşdirib, nəticədə Kremlin təzyiqlərinə səbəb olub. Bundan əlavə, A.Xaratyanın informasiyasına görə məxfi Azərbaycan-Ermənistan danışıqları haqda məlumat sızıb və vəziyyət mürəkkəbləşib. Və Rusiya tərəfinin şübhələrinə səbəb olub. A.Xaratyan deyib ki, məhz buna görə Rusiya xüsusi xidmət orqanları Nikol Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan arasında telefon söhbətinin səs yazısını internetə ötürüb.
N.Paşinyan bu sızmanın A.Vanetsyan tərəfindən təşkil edilməsindən şübhələnirdi. Hərçənd Azərbaycan hökumətinin emissarı ilə söhbətində A.Xaratyan belə ehtimal irəli sürüb ki, Rusiya tərəfinə informasiyanı Paşinyanın yaxın ətrafında olan yüksək vəzifəlilərdən kimsə ötürə bilərdi. Hər halda məxfi danışıqlar haqda xarici işlər naziri Zöhrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan da məlumatlı idi.
Azərbaycan tərəfi isə Xaratyan qarşısında götürdüyü öhdəliklərə sadiq qalaraq ATƏT-in Minsk Qrupunu həmin danışıqlar haqda məlumatlandırmamışdı.
araz.az xəbər portalı.