modern.az ART 511Ermənistan rəhbərliyi bu ilin iyulunda Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribata əl atdı. Qarabağı işğal altında saxlayan rəsmi Yerevanın gərginliyin istiqamətini dəyişməsi ciddi suallar doğurdu.

Doğrudur, Tovuz və Qazax rayonları istiqamətində əvvəllər də atəşkəsin pozulması halları müşahidə olunub. Ancaq iyul hadisələri zamanı düşmən tərəfi gözlənilmədən mövqelərimizi artilleriya atəşinə tutdu və bu istiqamətdə strateji əhəmiyyətə malik Qaraqaya yüksəkliyindəki postu ələ keçirməyə cəhd etdi.

Modern.az xatırladır ki, xarici analitiklər baş verənləri kortəbii toqquşmadan irimiqyaslı döyüş əməliyyatlarına çevrilən təsadüfi insident adlandırsa da, döyüşlərin üzərindən keçən iki ay Paşinyan hökumətinin hərbi gərginliyi öncədən planlaşdırdığını göstərir.

Sələfi Serj Sarkisyan Aprel döyüşləri zamanı məğlubiyyətə uğradığı kimi, Nikol Paşinyan da qısa hakimiyyəti dövründə Naxçıvanın Günnüt kəndi istiqamətində ordumuzun müdafiə xarakterli peşəkar əməliyyatının nəticəsi ilə hesablaşmalı oldu.

Bu iki faktın Ermənistan rəhbərliyində yaratdığı natamamlıq kompleksi, cəmiyyətlərində yaşanan psixoloji gərginlik, ruh düşkünlüyü Paşinyanı Tovuz istiqmətində “uğurlu əməliyyat” avantürasına sürüklədi. Amma Qaraqaya yüksəkliyi uğrunda 12-16 iyul döyüşləri növbəti dəfə düşmən qüvvələrinin məğlubiyyəti ilə başa çatdı.

Ermənistanın Tovuz istiqamətində hücumunun təsadüfi olmadığını isə sosial şəbəkələrin erməni seqmentində aktiv paylaşılan bu xəritə sübut edir. Qarabağla yanaşı, Azərbaycanın Naxçıvan və Gəncəbasar ərazisini də növbəti işğal hədəfi seçən rəsmi Yerevan son illər aldığı sarsıdıcı məğlubiyyətlərə baxmayaraq, işğalçılıq niyyətindən hələ də əl çəkməyib. Doğrudur, bu xəritəni heç saymaq da olar. Ancaq görünən odur ki, Ermənistan bütün istiqamətlərdə təxribatları davam etdirir.

Biz isə Ermənistan təxribatlarına cavab verməklə məşğuluq. Axı Ermənistan təxribatları bitmir, tükənmir, biz ömrümüzü yalnız bu təxribatlara cavab verməkləmi sona verəcəyik?

Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, biz bütün sahələrdə hücum taktikasını tutmalıyıq. Və bu işdə hər bir sahədə çalışan azərbaycanlının üzərinə böyük yük düşür.

Nə yazıq ki, tarixçilərimizin başı “Arsak” sözünü müzakirə etməyə qarışıb. Və az qala bütün sahələrdə bu kimi işlərlə məşğuluq.

araz.az xəbər portalı.