“İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etməsi ilə yanaşı, həm də vurğulayıb ki, əks halda Azərbaycanın torpaqlarını digər vasitələrlə, yəni müharibə ilə azad etmək hüququnu icra etməsindən başqa yolu qalmayacaq”.
Bunu Trend-ə müsahibəsində Prezidentin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev demişdir.
“Onu da qeyd edim ki, bu gün Azərbaycan xalqı və yüksək vətənpərvərlik ruhunda yetişən sağlam düşüncəli gənc nəsil torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsinin tərəfdarıdır. Həmçinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələrin və tədbirlərin həyata keçirilməsi yönündə maliyyə təminatının yaradılması deməyə əsas verir ki, növbəti illərdə bu faktor öz prioritetliyini saxlayacaqdır. Bizim torpaqların geri qaytarılması üçün kifayət qədər canlı qüvvəmiz, ehtiyatda olan savadlı, bilikli, hərbi-taktiki bilgiləri, səviyyələri yüksək olan zabit heyətimiz, ən müasir standartlara cavab verən hərbi-texniki təchizatımız, güclü ordumuz var. O cümlədən, qeyd etdiyim kimi, biz maksimum şəkildə münaqişənin sülh yolu ilə həll olunmasına çalışmışıq, ancaq göründüyü kimi, Ermənistanın mövcud “paşinyan hakimiyyəti” danışıqlar prosesinin dayanmasına səbəb olub. Bu baxımdan, əgər sabah işğalçı ölkə ağır fəsadlara səbəb olacaq vəziyyətə düşəcəksə, məsuliyyəti həmin ölkənin hərbi-siyasi rəhbərliyi daşıyacaq”, M.Əliyev geyd edib.
araz.az
araz.az xəbər portalı.