Lerikin Şivlə və Biləvər kəndlərinin sakinləri yenidən ölkə başçısına müraciət ediblər.
Onlar yolsuzluqdan əziyyət çəkdiklərini, 3 km yolun hələ də təmir edilmədiyini bildiriblər: “Cənab prezident, problemlə bağlı bir neçə dəfə sizə müraciət etmişik. Mətbuatda da müraciətlərimiz dərc olunub. Sizə və aidiyyəti qurumlara 50-dən çox məktub, teleqram göndərmişik. Amma heç birinə reaksiya verilməyib. Görünür, məktublarımızın sizə çatmasını əngəlləyən şəxslər var. Həmin şəxslər rayon rəhbərliyinin xahişi ilə o məktubların sizə çatmasının qarşısını alırlar”.
Şivlə-Biləvər kəndləri həm İkinci dünya müharibəsində, həm də Qarabağ döyüşlərində aktiv iştirak edib, çoxsaylı şəhid və itkin verib. Lakin bu kəndlər hər zaman biganəlik və laqeyd münasibətlə üzləşdiklərini deyiblər:
“Cənab prezident, yenidən seçkiöncəsi sizə müraciət edirik. Artıq müraciətimizi rəsmi qaydada poçtla da göndərmişik. Sizin sərəncamınızla kəndimizi yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Şivlə və Biləvər yanaşı yerləşən kəndlərdir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. Xahiş edirik ki, müraciətimizi nəzərə alıb bu üç 3 km-lik yolun təmir olunması üçün sərəncam verəsiniz. Onsuz da rayon rəhbərliyi bizə baxmır. Hər yerdə Sizə müraciətimizi bir qrup şəxsin müraciəti kimi təqdim etməklə diqqəti problemdən yayındırmağa çalışırlar”.
Sakinlər prezidentə müraciətində rayonun deputatından və icra başçısından da narazılıq ediblər: “Bu adam – (söhbət deputat İqbal Məmmədovdan gedir. red) deputat seçildiyi bu 4 il ərzində bir dəfə kəndə gəlib bizi dinləməyib. Nədir bunu işi-gücü? Vəzifəsinin məsuliyyətini dərk edirmi? Eləmir, onun üçün seçici anlayışı yoxdur. İcra başçısı da baxmır heç bir xahişə. Ona görə də bu problem həll oluna qədər sizdən dəstək istəyəcəyik”.
Sakinlər yaxın vaxtlarda yolun çəkiləcəyinə ümidli oldularını da ifadə ediblər.
Qeyd edək ki, Lerikin Şivlə və Biləvər sakinləri bir neçə dəfə prezidentə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. Bir Milli Qəhrəmanın da bu kənddən olduğunu deyən sakinlər bildiriblər ki, rayon rəhbərliyi tərəfindən həmişə ögey münasibət görüblər. Prezidentə şikayət edən kənd sakinləri deyirlər ki, əsas yola yaxın olan bütün qonşu kəndlərin yollarına qrabil tökülsə də, Şivlə-Biləvərin 3 km-lik yolu rayonda məmurların arasında gedən daxili intriqaya görə baxımsız qalıb. Sakinlər yenə də özləri pul yığaraq, yolu təmir etməyə başlayıblar, amma vəsaitləri çatmayıb.
(Mənbə: Tendensiya.com)
araz.az xəbər portalı.