Azərbaycanın Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi uğurunda apardığı hərbi əməliyyatlarla bağlı oktyabrın 2-də Almaniya parlamentində mühüm bəyanat qəbul olunub. Bəyanatı Bundestaqın hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları – Xarici siyasət komitəsinin üzvü, fraksiyanın Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel və Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer yayıb.
araz.az xəbər verir ki, bəyanatda deyilir:
“Dağlıq Qarabağ uğrunda hərbi əməliyyatlarda 25.000 insan həlak olub və bir milyon insan qaçqın düşüb. Bu müharibənin gedişində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin təxminən 5%-ni təşkil edən Dağlıq Qarabağla yanaşı Azərbaycanın 7 ətraf rayonunu da işğal edib. Azərbaycanın dövlət ərazisinin hissələrinin hərbi işğalı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874 və 884 saylı) pislənilib. Hazırda Azərbaycanın dövlət ərazisinin təqribən 20%-i Ermənistanın işğalı altındadır.
Beynəlxalq ictimaiyyət hələ də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Almaniya və Avropa İttifaqının (Aİ) mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yalnız sülh yolu ilə ola bilər. Almaniya və Aİ qondarma “Dağlıq Qarabağ Respublikası”nı və bu rejimin keçirdiyi “seçkiləri” tanımır.
1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu bu dondurulmuş münaqişənin həllinə çalışır. Təxminən 30 il davam edən vasitəçilik cəhdlərinə baxmayaraq status-kvonun aradan qaldırılmasına yönələn səylər nəticəsiz qalıb. 1994-cü ilin mayından mövcud olan atəşkəs xəttində daim günahsız insanların ölümü ilə nəticələnən toqquşmalar baş verir.
BMT Xartiyasının 2-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə üzv dövlətlər beynəlxalq mübahisələri yalnız dinc yollarla həll etməlidirlər ki, dünyada sülh, beynəlxalq təhlükəsizlik və ədalət təhlükə altına düşməsin. BMT-nin bütün üzv dövlətləri öz beynəlxalq münasibətlərində dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı yönələn yaxud BMT-nin məqsədlərinə uyğun gəlməyən güc tətbiqi və güclə hədələməkdən əl çəkməlidirlər.
Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya yuxarıda qeyd edilən BMT qətnamələrinə uyğun olaraq fundamental prinsiplər kimi xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığı aiddir. Hər iki tərəf Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi məqsədilə işğal edilmiş ərazilərdə yaranmış beynəlxalq hüquqa zidd vəziyyətin aradan qaldırılması və razılaşdırılmış həllin tapılması üçün töhfə verməyə çağırılır”.
araz.az
araz.az xəbər portalı.