“Ermənistanın istifadə etdiyi raketlər 30-40 il əvvələ məxsusdur, dağıdıcı qüvvəsi yoxdur. Atılan raketlər Mingəçevir Su Anbarının bəndini dağıtmaq gücündə deyil. Həmçinin, ərazi Azərbaycan tərəfindən ciddi şəkildə mühavizə olunur”.
araz.az bildirir ki, bu sözləri Redaktor.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Ermənistan tərəfinin mülkü əhalini, Mingəçevir Su Anbarını hədəf alması ilə bağlı danışarkən deyib. O, düşmənin Azərbaycanda qorxu və təşviş yaratmağa çalışdığını bildirib:
“Düşmənin istifadə etdiyi silahlar, raketlər köhnədir. Bu səbəbdən onlar hədəfi düzgün nişan ala bilmirlər. Ermənilər elə düşünür ki, indi də 90-cı illərdə olduğu kimi insanlar arasında təşviş yaradıb, onları öz yurdlarından didərgin sala biləcəklər. Amma bu gün reallıq başqadır. Azərbaycan ordusu, xalqı qəhramanlıqla düşmənin üstünə gedir, onlara öz yerini göstərir. Hazırki məqamda ruh yüksəkliyi, əzm çox önəmlidir”.
Polkovnik düşmənin yaşayış məntəqələrini atəşə tutmasının daha bir neçə səbəbinin də olduğunu bildirib:
“Birincisi, düşmən cəbhəni genişləndirməyə və Qarabağ uğurunda gedən savaşı başqa istiqamətə çevirməyə çalışır.
İkincisi, birbaşa Ermənistandan Azərbaycan ərazilərini vuraraq, çalışır ki, bizim tərəfdən də cavab zərbəsi endirilsin və onlar dünya ictimaiyyətinə özlərini yazıq kimi göstərsinlər. Azərbaycan cavab zərbəsi endirsə, bunun nəticəsi Ermənistan üçün çox ağır olacaq. Məhz bu səbəbdən bizi təxribata çəkməyə çalışırlar.
Amma hesab edirəm ki, Azərbaycan hələlik düşmənin təxribatına qarşı son dərəcə diqqətli olmalıdır. Bu məsələdə siyasi üstünlüyü daha çox artırmaq lazımdır. Təbii ki, erməni havadarları qısa zamanda Ermənistanın bu kimi təxribatlarının qarşısını almasa, cavab zərbəsi olaraq, bir başa Ermənistan vurulacaq”.
araz.az
araz.az xəbər portalı.