Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “nümayəndəsi” Artak Beqlaryan bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində – Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evlərini tərk edib.
Beqlaryan qeyd edib ki, ermənilərin əksər hissəsi Ermənistana qaçıb, digər hissəsi isə Qarabağ daxilində yerlərini dəyişiblər. O, bunu hərbi əməliyyatlarla əlaqələndirib. A.Beqlaryanın sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk edib. O, regionu tərk edənlərin sayının 75 min nəfər olduğunu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə erməni hərbçilərin Dağlıq Qarabağı və işğal altında olan digər əraziləri kütləvi tərk etmələrinin görüntüləri yayılıb.
Bununla yanaşı, separatçıların digər “nümayəndəsi” Vaqram Poqosyan da Ermənistan hərbçilərinin işğal altında olan Azərbaycan ərazilərinin bir hissəsini tərk etdiklərini təsdiqləyib. /Report/
araz.az xəbər portalı.