214.jpg


 Qışdan, soyuqdan, qardan, yağışdan deyil. Heç pulsuzluqdan da deyil. Amma, çox kədərlidir. Siz ölkədəki siyasi-mənəvi durumun kədərli mənzərəsini görürsünüzmü?  Burda “siyasi” sözü ona görə mütləqdir ki, məhz siyasətdən doğan, daha doğrusu, siyasətin yekunu olaraq boz boşluğa bənzəyən ölkədə mənəviyyatsızlığın kuliminasiyaya çatdığını görməmək mümkün deyil. Əlbəttə, bu indi yaranmayıb, xeyli müddətdir ki, yol gəlir və təəssüf ki, bu qəbildən  yeni “zirvələr” fəth etmək axtarışı davam edir və  dayanacağı da  hələ görünmür. Amma, mənəviyyatın aşınma stadiyası artıq bitib və sonra hansı mərhələnin gəldiyini demək, onun adının  nə olduğunu tapmaq qədər çətindir. 

 
Bu, pəncərə arxasından sakit seyr ediləcək bir mənzərə deyil. Adətən kədərli mənzərə deyimində bir məhzunluq, bir sakit qəmlilik, uzaqlara baxıb dalmaq çalarları var, amma bu mənzərə  çox cansıxıcı, boğucu, qüruru düşürən, can yandıran, bir sözlə adamın  başını aşağı salandır. Söhbətin nədən getdiyini yəqin təxmin edirsiz. İstənilən mübarizədə nifrət ola bilər, amma istər fərdlər arasında məişət, mövqe, var-dövlət uğrunda aparılan mübarizə, istər bəşər tarixinin hakimiyyət uğrunda ən gərgin mübarizələri, hətta müharibələri də istisnalar olsa da bir qanun, bir ləyaqət çərçivəsində aparılıb. 
Ölkənin indiki siyasi-mənəvi durumundakı böhran o qədər aydın görünür ki, onu dərindən təhlil edib, səbəb və nəticələri sadalamağa ehtiyac qalmır. Sanki  Mefistofel  Allahla mübahisə edəndə yaratdığı insanın heç nəyə qadir olmadığını, ona şüuru bəxş etməklə yalnışlığa yol verdiyini sübut etmək üçün kabus kimi bu ölkənin başı üzərində dayanıb.., bizləri Allaha göstərir. Çünki, baş verənlər Allahın insana lütf etdiyi dəyərlərin tam əksi, Mefistofelin-iblisin istəklərinin təntənəsidir.
 
Baxın, canı boğazına yığılmış, vətəndən müxtəlif səbəblərlə, təbii ki, xoş olmayan, hətta təhlükə yaradan səbəblər üzündən ölkəni tərk edib demokratik ölkələrə sığınan və doğmalarından, doğma yurddan ayrı düşməyin ağırlığını hər gün çiynində daşıyan, dərdini danışmağa adam tapmayan biri hirsindən-hikkəsindən onu bu günə salanlarla mübarizə aparmağa qərar verir. Və…Və başlayır bütün etik, milli, əxlaqi dəyərlərə zidd olan yollarla, vasitələrlə işlər görməyə. Münasibətin nifrətdən də artıq səviyyədə olmasından asılı olmayaraq öncə milli-mənəvi, sonra bəşəri dəyərləri məhv edən vasitələrlə mübarizə aparmaq qəbulolunmazdır. Təkrar edirəm, səbəblərin nədən yaranmasından asılı olmayaraq.
 
Qarşı tərəfin əks reaksiyası isə iki dəfə ondan pisdir. Tabeliyində nəhəng inzibati resursları, təbliğat vasitələri ola-ola  bütün milli, bəşəri, əxlaqi dəyərləri məhv edən, üstündən xətt çəkən, sağalması onilliklərə qalan yollarla, iyrənc vasitələrlə, ən düşük əməllərlə mübarizə aparmaq yolunu seçməyin zərbəsi birinci millətə dəyir. Uşaqlıqdan aldığımız tərbiyə, oxuduğumuz dastanlar, nağıllar, kitablar, cəmiyyətin formalaşdırdığı əxlaq normaları bizə düşmənçiliyin də mərdcəsinə, ləyaqətlə aparılmasını təlqin edib.  Əsrlərdən gələn və formalaşan şərəf və ləyaqət prinsipləri gözümüzün qabağında darmadağın olur. Bu mənzərəyə baxmaq olmur, bunu sakit qarşılamaq mümkün deyil. Bu kədərli mənzərəni hər gün yaşayan bir Azərbaycan vətəndaşı tapın ki, desin bu işdən, bu mübarizə yolundan razıdır.     
 
Açıq deyək, əgər uzaqdakına əlin yetə bilmirsə, onun doğmalarından “imtina etmək”(daha doğrusu, “etdirmək”) ərizələrini almaq, sonra da bu imtinanı  bəyan edib təbliğ etmək profilkaktika hesab olunurmu, başqalarının da gözünü qorxutmaq  məqsədinə çatmaqdırmı? Nəyi təbliğ edirik? Satqınlığımı? Təsəvvür edin Qarabağ müharibəsi gedir, əsir düşənə deyirlər dövlətinin, millətinin, ölkənin əleyhinə filan işi gör səni öldürməyək, incitməyək. Bu günkü mənzərə sabaha potensial satqınlar ordusu yetişdirməyi əks etdirmirmi? Bunu görən gənc, bu təbliğatın qarşısında hansı mərdlikləri özündə tərbiyə edəcək? Hətta imtina edən, qadınlar olsa belə… Ana, bacı, həyat yoldaşı, və zərif cinsdən olan digər qohum-əqrabalar olsa belə.  Biz bir millət olaraq sabah hansı mərd xüsusiyyətimizlə övladlarımızı tərbiyə edəcəyik? Hakimiyyətin təzyiqi ilə oğlundan, qardaşından, ərindən, dayısından, əmisindən imtina edənlərləmi? Tarixən o qədər real həyatdan, bədii əsərdən sitat gətirə bilərik ki, necə qorxmaz, əyilməz xanımlar olub. Dekabristlərin özü qədər xanımlarının etdikləri hərəkət onları əbədiləşdirib. Sabah nə ilə qürur duyacaq bu millət? Kimi nümunəvi ata, ana, bacı, qardaş hesab edəcəyik? İmtina ərizəsi yazanlarımı? Harda qaldı “itə ataram, yada satmaram” qüruru?
 
Qınamıram, bu hər birimizin doğması ilə baş verə bilər və “boğulanda meymun da balasını ayağının altına alır” kimi mahiyyətcə qısır olan  misalla  özlərinə təskinlik verə bilərlər. Təəssüf ki, bizə aid olan belə qısır deyimlərimiz az deyil və bir təhlükə hiss edəndə “qarın qardaşdan irəlidir” kimi daha bir mənasız , amma reallığı əks etdirən misallarımız və ona uyğun saysız-hesabsız hərəkətlərimiz var. Yeri gəlmişkən, bu tendensiya çox təhlükəlidir: hüququ, şərəfi, ləyaqəti, vətəni uğruna deyil, qarnına görə qardaşını bada verən nəhəng potensial kütlənin varlığı daha təhlükəli, daha iyrəncdir.
  
“Bu tablo karşısında kendini değersiz, yalnız, korumasız, sahipsiz, itibarsız hissetmeyen bu ülkenin tek bir evladı, vatandaşı var mı gerçekten?”. Bu sözlər Türkiyənin çox istedadlı köşə yazarlarından olan Levent Gültəkinə aiddir və qardaş ölkədə də buna bənzər hadisələrə etirazını bildirən müəllif  bu sualı həm də bizim üçün verib. Doğrudan da özünüzü statusunuzdan asılı olmayaraq bu durumda güvəndə hiss edirsinizmi, cənab nazirlər, “cənab dilənçilər”? (son kəlmə Bulqakova məxsusdur)
Belə vəziyyətlərdə kim qabağa düşüb müdriklik edə bilər? Tərəfləri çəkindirər, qınayar, doğru məsləhət verməyə kimin statusu imkan verər? Ziyalı çox yüksək statusdur və şəxsən mən o statusa hələ iddia etmirəm. Əgər millətin ziyalı bildiyi adamlar bu kədərli mənzərəni görüb susursa, deməli cəmi Azərbaycanda bu status –vakantdır.  Din xadimi necə? Barışdırıcı və çəkindirici, tövsiyyə və məsləhət vermək missiyasını yerinə yetirməlidirmi? Bəlkə də kritik anlarda ən çəkindirici faktor- “Allahdan qorxun” kəlamı ilə ortaya düşən din xadiminin nüfuzu olardı. Amma, bizdə bu nüfuza sahib bir din xadimi belə yoxdur, bu missiyanı  yerinə yetirəcək ruhani yeri də..,  vakantdır.
  
Önündə Qarabağ matəmagahı dayanan bir millətin, bir dövlətin qarşısında asılan kədərli mənzərəni görürsünüzmü? 
 
İlham İsmayıl

araz.az xəbər portalı.