Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 10 saatdan artıq davam edən görüşü başa çatıb.
araz.az xəbər verir ki, Bakı və İrəvan oktyabrın 10-da Qarabağda atəşi dayandırmaq barədə razılığa gəliblər.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib. O deyib ki, Rusiya Prezidenti Vladimir Putinin çağırışına cavab olaraq, tərəflər arasında görüş keçirilib və Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmasına nail olmaq üçün substantiv danışıqlara başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə, tərəflər danışıqlar formatının dəyişməzliyini təsdiqləyib.
***
Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 10 saatdan artıqdır davam edir.
araz.az xəbər verir ki, bu barədə Rusiya KİV bildirir.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici işlər naziri Mnatsakanyanın görüşü bu gün saat 17:00-da başlayıb.
araz.az xəbər portalı.