Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ iki gün öncə aydın səmada şimşək effektinə bərabər bəyanatla çıxış edərək ölkəsinin cinayət qanunverciliyində zina ilə bağlı ayrıca maddənin tətbiqi ilə bağlı işlərə başlanıldığını bildirib. O belə bir qərarın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zina ilə bağlı səsləndirdiyi fikirlərdən sonra verildiyini də etiraf edib.
Görəsən, Azərbaycan Cinayət Məcəlləsində də belə bir maddənin nəzərdə tutulması mümkündürmü?
Moderator.az-ın bu sualına millət vəkili Fazil Mustafa maraqlı cavab verib:
“Türkiyədə zina ilə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin Azərbaycanda tətbiqi real görünmür. İlk növbədə bu dünyəvi dövlətin qanunvericilik prinsipləri ilə uzlaşmayan bir məsələdir. Məlumdur ki, zina şəriət hüququnun prinsiplərinə görə cəzalandırılması nəzərdə tutulan əməldir. Azərbaycanda bu əməl kriminal olaraq düşünülmür, sadəcə mənəvi meyarlarla əxlaqsızlıq kimi qiymətləndirilir. Maraqlıdır ki, zina dindar olmayan insanlar arasında adi həyat davranışı kimi qəbul olunur və buna görə epizodik qətllər və ya əksər hallarda boşanmalarla yekunlaşır. Ailə dəyərlərində boğazdanyuxarı çox danışılsa da, əslində ailəli insanlar, xüsusilə də kişilərin yaşamında zina elementləri daha qabarıq üzə çıxır və bu da ailə müəssisəsinin təməlini zədələyir. Dindar insanlar arasında zinanı pərdələmək üçün əsasən siğə və imam nikahı variantlarından istifadə olunur ki, bu da İslamın təməl fəlsəfəsi ilə uzlaşmır və nikahın müqəddəsliyini kölgə altına salır. Qadının fahişəliyini və kişinin əxlaqsızlığını bir-iki saatlıq keçici əqdlə din pərdəsi ilə ört-basdıq etmək adi qarşılanan durum olduğuna görə, bunun Qurana zidd əməl olduğunu söyləmənin də faydası olmur. Bu səbəbdən də zina ilə bağlı qanunvericilikdə cəza tətbiq olunarsa, o zaman cəmiyyətimizin elə eybəcərlikləri üzə çıxar ki, bu acınacaqlı durumdan özümüz də dəhşətə gələrik. Fikrimcə, bu məsələdə Türkiyədə də tətbiq edilməsi mümkün qanunvericilik ənənəsi yaratmaq xeyli çətin olacaq”.
araz.az xəbər portalı.