Sentyabrın 27-dən Dağlıq Qarabağda başlayan yeni eskalasiya Ermənistanın itikiləri ilə müşahidə edilir.
Turkustan.info xəbər verir ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrini faktiki olaraq hərbi texnika və silahdan məhrum olub. Azərbaycan hərbçiləri düşmənin canlı qüvvəsi ilə yanaşı çox sayda döyüş texnikasını da məhv edib. Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda hərbi texnika və silah-sursat isə qənimət götürülüb. Artıq Ermənistan rəsmiləri də bu itkiləri etiraf etməyə başlayıb.
Hazırda itirdikləri mövqeləri geri qaytarmaq, habelə silah-sursatla təminatını bərpa etmək üçün Ermənistanın Rusiya, Fransa və daha bir neçə ölkədən silahlar aldığı məlum olub. Bəlli olub ki, İrəvan əsasən mülki təyyarələr vasitəsi ilə xaricdən qaçaq yolla silahlar daşıyır.
Rəsmi Bakı artıq mülki təyyarələrlə silahların daşınması barədə Beynəlxalq Havaçılıq Şurasını xəbərdar edib və onlardan araşdırma aparmalarını istəyib. Üstəlik, bunun silah qaçaqmalçılığı olmasını əsas gətirərək, araşdırılmasını tələb edib.
Bu arada Türkiyənin məşhur “Sabah” qəzeti maraqlı bir məlumat paylaşıb. Məlumatda Ermənistanın xaricdən təcili silah daşıması üçün yeni planlarından bəhs olunur. Qəzet yazır ki, mülki təyyarələr vasitəsi ilə çoxlu sayda silah-sursat daşımaq mümkün deyil. Eyni zamanda, mülki təyyarələrlə ağır texnika, o cümlədən havadan müdafiə sistemlərini daşımaq qeyri-mümkün hesab edilir. Elə bu səbəbdən də İrəvan hökuməti dənizlərdə fəaliyyət göstərən erməni gəmi şirkətlərinə müraciət edib. Qəzet yazır: “İddaya görə, erməni iş adamları ağır yüklərin daşınması üçün gəmiləri də qeyri-qanuni silah daşınmasında istifadə etməyə hazırlaşır. Ermənistana daşınan və daşınması planlaşdırılan hərbi silah və maşınlar isə TOS-1A, müxtəlif top və artilleriya vasitələri, tank əleyhinə raket sistemləri, İqla-S raketlərini atacaq maşınlar, qumbaratan və mərmi atmaq üçün vasitələr, avtomat silahlar və sursatlar yer alacaq”.
Ermənistanın təcili olaraq silahlanmağa çalışması bəllidir. Düşmən qısa müddətdə itirdiyi hərbi texnika və silahlarını bərpa edərək, Azərbaycan Ordusunun üzərinə hücuma keçməyi planlaşdırır. Lakin burada maraqlı bir məsələ daha var: Ermənistan gəmi yolu ilə gətirdiyi silahları ölkəyə necə keçirəcək?
Ermənistanın birbaşa dənizə çıxışı olmadığından daşınmasını planlaşdırdığı silahları əsasən iki istiqamətdən müxtəlif ölkələrin limanlarına daşıyıb, oradan quru və hava yolu ilə İrıvana çatdıra bilər. Həmin limanlardan biri Poti və ya Batumidir ki, Gürcüstan ərazisidir. Rəsmi Tbilisi elə bu gün bəyan edib ki, onun ərazisindən Ermənistana silah daşınmır və buna imkan vermək fikrində də deyillər. Çünki Gürcüstan belə bir işə imkan yaradarsa, Azərbaycanla münasibətlərinin korlanacağının fərqindədir və bu onlar üçün ən arzuolunmaz haldır.
İkinci liman isə İran ərazisindədir. Buşehir və Bəndər Abbas limanları Ermənistandan 2000-2200 km aralıda yerləşir. Oradan həmin silahları yük maşınları ilə daşımaq heç də asan məsələ sayıla bilməz. Çünki belə bir addım müharibənin ilk günlərində atılmışdı və ciddi etirazlara səbəb oldu. Azərbaycan tərəfi rəsmi olaraq İrana etiraz etməsə də, bu ölkədə yaşayan Azərbaycan Türkləri rəsmi Tehrana ciddi etiraz edərək, aksiyalar belə keçirdilər. Təbii ki, bunun fonunda İran hakimiyyəti analoji addımı atmaq istəməyəcək. Amma həmin silahların yük təyyarələri vasitəsi ilə daşınması mümkündür. Lakin İranın buna gedib, getməyəcəyi hələlik sual altındadır.
araz.az
araz.az xəbər portalı.