Ermənistan Müdafiə Nazirliyi ordunun artıq nizamının pozulduğunu, ehtiyatda olanlara “ümid” bəslədiyini əks etdirən video yayıb.
araz.az Axar.az-a istinadən xəbər verir ki, təbliğat materialını “dqr” yox, məhz Ermənistan MN-nin öz adından hazırlayıb yayması da diqqət çəkir.
Videomaterialda görünən odur ki, “ehtiyat qüvvələr” adı ilə toplanan və sayı 15-ə qədər olan gənclərin ümumiyyətlə silahdan və döyüşdən anlayışı yoxdur. Onlar avtomatla davranmağı belə bacarmırlar və təlim zamanı erməni zabit bu gənclərə avtomat darağının necə çıxarıldığını, avtomatın atış hazırlığına necə gətirildiyini izah etməyə çalışır.
Təbliğat çarxında xüsusi vurğulanır ki, bu “ehtiyat qüvvələri” qısa müddətdə hazırlanaraq, döyüşə göndərilir. Bu gənclərin qısa müddətdə necə hazırlandığı isə ciddi şübhə doğurur.
Beləliklə, ordusu dağılan Ermənistan rəhbərliyi təcrübəsiz şəxsləri öz siyasi və hakimiyyət maraqları naminə qırğına verməkdə davam edir. Hətta “danışıqlarda üstün mövqe qazanmaq” üçün işğaldan azad edilən əraziləri yenidən zəbt etmək üçün gün ərzində bir neçə dəfə hücum təşkil etdirir. Hücuma keçənlər isə bu cür tez-tələsik hazırlanmış və avtomatın qundağı ilə lüləsini zorla fərqləndirən gənclərdir. Əlbəttə ki, Ermənistanın nizami ordusunu bir həftəyə darmadağın edən Azərbaycan Ordusunun qarşısına bu gəncləri çıxarmaq və ordumuzun mövqelərinə onları hücuma vadar etmək faktiki olaraq onları qırğına verməkdir.
Zəruri olaraq xatırladaq ki, artıq Ermənistanın Qarabağa yerləşdirdiyi Hava Hücumundan Müdafiə sistemlərinin tam məhv edildiyi haqda informasiya var. İstefada olan türkiyəli general Ərdoğan Qaraquş isə Ermənistanın indiyə qədər 8 min əsgər itirdiyi haqda məlumatlar olduğunu qeyd edib.
Bunun nəticəsidir ki, Ermənistan ordusunda panika, döyüş mövqelərini qoyub qaçma və əsgərlikdən yayınma halları hədsiz çoxalıb. Hətta yad torpaqlarda yaşamaq istəməyən ermənilər artıq Xankəndini belə boşaldırlar. Çünki yerin sahibinin gəldiyini onlar hamıdan çox yaxşı başa düşürlər…
araz.az xəbər portalı.