ilham eliyev 4“Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizə məqbul olmayan maddələr o açıqlamaya salınmalı idi”.

Bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində jurnalistin “Moskva görüşündə Ermənistanın Qarabağdan çıxması üçün bir təqvim və Moskvanın ortaya qoyduğu bir layihə oldumu?” sualına cavabında deyib.

İlham Əliyev bildirib ki, bu təqdim danışıqlar prosesində veriləcək:
“Xeyr, təklif verilmədi, biz də çox israr etməmişdik. Çünki Moskva anlaşmasının açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi də o idi ki, bizə məqbul olmayan maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına oturanda hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və müntəzəm olaraq biz əlaqədə idik. Şərtlərimizi demişdim, o şərtlərdən kənarda bir razılaşma mümkün deyildi. Ona görə də biz vəziyyəti nəzərə alaraq təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq.
Ancaq nə zaman? Artıq müzakirə müddəti çərçivəsində. O açıqlamada göstərildi ki, təməl prinsiplər əsasında – yəni Madrid prinsipləri. O da Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasını təsbit edir – müzakirələr bərpa edilir. Eyni zamanda danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni ki, Ermənistan və Azərbaycan danışıqlar aparacaq. Hər hansı bir sözdə, dırnaqarası Dağlıq Qarabağ nümayəndələrinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bu, bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal danışıqlar başlasın və təqvim bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir, bu, çox uzunmüddətli ola bilməz. Biz 30 il gözləmişik, artıq Azərbaycan xalqının səbri tükənib. Əminəm ki, əgər danışıqlar bərpa ediləcəksə, bu təqvim bizə veriləcək”. 

araz.az xəbər portalı.