“Ermənistanın baş naziri, “Qarabağ Ermənistandır” deyirdin, nə oldu? İndi gəl Cəbrayıla, Füzuliyə, Hadruta, orada de, “Qarabağ Ermənistandır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.
O bildirib ki, Ermənistanın baş naziri İrəvanda oturub bəyanatlar verməklə məşğuldur:
“Azərbaycanın işğaldan azad etdiyi ərazilərə gəl, orada “Qarabağ Ermənistandır” de. Hər gün dünya liderlərinin zəhləsini tökürsən. Niyə demirsən, “Qarabağ Ermənistandır”? Qorxursan? Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır” deyəndə cəsarətli idin.
Kimə arxalanırdın? Bilmirdin, gün gələcək, cavab verəcəksən? Həmin gün gəlir və gəlib. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir. Bunu nümayişkaranə etmələri qanunaziddir.
İndi baxım, görüm, kim gələcək Şuşada məskunlaşmağa? Cəbrayıla Ermənistandan yol çəkirdin ki, qanunsuz yollarla Azərbaycan torpağını zəbt edəsən. Nə oldu? Məqsəd bizim əzəli torpaqlarımızı erməniləşdirmək idi.
Füzuliyə eybəcər bir ad veriblər. O ad sizin başınıza dəysin, cəhənnəmə getsin. “Madagiz” adı da daha yoxdur. Biz bütün adları bərpa edəcəyik.
Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün. İndi köçür görüm, necə köçürəcəksən? Saxta quldur dəstə başçısının “andiçmə” məsasimi keçirdiyiniz yerə bax, darmadağın etmişik oranı. Yeddi şərt qoyurdun, nə oldu? Onun-bunun ətəyindən yapışıb imdad diləyirsən ki, Azərbaycanı dayandırın.
Rədd ol torpağımızdan, dayanaq. Hər gün bunu deyirəm. Sabah “Buradan çıxıram” de, Azərbaycan dayansın. Bizə qan tökmək lazım deyil, bizə torpaqlarımız lazımdır. Azərbaycan xalqını təhqir etmək Ermənistan rəhbərliyinə baha başa gəlir”.
araz.az
araz.az xəbər portalı.