AMİP Siyasi Şurasının üzvü Əli Orucovun Moderator.az-a müsahibəsini təqdim edirik.
Seçki prosesi ölkədə siyasi ehtirasları da, siyasi qüvvələr arasında münasibətləri də getdikcə qızşdırmaqadadır. Baxmayaraq ki, maxalifətin əsas kəsimi seçkilərdən özünü kənarda saxladı. Seçkilərdə öz namizədi ilə iştirakı gözlənilən Azərbaycan Milli istiqlal Partiyası da bu marafona qatılmadı. Həm ölkədəki seçkiərəfəsi mühitlə, həm də didər gündəm mövzuları ilə bağlı partiyanın Siyasi Şurasının üzvü Əli Orucovla fikir mübadiləsi aparmaq maraqlı oldu;
– Əli bəy, 11 apreldə keçirələcək Azərbaycan Respublikası prezident seçkilərinə AMİP-də qatılmadı. Bunu səbəbini Sizdən bir daha eşitmək istərdik.
– AMİP-in prezident seçkilərində iştirak etməsi barədə partiyanın 13 fevral tarixli Siyasi Şurasının qərarı var. Siyasi Şura hərtərəfli və geniş müzakirələrdən sonra qeyri-bərabər siyasi rəqabət mühitini, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olmasını və maliyyə məhdudluğunu əsas gətirərək seçkidə iştirakı məqsədəuyğun hesab etməyib. Düşünürəm ki, bu qərar mövcud şərtləri və reallığı qiymətləndirərək verilən düzgün qərardır.
– Bir zamanlar AMİP ölkənin ən imkanlı, varlı prtiyası idi. İndi necə olur ki, maliyyə problemlərindən şikayətlənirsiniz və seçkidə iştirakdan imtina qərarında bu əsas səbəblərdən biri kimi götürülür?
– AMİP cağdaş Azərbaycanda ilk yaranan və qeydiyyatdan keçən partiya olmaqla yanaşı, bir sıra yeniliklərə və uğurlara imza atıb. Partiyanın proqramında prioritet hədəflərdən biri də milli burjuaziyanın formalaşdırılmasına nail olmaq, orta təbəqini gücləndirmək və dayanıqlı, azad rəqabətə söykənən liberal iqtisadiyyat qurmaqdır. Partiyanın həmin dönəmlərdə varlı olmasının səbəbləri də məhz ölkədə varlı, imkanlı iş adamlarının, orta təbəqənin olması və həmin insanların partiyada çoxluq təşkil etməsi idi. Lakin 1998-ci il prezident seçkilərindən gözlənilməz situasiya ilə üzləşən hakimiyyət təkcə siyasi institutları deyil, müstəqil iş adamlarını və orta təbəqəini total surətdə sıxışdırmağa başladı. Bu da ondan irəli gəlirdi ki, müstəqil iş adamlarının, orta təbəqənin və əhalinin varlı olması hakimiyyətə, onun idarəçilik fəlsəfəsinə nəinki uyğun gəlmirdi, əksinə təhlükə yaradırdı. 2000-ci ildən etibarən müstəqil biznesmenlərə hücumlar artdı,onların bizneslərinə, hətta, mülklərinə əl qoyuldu. Bir qismi müflis edildi, bir qismi həbsxanalara atıldı. Zülfüqarlı qardaşlarının, Şəmsi kimi iş adamlarının acı taleləri buna əyani misaldı. Azərbaycana neft pulları daxil olandan və bu pullar xalqla deyil, məmurlar arasında bölüşdürüləndən sonra orta təbəqə və müstəqil iş adamları tam sıradan çıxarılıdı və ölkədə məmur-oliqarx təbəqəsi yarandı. Bunların da qanunsuz yolla əldə etdikləri külli miqdarda sərvət və pulları itirməmək üçün hakimiyyəti ən çətin anlarda belə müdafiə etmək məcburiyyətindən savayı başqa çıxış yolları qalmadı. Həmişə səkskəsə içində olan, gözükölgəli, rüşvətə və korrupsiyaya bulaşmış məmurları isə idarə etmək və onları nəzarətdə saxlamaq çox asandır. Bu gün ölkədə iki təbə var, bütün maddi nemətlərə sahib və hüdudsuz hökümranlığa sahib bir ovuc məmur-oliqarx və həddindən artıq kasıblaşdırılan, əzilən, haqqı-hüquqları tapdanan əhalinin əksəriyyətini təşkil edən aşagı təbəqə. Bu iki təbəqə arasında isə çox dərin ucurum olduğundan birincilər ikincilərə yuxarıdan aşağı, iknicilər isə birincilərə nifrətlə, kin-kidurətlə yanaşır. Bu gün ölkədə müstəqil iş adamı, biznes mühiti olmadığından partiyalarda da belələri artıq yoxdurlar. Gündəlik dolanışıqlarını min bir zəhmətlə qazana bilən şəxslər də hakimiyyətin yaradacağı real təhlükə və süni problemlə üzləşəcəklərindən, yaxuda təqib-təzyiqlərə məruz qalacaqlarından müxalif partiyalarla məsafə saxlamağa üstünlük verirlər. Digər tərəfdən də hakimiyyət tərəfindən əzilir bu partiyalar. Ona görə də AMİP də daxil olmaqla əsas müxalifət partiyalarının maliyyə dayaqları və qaynaqları tamamilə kəsilib. Hakimiyyətlər tərəfindən ən çox zərbələr isə AMİP-ə dəyib. İstər AXC-Müsavat, istərsə də Əliyevlər iqtidarları bacardıqları qədər AMİP ümumiyyətlə siyasi səhnədən çıxartmağa çalışıblar. Çox təəssüflə qeyd edim ki, Beynəlxalq Demokrat İttifaqı, Avropa Xalq Partiyaları ilə sıx əlaqələri olan, ilk yaranan, ölkənin siyasi kadrlarının yetişdirilməsində mühüm rol oynayan AMİP kimi partiynın oturmağa heç qərargahı da yoxdur. Bütün qərargahlarımızı əlimizdən zorla aldılar. Bu boyda qoc-qocaman partiya Nəsimi Rayon Təşkilatının 50-60 kvadratmetrlik kiçik qərargahında yerləşir. Xaricdən gələn qonaqları bu qərargahda qəbul etmirik ki, acınacaqlı belə bir mənzərə Azərbaycanın adına və beynəlxaql imicinə zərbə ola bilər. Halbuki biz yox, hakimiyyətin özü müxalifət düşərgəsinə yaratdığı biabirçı vəziyyətdən xəcalət çəkib utanmalıdır. Yaxşı, Siz deyn, bu halda prezident seçkiləri kimi ağır və çətin, böyük maliyyə tələb edən bir seçkilərdə AMİP necə iştirak etsin? Təbii ki, bu mümkün deyil.
– Seçkilərdə iştirak üçün bir neçə partiya MSK-ya sənəd verərək qeydiyyatdan keçib. Həmin partiyaların seçkilərə qatılmasını necə qiymətləndirirsiniz? Yeri gəlmişkən, bəzi müxalifət partiyaları seçkilərdə iştirak edənləri qınayaraq, onları hakimiyyətə legitimlik qazandırmaqda günahlandırıb.
– Hər bir partiya qərarlarında sərbəstdir və siyasi kurslarını da bu kursa uyğun taktiki-stateji planlarını da özləri müəyyənləşdirir. Heç kimi də bu seçkilərdə iştirak etməyə görə qınamıram. Hər kəsə gün kimi aydındır ki, həmin partiyalar və şəxslər prezident seçkilərində mübarizə aparamaq, özlərini, yaxud da öz partiyalarının gücünü sınamaq üçün getmirlər. Ölkədə azad və demokartik seçkilər olmadığından zatən bu mümkün də deyil. Azərbaycanda seçki yox, seçki tragikomediyası oynanılıb və hakimiyyətdan başqa digər iştirakçılar bu oyunda sadəcə ya dekorasiya kimi istifadə olunur, ya da epizodik rolları ifa edir. Seçkilərdə iştirak üçün maliyyə, insan resurursları və texniki təminat mütləqdir. Bunların isə heç biri YAP-dan başqa digər alternativlərdə yoxdur.Təkcə bir faktı deyim. Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytına daxil olub qeydiyyatdan keçən partiyaların illik maliyyə hesabatlarına diqqət yetirsəniz görərərsiniz ki, İ.Əliyevə özünü alternativ sayanların əkəsriyyəti ümumiyyətlə maliyyə cəlb edə bilməyib. Heç üzvülük haqlarını yığa bilməyib. Məntiqi nəticə nəticə odur ki, bu partiyaların heç “ayaq üstə olan” ya üzvləri yoxdur, ya da verdikləri hesabat saxtadır. Yaxşı sual olunur ki, bu iddiaçılar nəyə ümid olub və hansı resurslarla seçkilərdə iştirak edəcəklər?İllər ərzində bir manat da olsun üzvülük haqqı yığa bilməyən, hansısa maliyyə cəlb edə bilməyən, kağız üzərində formal fəaliyyət göstərən həmin alternativlərin də “seçki kampaniyasını” iqtidarın özü aparacağına şübhələr yaranır. Əvvəlki seçkilərdə də belə olub. Seçki qanunvericiliyində legitimlik deyə bir anlayış yoxdur. Bu siyasi yanaşmadır. Alternativdən söhbət gedir ki, bunu da bayaq dediyim həmişəki kimi iqtidar özü formal olaraq yaradacaq. Yoxsa indi seçkilərə qatılanlara qalsa onlar heç bir resurs olmadan indiki hallarında nəinki prezident, parlament, bələdiyyə, hətta, məhəllə seçkilərində mübarizə apara bilməzlər. Amma bütün bunlara rəğmən hər kəsin seçiminə hörmətlə yanaşıram.
– BAXCP sədri Qüdrət Həsənquliyev müsahibələrinin birində bildirib ki, təsəvvür edin futbol üzrə Çempionlar Liqası keçirilir və Azərbaycandan da “Qarabağ” qatılır. “Qarabağ”ın “Barselona”, “Çelsi”, “Real” Madridi udacağı qeyri-realdır. Onda gəlin komandamızı qınayaq ki, “Qarabağ” bu yarışa niyə qatılır?” BAXCP sədri müxalifətin zəif olduğunu etiraf etməklə yanaşı, bundan çəkilib kənara durmağı da çıxış yolu saymayıb. Bəlkə Qüdrət bəyin bu mövqeyi daha praqmatikdir?
– Partiya və şəxsi maraqları kontekstindən baxıldıqda Qüdrət Həsənquliyevin mövqeyini praqmatik sayamaq olar. Lakin seçki institutları və seçki sistemi sıradan çıxarılacaqsa, hakimiyyət qollarını xalqın iradəsi ilə formalaşdırılması mümkün olmayacaqsa, bu əskinə qorxulu tendensiyadır. Problemin kökü müxalifətin zəif, iqtidarın güclü olmasında deyil. Problem seçki mühitinin, azad və bərabər rəqabətin olmamasındadır. Futbol dili ilə danışsaq komandalar mübarizə aparması üçün beynəlxalq standartlara uyğun statdion olmalıdır, sahəyə çıxacaq oyunçuları komandaların özləri müəyyənləşdirməlidir, oyun qaydaları hamı üçün bərabər tətbiq olunmalıdır. Oyunu ədalətli hakim idarə etməlidir və s.
Xatırlayırsınızsa, ötən il UEFA Çempionlar Liqasının növbəti qrup mərhələsində “Çelsi”-“Qarabağ” futbol klubları arasında keçirilən qarşılaşmada portuqliyalı hakim Manuel De Sousanın R.Sadıqova qırmızı vərəq göstərib oyundan çıxarması və təmsilçi komandamızın qapısına cərimə zərbəsi təyin etməsi ciddi təpkilər yaratdı. Hakimin qeyri-obyektiv qərarına beynəlxaql futbol ictimaiyyəti, hətta “Çelsi”nin azarkeşləri də isti yanaşmadılar, bunu qınadılar.Daha heç kim demədi ki, “Qarabağ” klubu “Çelsi”dən qat-qat zəif komanda idi və məğlubiyyəti də qaçılmaz idi. Siz baxın uzun illərdi ki, Azərbaycan iqtidarı da xalqa məhz hakim Manuel de Sousa kimi yanaşır. Onu dövlətin idarə edilməsindən, “hakimiyyətin mənbəyidir” haqqından kənarda saxlayır. Etirazını, bildirənlər isə cəzalandırılır. Azərbaycanın Seçki Komissiyalarının və məhkəmələrinin 90 faizinın çıxardığı qərarlar portuqaliyalı hakimin qərarlarından betərdi. Faciəvi hal bütöv bir millətin və xalqın məğlub duruma salınması və bu prosesin də illər uzunu davam etdirilməsidir.Bir futbol komandasının timsalında gördünüzmü haqsızlıq, ədalətsizlik insanları nə qədər incidir, ruhdan salır, gələcəyə inamını sarsıdır, hətta aqresivləşdirir?! Əgər belə hallar cəmiyyətdə baş verərsə bu təhlükələrə və vahim nəticələrə gətirib çıxara bilər. Nə yazıqlar ki, ölkəmizdə real mənzərə buna çox bənzəyir.
– Aqressivləşmə demişkən, cəmiyyət həqiqətən də öz hirsini çıxmağa sanki ünvan axtarır. Yazıçılar Birliyinin sədri Anarın prezident İ.Əliyevin dəstəklənməsi çağırışı gözlənilməz reaksiyalar doğurdu.Hətta onun kitablarını yandırmağadək bu qarşıdurma davam etdi…
– Kitab müqəddəsdir. Ona hörmətlə yanaşmaq lazımdır. Mən bu cür çağrışları və hərəkətləri yanlış sayıram. Anar görkəmli yazıçılarımızdandır, tanınmış, hörmətli nəslin nümayəndəsidir. Lakin insanlarda hazırkı idarəçiliyə qızğınlıq, antipatiya o qədər şiddətlidir ki, bəzən bu əndazələri də, etik qaydaları, milli dəyərlərimizi də keçir. Buna qətiyyən yol vermək olmaz. Bununla belə indiki vahim mənzərənin yaranmasında ziyalıların da məsuliyyət daşıdığının üzərindən sükutla keçmək olmaz. Ziyalı, yazıçı, şair, din xadimi haqqın-ədalətin, millətin xaqlın, əzilən kütlənin yanında yer almalıdır. Onlara doğru yol göstərməli, ictimai siniflər və qarşıduran tərəflər arasında körpü olmalı, vasitəçi, barışcıl yer tutmalıdır. Təəssüflə deməliyəm ki, Azərbaycanda belə ziyalılarımız, ağsaqqal hesab edə biləcəyimiz şəxslər, Allahın buyurduqlarına əməl edəcək din adamlarımız barmaqla sayılacaq saydadır. Bir qismi mandata,”orden”, “medala”, “fəxri adlara” və təqaüdlərə, eləcə də, şəxsi çıxarlarına görə sarayı məddahlıq yarışına çıxıb. Bir qismi də qorxudan, biganəlikdən yanadırlar. Yanlış hesab etdiyim”kitab yandırma” aksiyasına qarşı sərt təpki göstərən hörmətli yazıçımız Anarın, Çingiz Abdullayevin və digərlərinin nədənsə illər uzunu bu millətin “atasına od qoyanlara”, xalqı soyanlara, saxtakarlara, talançılara və zülümkarlara qarşı bir dəfə də olsun etiraz səsləri eşidilməyib. Mənim üçün kimliyindən asılı olmayaraq hər bir insanın taleyi hər şeydən qiymətlidir. Öncə bu məmləkətin insanlarını qorumaq lazımdır ki, Anarların, Çingizlərin və sairlərin yazdıqları əsərləri də, kitabları da oxuya bilən olsun.
– Prezidentliyə YAP-ın namizədi İ.Əliyevin dəstəklənməsi ilə bağlı çağırış təkcə Anardan gəlmədi. Həm də bu onu mövqeyinin ifadəsi idi. Cəmiyyətin digər təbəqələrindən, ictimaiyyətin nümayəndələrindən də, hətta QMİ sədri A.Paşazadə də belə çağırış edilməsinə baxmayaraq, nədənsə belə sərt təpkilərlə üzləşmədi. Sizcə bu, fəqrliliyin səbəbi nədir?
(davamı var)
Millət
araz.az xəbər portalı.