amea.jpg


İsmayıl Məmmədli: “Hazırda işçi qrupu ictimaiyyət tərəfindən daxil olan müraciətlərə, sorğulara, rəylərə baxır”
Buludxan Xəlilov: “İşçi qrupunun üzvlərinə, digər dilçilərə də müsbət təsir edən məsələ cəmiyyətin hər bir üzvünün “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na göstərdiyi reaksiyadır”

Son iki aydır respublika ictimaiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim edilən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini müzakirə edir. Məlum olduğu kimi, yeni orfoqrafiya qaydaları layihəsi yerli KİV-də nəşr edildikdən sonra onun haqqında daha çox ziddiyyətli fikirlər meydana çıxmağa başlayıb.

Qeyd edilənə görə, yeni qaydalarla bağlı AMEA-nın Orfoqrafiya Komissiyasına saysız müraciətlər daxil olub. Komissiyaya təqdim edilən rəy və fikirlərin isə əsasən mənfi olduğu bildirilir. AMEA-nın Orfoqrafiya Komissiyasından mətbuata verilən məlumata görə, Orfoqrafiya Komissiyasının açıq müzakirəyə təqdim etdiyi “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə çoxlu rəylər, fikirlər mövcuddur.

Nəsimi adına Dilçilik İnstitutundan aldığımız məlumata görə, müzakirələrə müxtəlif sahələrdə çalışan sadə Azərbaycan vətəndaşları, media nümayəndələri, sosial şəbəkələrin təmsilçiləri, yazıçılar, tanınmış dilçi alimlər qatılırlar. İnstitutun şöbə müdirlərindən birinin qəzetimizə verdiyi məlumata görə, AMEA-nın Orfoqrafiya Komissiyasına və Nəsimi adına Dilçilik İnstitutuna çoxlu sayda yazılı və şifahi müraciətlər daxil olub. Məlumata görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb. Qeyd edilənə görə, işçi qrupu “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

Xatırladaq ki, Orfoqrafiya Komissiyasının tərkibinə ölkəmizin tanınmış dilçi alimləri – akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə ediləcək. Sonra qəbul edilən dəyişikliklər təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanıb nəşri üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.

Orfoqrafiya qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.

Sözügedən məsələ ilə bağlı yaradılan işçi qrupunun fəaliyyəti, hazırda nə kimi işlər görməsi ilə bağlı işçi qrupu üzvləri ilə əlaqə saxladıq.

Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının və işçi qrupunun üzvü,  professor İsmayıl Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinin müzakirəsinə ictimaiyyət aktiv  qoşulub: “Bu layihə ictimai müzakirəyə verildi. Deyim ki, layihənin müzakirəsinə çoxlu sayda insan qoşulub. Onlar arasında ziyalılar, dilçilər, sadə vətəndaşlar, jurnalistlər var. Bizə çoxlu müraciətlər, rəylər daxil olub. Hazırda işçi qrupu ictimaiyyət tərəfindən daxil olan müraciətlərə, sorğulara, rəylərə baxır. Hələ yekun nəticə yoxdur. Çünki iş davam edir. Güman edirəm ki, bəlkə tədqiqat, araşdırma işləri martda başa çatdı. Ancaq bu hələ dəqiq deyil”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, Dövlət Dil Komissiyasının və işçi qrupunun üzvü, professor Buludxan Xəlilov bildirdi ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupunun yaradılması zəruri idi. B.Xəlilovun sözlərinə görə, dillə bağlı bu qədər reaksiyanın olması cəmiyyətin bütün kəsimlərinin dilimizin taleyinə biganə qalmadığını göstərir: “Bu məsələ ilə bağlı ictimaiyyət tərəfindən çoxlu rəylər, fikirlər, təkliflər var. Bununla yanaşı, mənim özümə də nə qədər insan zəng edib fikir və təkliflərini bildirirlər. Əsasən də əsgər, əsginas, qoşa “yy” samiti ilə yazılan sözlərlə əlaqədar fikir bildirirlər. İşçi qrupu daxil olan sorğular, müraciətlərlə bağlı statistik hesablamalar aparacaq. Bu hesablamaları həm işçi qrupunun üzvləri, həm də tanınan dilçi alimlər həyata keçirəcək. Bütün hesablamalar sona yetdikdən sonra ümumi rəyə gəlinib yekun qərar qəbul ediləcək. Layihə ilə bağlı müraciət edən insanlar müxtəlif təbəqələri təmsil edir. Müraciət edənlərin bir qismi ziyalılardır, bir qismi orta və ali məktəblərdə işləyən dilçilərdir, bir qismi isə tamamilə bu sahəyə aid olmayan insanlardır. Onlar da fikir və rəylərini əsasən “Facebook” və digər sosial şəbəkələrdə bildirirlər. Bizə daxil olan bütün müraciətlərə baxılacaq. Deyim ki, daxil olan fikirlər həddən artıq müxtəlifdir”.

B.Xəlilov qeyd etdi ki, daxil olan müraciətlərin, fikir və rəylərin araşdırılmasının uzanmasına təbii yanaşmaq lazımdır. O hesab edir ki, bütün müraciətlərə həssaslıqla yanaşıldığı üçün, vaxt bir qədər uzanır: “Hər müraciətin arxasında böyük bir sosial təbəqə var. Odur ki, bütün rəylər qruplaşmalı, ümumiləşməlidir. İşçi qrupunun üzvlərinə, digər dilçilərə də müsbət təsir edən məsələ cəmiyyətin hər bir üzvünün “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na göstərdiyi reaksiyadır. Bu çox müsbət haldır ki, dilin taleyi hər bir vətəndaşımızı düşündürür. Əslində, bu məsələlər dil düşüncəsini ortalığa çıxarır. Bəzən deyirlər ki, cəmiyyətdə dil düşüncəsizliyi var, kim necə istəyirsə, elə də danışır. Ancaq cəmiyyətin ayrı-ayrı təbəqələrinin orfoqrafiya lüğəti ilə bağlı fikir bildirməsi onu göstərir ki, demək, cəmiyyətdə dilin taleyini düşünənlər var. Bu gün həm ziyalılar, həm mütəxəssislər, həm də sadə vətəndaşlar bu düşüncəni ortaya qoyurlar. Bax, bu dil düşüncəsinin özü işçi qrupunu da, orfoqrafiya lüğəti layihəsini hazırlayanları da düşündürür, bu işin məsuliyyətli bir iş olduğunu hiss etdirir. Bu baxımdan, o təhlillərin əhəmiyyəti böyükdür. Cəmiyyətin verdiyi reaksiya, fikir və rəyləri işin daha da məsuliyyətli görülməsinə müsbət təsir edəcək. Yoxsa bu lüğət tələm-tələsik çap olunsaydı, faydası olmazdı. Mən özüm bir dilçi alim kimi ayrı-ayrı təbəqələrə mənsub insanların fikirlərini ayrıca bir qovluğa toplamışam. O müraciətləri araşdırıram, təhlillər aparıram. Birdən elə təklif ola bilər ki, həqiqətən də onun bizim işimizə xeyri olar”. 

baki-xeber.com

araz.az xəbər portalı.